COP29 ərəfəsində həmin qüvvələr Azərbaycana qarşı çirkin əməllərini davam etdirəcəklər
Ancaq heç bir qarayaxma kampaniyası, heç bir təxribat cəhdi Azərbaycanı öz yolundan, haqq yolundan döndərə bilməz
Ancaq heç bir qarayaxma kampaniyası, heç bir təxribat cəhdi Azərbaycanı öz yolundan, haqq yolundan döndərə bilməz
Son vaxtlar keçmiş separatçılar və onlara havadarlıq edən beynəlxalq hüquq müdafiəçiləri yenidən fəallaşıblar. Onlar sülhü təhdid edən açıqlamalarla gündəmə gəlməyə çalışırlar.
Ölkəmizə qarşı qərəzli və çirkin kampaniyada liderlik edən argentinalı hüquqşünas, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo dünya ermənilərinə Azərbaycanda keçiriləcək COP29-a qarşı kampaniyaya başlamağa çağırış edib.
Okampo Ermənistandan olan bir sıra QHT-lərin nümayəndələri və Qarabağ separatçıları ilə görüşüb. Növbəti dəfə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hədəfə alan Okampo öz sayıqlamasında bir az da irəli gedərək separatçıları Azərbaycana qarşı döyüşə səsləyib, onları “torpağın sahibləri” adlandırıb. Təxribatçı çıxışında Azərbaycanın Qarabağ iqtisadi rayonunun adını da təhrif edib.
Sitat: “Azərbaycan nə qədər bunun əksini iddia etsə də, “Artsax xalqı” (separatçılar – red.) torpağın sahibidir və hər şey bizim döyüşə nə qədər hazır olmağımızdan asılı olacaq”.
Qeyd edək ki, Luis Moreno Okampo 44 günlük Vətən müharibəsindən sonra xaricdəki erməni diasporunun maliyyəsi ilə üzə çıxarılan provakatorlardan biridir. Xüsusilə ötən ilin sentyabrında baş tutmuş antiterror tədbirlərindən öncə və sonra Azərbaycana qarşı təxribatçı və separatçı fəaliyyətini genişləndirməyə cəhd etmişdi. Bütün təxribatçı səyləri nəticə verməyən Okampo COP29 ərəfəsində yenidən fəallaşdırılıb. Təsadüfi deyil ki, onun separatçı ünsürlərlə görüşündə müzakirə etdiyi məsələlərdən biri də bu olub. Görünür, COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etməsi ermənilərlə yanaşı, o da özünə dərd edib.
Maraqlıdır ki, hazırda Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün kifayət qədər ciddi addımlar atılıb və prosesin müsbət sonluqla yekunlaşacağına dair hər iki ölkədə kövrək də olsa inam var. Belə bir ortamda Luis Moreno Okampo yenidən aranı qarışdırmağa çalışır.
Siyasi şərhçi Azər Niftiyev isə “Sherg.az"a açıqlamasında deyib ki, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər təkcə Ermənistanın deyil, onun xaricdəki havadarlarını və dünyada ciddi nüfuz əldə edən erməni lobbisini çox ciddi narahat edir:
“44 günlük müharibə və bir günlük antiterror əməliyyatında Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra erməni separatçılarının xaricdəki dayaqları Azərbaycana qarşı qarayaxma kampaniyalarını dava etdirirlər. Erməni dairələri və onların xaricdəki lobbilərinin, həmin lobbilərinin maliyyəsi ilə hərəkət edən qüvvələrin, Luis Moreno Okampo kimi satılmış şəxslərin də açıqlamalarından bu yanlış siyasətin davam etdirildiyi göstərilir. Qarabağ tarixi Azərbaycan torpağıdır. Bunu Ermənistan rəhbərliyi də dəfələrlə etiraf edib, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. 10 noyabr 2020-ci il tarixində üçtərəfli kapitulyasiya Aktı imzalanıb. Bütün bunlardan sonra separatçılar tərəfindən bu cür bəyənatların səsləndirilməsi heç bir əhəmiyyət kəsb etmir. Əslində, onlar da bu çabalarının boşuna olduğunu bilirlər, sadəcə, ürək bulandırırlar”.
Siyasi şərhçinin sözlərinə görə, COP29 beynəlxalq tədbiri ölkəmizdə bütün keçirilən beynəlxalq tədbirlər kimi yüksək səviyyədə keçiriləcəkdir: “Dünyada iqlim dəyişikliyi mövzusunun böyük aktuallıq kəsb etdiyi bir şəraitdə Azərbaycanın bu cür böyük tədbirə ev sahibliyi etməsi düşmən qüvvələri narahat etməyə bilməz. Döyüş meydanında tarixi zəfər qazanan Azərbaycanın mövqeyi beynəlxalq münasibətlər sistemində də əhəmiyyətli dərəcədə güclənib. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və qətiyyətli siyasət dünyanın əsas güc mərkəzləri tərəfindən ehtiramla qarşılanır”.
COP29 ərəfəsində separatçıların və beynəlxalq provakatorların ölkəmizə qarşı təzyiq və təhdid xarakterli bəyanatlarının davam edəcəyini vurğulayan A.Niftiyev deyib ki, ortada Azərbaycan prezidentinin siyasi iradəsi var. Heç bir qarayaxma kampaniyası, heç bir təxribat cəhdi Azərbaycanı öz yolundan, haqq yolundan döndərə bilməz: “Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət kursu dünyada bir-birinə qarşı duran qütblər tərəfindən də müsbət qiymətləndirilir. Azərbaycanın müxtəlif güc mərkəzlərindən bərabər məsafədə mövqe seçməsi, ikitərəfli münasibətlərdə bərabər hüquq, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalması, eyni zamanda ikitərəfli əməkdaşlığın heç bir halda üçüncü tərəfi hədəfə almaması reallığı beynəlxalq aləmdə dövlətimizə və onun rəhbərinə olan loyal münasibətin formalaşmasını şərtləndirən əsas amillərdir.
Kollektiv Qərb və antiqərb koalisiyasının bir-biri ilə gərgin münasibətlərdə olduğu bir dövrdə Azərbaycan prezidentinin qərb ölkələrinə səfərləri olub və hər birində də yüksək səviyyədə qarşılanıb. Eyni zamanda bu yaxınlarda ölkəmizdə səfərdə olan Rusiya Prezidenti Vladimir Putin Bakını regionun vahəsi, oazisi adlandırdı. Dünyada liderlik uğurunda mübarizə aparan və demək olar ki, buna nail olan ÇİN Xalq Respublikasının sədri Si Cinpin İlham Əliyevin “Bir kəmər, bir yol” layihəsinin qurulmasındakı rolunu yüksək qiymətləndirib. Bilirsiniz ki, bu layihə təkcə nəqliyyat layihəsi deyil, bu, sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən layihədir. Azərbaycanın yeritdiyi bu siyasət, günü-gündən artan nüfuzu da erməniləri narahat etməyə bilməz. Ölkəmizin uğurlarını gözü götürməyən, qarayaxma və iftiralarla dövlətimizin müsbət beynəlxalq imicinə kölgə salmaq istəyən ermənipərəst qüvvələr və onlarla əlbir olan beynəlxalq quurmların iddiaları da bundan qaynaqlanır”.