O, erməni lobbisindən aldığı tapşırıqlara uyğun hərəkət edir
Ermənistan bir üzünə tüpürsə də, o biri üzünü çevirən təxribatçı indi də Bakı və Moskva arasında nifaq salmağa çalışır
Rusiyalı siyasətçi Konstantin Zatulin bir neçə gün bundan öncə keçmiş qondarma rejimin yaradılmasının ildönümü ilə bağlı Qarabağ separatçılarına təbrik ünvanlamışdı.
K.Zatulin təxribat xarakterli müraciətində “Rusiyadakı qayğıkeş insanlar” adından çıxış edərək separatçı rejimin keçmiş rəhbərlərinə və əlləri günahsız azərbaycanlıların qanına bulaşmış digər terrorçulara dəstək ifadə etmişdi.
K.Zatulinin təxribatı Milli Məclisin Şuşadan yeni seçilmiş deputatı, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun hiddətinə səbəb olub.
Deputat Azərbaycanla Rusiya arasında müttəfiqlik münasibətlərinə xələl gətirən rusiyalı deputat barəsində təcili tədbir görülməsi tələbi ilə Dövlət Dumasının sədri Vladimir Volodinə etirazla müraciət edib.
Azərbaycanlı deputat Volodinin diqqətini Rusiya Prezidenti V.Putinin Bakıya bu yaxınlarda etdiyi səfərə və onun Azərbaycanla münasibətlərin yüksək səviyyədə qurulmasına sadiqliyini təsdiq edən bəyanatlarına yönəldib.
Qeyd edək ki, Ermənistan hökumətinin qərarı ilə K.Zatulin Ermənistanda persona non-qrata elan edilib.
Səfir Duma sədrinə müraciətində Zatulinin hərəkətinin ilk belə hal olmamasını və bunun narahatlıq doğurduğunu bildirib. Qeyd edib ki, Zatulin dəfələrlə Azərbaycanın dövlətçiliyinin və xalqının əleyhinə bəyanatlar verib.
“Təəssüf hissi ilə qeyd edirəm ki, Azərbaycan tərəfinin bu cür nalayiq halların qarşısını almaq üçün Rusiya Federasiyasının rəsmi orqanlarına dəfələrlə müraciət etməsinə baxmayaraq, K.Zatulinin ölkələrimiz arasında müttəfiqlik münasibətlərinə xələl gətirən təxribat fəaliyyətinə qarşı hələ də təsirli tədbirlər görülməyib. Bütün bunlar Milli Məclisin deputatları arasında və ölkəmizin ictimai mühitində ciddi narahatlıq yaratmaqda davam edir, Rusiyadakı Azərbaycan diaspor təşkilatlarını təşvişə salır və iki ölkənin parlamentlərarası əməkdaşlığına mənfi təsir göstərir. Bununla əlaqədar, sizdən, hörmətli Vyaçeslav Viktoroviç, Rusiya Federasiyasının rəsmi mövqeyinə və Dövlət Dumasının reqlamentinə uyğun olaraq, bu məsələyə prinsipial yanaşmanızı və Zatulin tərəfindən gələcəkdə bu cür təxribatçı hərəkətlərinin qarşısını almaq üçün mümkün olan hər şeyi etməyinizi təkidlə xahiş edirəm”, - deyə diplomat vurğulayıb.
Qeyd edək ki, Dumanın MDB, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Münasibətlərlə iş üzrə Komitəsinin sədr müavini, qatı ermənipərəst deputat Konstantin Zatulin sentyabrın 2-də ötən ilin sentyabrında keçirilən antiterror tədbirləri ilə darmadağın edilən qondarma ““DQR”-in “Müstəqillik Günü” münasibəti ilə erməni xalqını “təbrik” edən videomüraciət yayıb.
Siyasi şərhçi Asif Nərimanlı isə hesab edir ki, Ermənistan bir üzünə tüpürsə də, o biri üzünü çevirən təxribatçı Konstantin Zatulin Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərindən sonra Bakı və Moskva arasında nifaq salmağa çalışır:
“Zatulin Dumanın üzvüdür, ermənipərəst mövqeyi ilə məşhurdur, indiyə qədər erməniləri müdafiə etməsi Rusiyanın Ermənistanda, dolayısı ilə Cənubi Qafqazda maraqlarına hesablanmış kimi görünürdü, yaxud belə göstərməyə çalışırdı. Lakin indi vəziyyət tamamilə dəyişib. Ermənistan Rusiyanı faktiki olaraq, rəqiblərinə - Qərbə satıb. Rusiyanın da Cənubi Qafqaz siyasətində Azərbaycanla strateji əməkdaşlıq ön plandadır. Putinin Bakı səfəri və verilən mesajlar bunu bir daha isbat etdi. Ermənilər isə bir əsr öncə etdikləri satqınlığı indi Rusiyaya qarşı edirlər”.
A.Nərimanlı deyib ki, Zatulin Duma üzvlüyünün ona verdiyi imtiyazlardan – toxunulmazlıqdan istifadə edərək, nəinki erməni maraqları uğrunda mübarizə aparır, həm də Azərbaycana qarşı separatizmi körükləyir və iki ölkə arasında nifaq toxumları səpməyə çalışır: “Zatulinin artıq mövcud olmayan separatçı rejimin “yubileyi” münasibətilə etdiyi müraciət və səsləndirdiyi fikirlər bunun bariz nümunəsidir. Rusiya Dövlət Dumasının təxribatçı deputatı Qarabağda ləğv edilmiş qondarma rejimi “artsax respublikası” adlandırır, Azərbaycan ərazisinin “erməni torpağı” olduğunu deyir, həbs olunan separatçıların xiffətini çəkir, ermənilərin bir gün Qarabağa yenidən “sahib” olacağına, separatçıların – Arkadi Qukasyanın, Bako Saakyanın, Ruben Vardanyanın azad olunacağına ümid edir. Və bir daha təsdiq edir ki, onun üçün Rusiya maraqları yox, ermənilərin verdiyi pullar vacibdir. Rusiyalı təxribatçı Azərbaycana qarşı açıq şəkildə separatizmlə məşğuldur və bunu məhz Dumanın mandatı altında edir. Burada aydın görünür ki, Zatulinin məqsədi təkcə Ermənistanın özü üçün də maraqlı olmayan separatçıların “xiffətini çəkmək” deyil, həm də Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaqdır. Təbii ki, ermənipərəst təxribatçının bu oyunu baş tutmayacaq. İndiyə qədər belə cəhdləri çox olsa da, buna nail ola bilməyib. Mövcud vəziyyətdə - Bakı və Moskvanın strateji müttəfiqliyi fonunda Zatulinin təxribatı “karvanın arxasınca hürən itin” yarada biləcəyi effektdən başqa bir şey olmayacaq. Çünki Qarabağda separatizm bir daha “dirilməyəcək” şəkildə məhv edilib, Azərbaycan öz suverenliyini təmin edib. 2 sentyabr tarixi də İrəvana qaçmış və Ermənistan hakimiyyəti tərəfindən də küncə atılmış bir ovuc separatçıdan, bir də onlarla eyni mahiyyətə sahib olan Zatulin kimilərdən başqa heç kimə maraqlı deyil, hətta ermənilərin özləri üçün də bu məsələ bitib. Görünür, Ermənistandan qovulan Zatulin separatizmi dəstəkləməklə indiyə qədər istifadə etdiyi “gəlir mənbəyini” itirmək istəmir. Lakin bu, Zatulinin özünün “xiffətini çəkdiyi” Bako Saakyanın, Ruben Vardanyanın, Arkadi Qukasyanın yanına gəlməsi imkanlarını sıradan çıxarmır”.(publika)
Siyasi şərhçi onu da qeyd edib ki, Rusiya və Azərbaycan arasında 2022-ci ildə imzalanmış strateji müttəfiqlik haqqında bəyannamə Zatulinin Bakıya – separatçıların yanına gətirilməsinə əsas verir: “Bəyannaməyə görə, tərəflər – Rusiya və Azərbaycan separatizmə qarşı birgə mübarizə aparmaqda, öz ərazilərində bir-birinə qarşı separatizm fəaliyyətinə imkan verməməkdə razılaşıb. Zatulin susmasa və separatizmə davam edərsə, darıxdığı separatçılarla - Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyanla Bakıda kamera yoldaşı ola bilər”.
Politoloq İlyas Hüseynov isə “Şərq”ə açıqlamasında bildirib ki, Konstantin Zatulin davamlı olaraq Azərbaycana qarşı müxtəlif vaxtlarda fikirlər səsləndirib: "Zatulin kimi "marionet"lər gərgin zamanlarda Azərbaycana qarşı hansısa iradlar səsləndirərək, iki ölkə arasındakı əlaqələrə xələl gətirmək istəyir. Zatulin daha çox şovinist və millətçi kəsimi təmsil edir. Eyni zamanda onun mövqeyində ermənipərəstlik müşahidə olunur. Həmişə Azərbaycana qarşı kəskin və sərt fikirlər səsləndirir. Lakin onun fikirləri böyük mənada heç nəyi dəyişmir.
Qondarma rejimin yaradılmasının ildönümü ilə bağlı Qarabağ separatçılarına təbrik ünvanlayan Zatulin məktubunda Bakıda məhkəməsini gözləyən Qarabağ separatçılarının təəssübkeşi rolunda da çıxış edib. Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan və digər terrorçu-separatçılara dəstək nümayiş etdirib. “Allahdan arzu edirəm ki, onların başına bir iş gəlməsin və tez bir zamanda ailələrinə, Ermənistana qayıtsınlar”.
Ölkəsində rüşvətxor və simasız biri kimi tanınan Zatulinin bu sərsəmləməsi sözsüz ki, gündəmdə qalmağa yönəlib. Ermənistanda belə persona non-qrata elan edilən bu şəxs erməni lobbisindən aldığı tapşırıqlara uyğun hərəkət edir.
Azərbaycan artıq bu cür sərsəmləmələrə öyrəşib. Məsələn, bundan əvvəl erməni lobbisinin aktiv tərəfdarları – Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş hakimi, argentinalı Luis Okampo, Fransa rəsmiləri və sairləri Azərbaycana qarşı hədyanlar yağdırıb, terrorçulara dəstək nümayiş etdiriblər. İndi də bu sıraya Zatulin qoşulub. Hədəf və məqsəd bəllidir. Qarşıdan beynəlxalq tədbir - COP29 gəlir və bu tədbir ərəfəsində təzyiqləri artırmaq istədikləri şübhə doğurmur”.
Politoloq deyib ki, müstəqil dövlət kimi Azərbaycan öz ərazisində prosesləri ölkə qanunvericiliyi çərçivəsində tənzimləyir: “Zatulin və onun havadarları bilməlidir ki, Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası da daxil olmaqla bütün məsələlər bu kontekstdə qiymətləndirilməlidir. Bu, zəruri prosesdir və bu prosesə əngəl törədilməsi cəhdləri iflasa məhkumdur”.