Ermənistanın baş naziri Nikol Paşinyanın yalan, manipulyasiyavə regional həqiqətləri təhrif xarakterli çıxışları Azərbaycanda ciddi narazılıq doğurub.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Baş naziri Nikol Paşinyanın 31 avqust tarixli mətbuat konfransında ölkəmizə qarşı səsləndirdiyi iddialara dair şərhində bildirib ki, Azərbaycanın guya İtaliyadan silah aldığı barədə Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən səslənən iddia həqiqəti əks etdirmir. XİN rəsmisi N. Paşinyanın Azərbaycanın hərbi büdcəsi ilə bağlı dediklərinin də beynəlxalq təşkilatların məlumatları ilə ziddiyyət təşkil etdiyini vurğulayıb:"Ermənistan tərəfinin guya Azərbaycanın hərbi büdcəsinin ölkənin ümumi daxili məhsulunun (ÜDM) 14-15%-ni təşkil etdiyini və bunun Ermənistandan qat-qat çox olduğunu bildirməsi aidiyyəti beynəlxalq təşkilatların hərbi büdcə ilə bağlı yaydıqları məlumatlara tamamilə ziddir və bu dəfələrlə şişirdilmiş rəqəmdir. Bununla yanaşı, Ermənistanın hərbi xərclərini ötən illə müqayisədə 46% artırması Ermənistanın militarizasiyasını sübut edən növbəti göstəricidir”.
Strateji Araşdırmalar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov isə "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı və 1918-ci il Istiqlal Bəyannaməsində Ermənistana qarşı ərazi iddiası mövcud deyil:
"O ki qaldı tarixi torpaqlara, biz bilirik hansı ərazilər nə zaman Ermənistanın tərkibinə qatılıb. Bu faktlar Azərbaycanın qanunvericiliyində Ermənistana qarşı ərazi iddialarının olması mənasına gəlmir. Hər hansı sənədi Konstitusiyadan üstün tutmağa çalışan Paşinyan bilməlidir ki, heç bir beynəlxalq saziş dövlətin ali qanunundan üstün deyil. Azərbaycanla Ermənistana arasında davamlı sülhün hökm sürməsi üçün əsas şərt Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına son qoyulmasıdır".
İ. Hüseynov deyib ki, Paşinyanın Azərbaycanın İtaliyadan silah-sursat alması barədə iddiaları cəfəngiyyatdır. Azərbaycan İtaliyadan nəqliyyat xarakterli təyyarə alıb, bu da silah deyil. Amma Ermənistan Fransadan, ABŞ-dan, Hindistandan və digər ölkələrdən öldürücü silahlar alır. Eyni zamanda Azərbaycanla sərhəddə müdafiə istehkamları qururlar. Ermənistanin müharibəyə hazırlığı kimi görünən bu proses də gərginliyin artmasına rəvac verir. Eskalasiya risklərini çoxaldır.
Politoloqun fikrincə Ermənistanın Minsk Qrupunun bərpasına yönələn cəhdləri Azərbaycana qarşı gizli gündəmin mövcudluğunu nümayiş etdirir:
"Ermənistanın baş naziri tarixin arxivinə göndərilmiş ATƏT-in Minsk qrupunun bərpasına yönəlmiş fikirlər səsləndirir. Bu həm sərhəd təhlükəsizliyi, həm də sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Komissiya nın işinə də zərbə vurur. Kommunikasiya məsələsinə gəldikdə, Ermənistan 30 il Naxçıvanı blokada vəziyyətində saxlayıb. Paşinyan hakimiyyətə gəldikdən sonra da blokada davam edib. İndi Ermənistan öz maraqları çərçivəsində blokadanın açılmasından danışır ki, bu da riyakarlıqdan başqa bir şey deyil. Əvvəlcə Ermənistan xoş niyyət göstərməli, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında kommunikasiyanın açılmasına imkan yaratmalı, sonra isə digər nəqliyyat məsələlərinə baxıla bilər. Azərbaycan öz vətəndaşlarını Ermənistanın ümidinə buraxa bilməz, çünki Ermənistanın bu halda necə davrandığı hamıya məlumdur".