Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini ictimaiyyətə təqdim edib.
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri olan Polad Bülbüloğlu 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən 55.9 faiz səslə öndədir. P.Bülbüloğlu 2006-cı ildən Azərbaycanın Rusiyadakı səfiri idi. Ondan başqa daha 3 diplomatımız parlament seçkilərində iştirak edir və onlar da öz dairələrində liderdirlər.
Onlardan biri ölkəmizin NATO-dakı keçmiş nümayəndəsi Qaya Məmmədovdur. O, 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürüb və hazırda 51 faiz səslə öndədir.
Azərbaycan Xarici İşlər Nazirliyinin Linqvistik Təminat İdarəsinin müdiri Rizvan Nəbiyev 49 saylı Abşeron ikinci seçki dairəsində 46.7 faiz səslə rəqiblərini üstələyir. 49 yaşlı R.Nəbiyev əvvəllər Azərbaycanın Almaniyadakı səfirliyində müşavir olub.
Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəri Zaur Şükürov isə 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsində 44.5 faiz səslə irəlidədir.
Mövzu ilə bağlı fikirlərini “Sherg.az”la bölüşən sabiq xarici işlər naziri Elmar Məmmədyarov söyləyib ki, ilk növbədə Milli Məclisin birinci iclası keçirilməli, rəhbərlik seçilməlidir:
“Bundan sonra həmin şəxslərin fəaliyyəti haqqında nə isə demək mümkündür. Sadəcə olaraq həmin şəxslərin dördünün də çox peşəkar diplomat olduğunu deyə bilərəm. Eyni zamanda, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə çox gözəl insandır və təcrübəlidir.Çünki Fariz İsmayılzadə Xarici İşlər Nazirliyi sistemindən çıxıb. Digər şəxslər də çox yaxşı insan və diplomatdırlar. Hesab edirəm ki, həmin şəxslər Milli Məclisin fəaliyyətinə böyük dəstək olacaqlar”.