Azərbaycan və Malayziya rəsmiləri görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Milli Məclisin növbədənkənar seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Malayziya Senatının sədrinin müavini Nur Cazlan Məhəmmədin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə "Sherg.az"a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan-Malayziya ikitərəfli və çoxtərəfli əlaqələri, cari ilin 1 sentyabr tarixində Milli Məclisə növbədənkənar seçkilər prosesi və nəticələri, habelə regional məsələlər müzakirə olunub.
Nazir bu ilin əvvəlində keçirilmiş Prezident seçkiləri kimi, Parlament seçkilərinin də azad, ədalətli və şəffaf keçirilməsi üçün ardıcıl, sistemli və intensiv şəkildə atılan addımlar, eləcə də beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakı ilə bağlı tədbirlər barədə qarşı tərəfə məlumat verib.
Prezident seçkilərindən sonra parlament seçkilərinin də ilk dəfə olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərini əhatə etməsinin tarixi bir məqam olduğu vurğulanıb. Seçkilərin qanunvericiliyin tələbləri əsasında, beynəlxalq standartlara tam cavab verən, yüksək səviyyədə təşkili üçün müvafiq şəraitin yaradıldığı qeyd olunub.
Görüşdə Azərbaycan və Malayziya arasında əməkdaşlıq məsələləri, ikitərəfli əlaqələrin, o cümlədən turizm və təhsil sahəsində birgə səylərin inkişaf etdirilməsi perspektivləri nəzərdən keçirilib. Ötən ilin iyul ayında Xarici İşlər Nazirlikləri arasında Kuala Lumpurda keçirilmiş siyasi məsləhətləşmələrin davamı olaraq, yaxın vaxtlarda növbəti məsləhətləşmələrin Bakıda keçiriləcəyi bildirib. İki ölkə arasında müxtəlif regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həyata keçirilən uğurlu əməkdaşlıq təcrübəsi qeyd edilib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.