Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində seçici fəallığı 37,27 faiz təşkil edib. Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi brifinqdə deyib. O, sayılmış bülletenlərin sayının 2196771 olduğunu qeyd edib.
MSK sədrinin sözlərinə görə, Mərkəzi Seçki Komissiyasına heç bir müraciət olmayıb. O bildirib ki, hər hansı şikayət olarsa şəffaf şəkildə və ətraflı araşdırılacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Vətəndaş Cəmiyyəti Uğrunda Seçki Müşahidə Koalisiyasının Müşahidəçisi, “Yaşıl Dünya” Ekoloji Maariflədirmə İctimai Birliyinin sədri Elman Cəfərli dünən baş tutan parlament seçkiləri ilə bağlı təəssüratlarını “Sherg.az”-la bölüşüb:
“Vətəndaş Cəmiyyəti Uğrunda Seçki Müşahidə Koalisiyasının nümayəndəsi olaraq Milli Məclisə növbədənkənar seçkiləri Bakının Xətai rayonu ərazisində müşahidə edirdim. 33, 34, 35, və 36 saylı seçki dairərələrinin müxtəlif məntəqələrində oldum. Özüm 34 saylı dairənin 12-ni məntəqəsində səs verdim. Sonra müşahidə etmək üçün müxtəlif məntəqələrə getdim. 34 saylı ikinci seçki dairəsinin 9-cu məntəqəsində daha çox seçici fəallığının şahidi oldum. Ümumən seçki sakit şəraitdə keçdi. Məntəqə komissiyasının üzvləri tərəfindən seçki prosesi seçicilərə izah edilirdi. Seçicilərə hər hansı təsirin, yönləndirmənin şahid olmadım. Seçkinin müşahidə edən müxtəlif vətəndaş cəmiyyəti təmsilçilərinin, jurnalistlərin işləməsinə normal şərait yaradılmışdı. Əksər seçki məntəqələrində soyutma sistemi olmadığından komissiya üzvlərinin çətinlik çəkdiyini gördüm. Müxtəlif dövrlərdə keçirilən seçkilərdə namizəd, müşahidəçi, MSK mətbuat qrupunun üzvü, jurnalist kimi iştirak etmişəm. Deyərdim ki, müstəqil Azərbaycanın tarixində ən sakit parlament seçkiləri baş tutdu. Bu seçki həm də onunla yadda qaldı ki, ilk dəfə olaraq qanunverici orqana seçki suveren hüquqlarımıza daxil olan bütün ərazilərimizdə keçirildi”.