Qars-İğdır-Naxçıvan dəmiryolunun inşası regionda nəqliyyat şəbəkəsinin genişləndirilməsi baxımından vacibdir
Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin son görüşündə “İğdır-Naxçıvan-Qars” dəmiryolu xəttinin çəkilməsinin yaxın zamanda başa çatacağı bəyan edilib.
Yeni dəmiryolu xəttinin istifadəyə verilməsi nələr vəd edir?
Mövzunu şərh edən millət vəkili Vüqar Bayramov “Sherg.az"a açıqlamasında deyib ki, Qars-İğdır-Naxçıvan dəmiryolunun inşası regionda nəqliyyat şəbəkəsinin genişləndirilməsi baxımından vacibdir
“Bu dəmiryolu xətti Naxçıvan vasitəsilə Türkiyə və Avropaya çıxış imkanlarını artıracaq. Sözügedən dəmiryolu xətti Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacaq. Bu isə Naxçıvan daxil olmaqla, Azərbaycan üzərindən daşınan yüklərin həcmini artıracaq. Nəticədə beynəlxalq yükdaşımalardan əldə olunan gəlirin həcmi əhəmiyyətli dərəcədə çoxalacaq.
Yeni xətt, həmçinin Azərbaycanın beynəlxalq geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə imkan yaradacaq. Qars-İğdır-Naxçıvan dəmiryolunun inşası Naxçıvandakı iş adamları üçün geniş imkanlar açır ki, istehsal olunan məhsullar daha geniş bazarlara çıxarılacaq”.
V.Bayramovun sözlərinə görə, qarşıda duran əsas məsələlərdən biri Zəngəzur dəhlizinin açılması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru nəqliyyatının bərpasıdır: “Azərbaycan Zəngəzur dəhlizinin öz ərazisində olan hissəsinin tikinti-quraşdırma işlərinin artıq 80 faizdən çoxunu yekunlaşdırıb, amma təəssüf ki, Ermənistan tərəfindən hələlik ciddi addımlar atılmayıb.
Qafqazdakı son düzən və eləcə də nəqliyyatın inkişafı ilə bağlı Azərbaycanla Türkiyə arasındakı anlaşmalar ondan xəbər verir ki, yaxın gələcəkdə Zəngəzur dəhlizinin istifadəyə verilməsi istisna deyil”.