“Qadın deputatlardan heç bir gözləntimiz yoxdur” -Sosioloqdan SƏRT TƏNQİD

Lalə Mehralı: “Səsi çıxmayan qadın deputatlarımız var ki, varlıqları ilə yoxluqları bilinmir" 

"Elə deputat olacaqlarsa, 26 yox, 86 qadın deputat olsa da xalqa, vətəndaşa heç bir yararları dəyməyəcək"


  Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələri açıqlanıb. Bu, seçki məntəqələrinin 91 faizini təşkil edib. Daha öncə cəmiyyətdə tez-tez Milli Məclisdə qadın deputatların sayının az olması müzakirə edilirdi. Deyirdilər ki, parlamentdə gender bərabərliyi qorunmur. Hazırkı seçkidən sonra qadınların sayında artım olduğunu görürük. 
  Milli Məclisə mandat əldə edən 125 deputatdan 26-sı qadındır. Qalib gəlmiş qadınlardan 1 nəfər Naxçıvan Muxtar Respublikasından, 9 nəfər Bakıdan, 16 nəfər isə digər şəhər və rayonlardan seçilib. Qeyd edək ki, ötən seçkilərdə parlamentə seçilən qadın millət vəkillərinin sayı 22 nəfər idi.

  Sosioloq-jurnalist Lalə Mehralı “Sherg.az”a açıqlamasında deyib ki, hazırda qadınlar ölkəmizin  ictimai həyatında fəal iştirak edirlər: 

“Sevindirici haldır ki, son illər dövlət idarəetmə strukturlarında, seçkili orqanlarda, yerli özünüidarəetmə qurumlarında da qadınların təmsilçiliyi artmaqdadır. Bu məqamlar Azərbaycan qadınlarının cəmiyyətdə fəallığının artırılması və ümumiyyətlə, onların vəziyyətinin yaxşılaşdırılması məsələlərinə göstərilən yüksək qayğının əyani təzahürüdür. 1 sentyabr tarixində keçirilən parlament seçkilərində qadın deputatların sayının artması da bunu deməyə əsas verir. Qadın olaraq mən özüm də qadınlarımızın cəmiyyətdə daha fəal olmasını istəyirəm. Amma burada keyfiyyət məsələsinə də diqqət yetirmək lazımdır. Görək, növbəti 5 ildə parlamentdə mandat qazan xanım deputatlarımız özünü necə aparacaq, seçicilərinə verdikləri vədlərə əməl edəcəklərmi? Parlamentdə  oturan, lakin səsi çıxmayan qadın deputatlarımız var ki, varlıqları ilə yoxluqları bilinmir. Elə deputat olacaqlarsa, 26 yox, 86 qadın deputat olsa da xalqa, vətəndaşa heç bir yararları dəyməyəcək. Ümumiyyətlə, nə kişi, nə də qadın deputatlardan cəmiyyət olaraq heç bir gözləntimiz yoxdur.  Bu xalq millət vəkillərindən əlini çoxdan üzüb”.

  L.Mehralının sözlərinə görə, qadın və kişi olmasından asılı olmayaraq millət vəkili cəmiyyətin bütün sferalarında olan problemlərə can yandıran, seçicilərinin dərdini öz dərdiymiş kimi  qəbul edib, onun həllinə can atan  insanlar deputat olmalıdır:

 “Qadın deputatların çox olması isə ona görə yaxşı haldır ki, bəzən qadınlarımız yaşadıqları problemləri, çətinlikləri kişilərlə bölüşə bilmirlər. Sözsüz ki, burada mental dəyərlərimiz, milli kimliyimizdən irəli gələn xüsusiyyətlər də rol oynayır. Boşuna demirlər ki, “Qadın qadının yurdu olmalıdır”. Lakin  söhbət xalqı parlamentdə təmsil edən şəxsdən gedirsə, əsas məsələ insan haqlarının müdafiəsi prinsipi üzərində qurulmalıdır. Lakin biz Milli Məclis  üzvlərinin bu istiqamətdəki performansından adətən narazı qalırıq. Namizəd olan zaman seçicilər qarşısında verdikləri sözləri mandat qazandıqdan sonra unudurlar. Ya ümumiyyətlə danışmırlar, ya da havadan, sudan danışırlar”.