İctimaiyyət xəbərsiz olsa da, Azərbaycan və Ermənistan arasında danışıqlar davam etdirilir
"Hazırda Nikol Paşinyan əleyhinə istifadə olunan arqumentlər var. Onların üzərinə payızda ehtimal edilən etiraz aksiyalarını və Zəngəzur dəhlizini də əlavə etsək, bunlar Paşinyan üçün ciddi başağrısına çevrilə bilər".
Bu barədə “Sherg.az”a politoloq Natiq Miri deyib.
Ekspert vurğulayıb ki, dəhliz və kommunikasiya məsələsinin sonrakı mərhələyə saxlanılması qərarı doğru və anlaşılandır:
"İndi bu və ya digər formada Azərbaycan və Ermənistan arasında danışıqlar davam etdirilir. Doğrudur, ictimaiyyət bunu görmür. Ancaq ikitərəfli kanallar açıqdır və sülh müzakirələri aparılmaqdadır. Məhz bu danışıqların nəticə olaraq Zəngəzur dəhlizi və kommunikasiya məsələləri sülh sazişindən çıxarılıb. Bu, o deməkdir ki, bütün əngəlləri tədricən aradan qaldırmaqla sülh sazişinin imzalanmasının önü açılır. Əslində, Qərbin, ABŞ-nin istəyi də bundan ibarətdir. Çünki Bayden Administrasiyasının prezident seçkisinədək həm Azərbaycan-Ermənistan münaqişəsində, həm də İsrail-İran müharibəsində kiçik də olsa siyasi uğura ehtiyacı var. Vaşinqtonun sülhə bağlı çağırışlarının da məqsədi budur".