İrəvan bunu istəyirsə, cavab addımlarımıza hazır olsun!
Qərbi Azərbaycan İcması mühacirətdə hökumətin yaradılması təşəbbüsü ilə çıxış edib. Qərbi Azərbaycan İcması Ermənistandakı revanşist qüvvələrin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təhdid edən, həmçinin qərbi azərbaycanlıların geri qayıtmasına mane olan təxribat xarakterli bəyanatlarını pisləyib.
Qeyd edilib ki, əgər Ermənistan Azərbaycan əleyhinə hərəkətləri təşviq etməkdən əl çəkməsə, icma mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin yaradılması təşəbbüsü ilə çıxış edəcək və Qərbi Azərbaycanın qaytarılması üçün komissiya yaradılması xahişi ilə Milli Məclisə müraciət edəcək.
Qərbi Azərbaycan Hökumətinin mühacirətdə yaradılması barədə müzakirələr Ermənistanın ərazi iddialarına qarşı adekvat cavabdır və bu addım beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə atıla bilər. Belə ki, beynəlxalq hüquqda mühacirətdə hökumətlərin yaradılması nümunələri mövcuddur və bu, təcavüzkar və ya işğalçı dövlətlərin qeyri-qanuni hərəkətlərinə qarşı bir vasitə kimi istifadə olunub. Məsələn, İkinci Dünya müharibəsi zamanı Polşa, Fransa, Norveç və digər Avropa ölkələrinin hökumətləri mühacirətdə fəaliyyət göstərib və bu hökumətlər beynəlxalq aləmdə tanınıb.
Lakin beynəlxalq hüquqda bir dövlətin başqa bir dövlətin ərazisinə dair iddialar irəli sürməsi və həmin ərazini qanunsuz olaraq işğal etməsi qəbul edilə bilməz. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və beynəlxalq hüquq prinsipləri ərazi bütövlüyü və suverenlik hüquqlarını qoruyur. Ermənistanın Azərbaycan ərazilərinə dair iddiaları BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri və digər beynəlxalq sənədlərə ziddir. Bu vəziyyətdə Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun şəkildə öz ərazilərini müdafiə etməsi və Ermənistanın qeyri-qanuni hərəkətlərinə qarşı tədbirlər görməsi tamamilə qanunidir.
Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov da “Sherg.az"a açıqlamasında deyib ki, Qərbi Azərbaycanın mühacirətdə olan hökumətinin yaradılması indiki Ermənistan ərazisində yaşayan azərbaycanlıların hüquqlarını müdafiə etmək üçün mühüm addım ola bilər və Cənubi Qafqaz regionunda geosiyasi vəziyyətə əhəmiyyətli təsir göstərə bilər. Onun sözlərinə görə, belə bir hökumətin beynəlxalq tanınması və legitimliyi, eləcə də, sülh danışıqlarında iştirakı regionda ədalətli və davamlı sülhün təmin olunmasına kömək edə bilər:
“Beynəlxalq hüququ zorlayan və ikili standartlardan çıxış edən ölkələr təkcə böyük dövlətlər deyil. Nə qədər qəribə görünsə də, hətta bəzi kiçik dövlətlər də beynəlxalq hüququn norma və prinsiplərinin bu və ya digər şəkildə pozulmasına yol verir, ikibaşlı siyasət yürütməyə çalışırlar. Biz bunun əyani nümunəsini hazırkı Ermənistanın hərbi-siyasi rəhbərliyinin davranışlarında müşahidə edirik. Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlamaqla beynəlxalq hüququn təməl prinsiplərini və sivil dünyanın fundamental dəyərlərini görməzdən gələn təcavüzkar Ermənistanın hazırkı iqtidarı 44 günlük İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrındakı lokal antiterror əməliyyatının nəticələrini düzgün dəyərləndirmək və sülhə xidmət edən konstruktiv siyasət yürütmək əvəzinə, imitasiya ilə məşğul olur, bir tərəfdən tez-tez sülh ritorikası ilə çıxış edərək “sülhsevər dövlət” imici formalaşdırmağa çalışır, digər tərəfdən isə həm havadarlarının vasitəsilə sürətlə silahlanaraq revanşizmə doğru meyillənir, həm də Qarabağdan qaçıb İrəvana sığınmış erməni separatçılarına riyakarcasına himayədarlıq edir.
Sentyabrın 2-də Ermənistanın revanşist qüvvələrinin və gorbagor olmuş keçmiş qondarma rejimin tör-töküntülərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təhdid edən təxribatçı açıqlamalarla çıxış etməsi, eləcə də “beynəlxalq təminat altında Qarabağa qayıdış” tezisinin yenidən ortaya atılması faktlarına rəsmi İrəvanın heç bir qınayıcı reaksiya verməməsi də bir daha onu göstərir ki, revanşistlər və separatçılar məlum addımları bilavasitə Ermənistan hakimiyyətinin “xeyir-dua”sı ilə və Qərbdəki havadarlarının (ABŞ, Fransa, Avropa İttifaqı) diktəsi ilə atırlar. Lakin Paşinyan iqtidarının ikibaşlı mövqeyi ilk növbədə Ermənistanın özü üçün təhlükəli nəticələr doğura bilər”.
Ə.Hüseynov qeyd edib ki, Ermənistanda revanşist qüvvələrin aktivləşməsi və hökumətin sülhə yönəlik addımlar atmaması regionda sabitliyi və təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz ərazilərini müdafiə etmək və Ermənistanın təxribatlarına qarşı müvafiq tədbirlər görmək hüququna malikdir. Qərbi Azərbaycan Hökumətinin mühacirətdə yaradılması Ermənistanın təcavüzkar və qeyri-qanuni hərəkətlərinə qarşı təsirli bir vasitə ola bilər. Beynəlxalq hüquq normaları bu cür addımların atılmasını mümkün və qanuni hesab edir.
Rəsmi Bakı və Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən öz ərazisində Azərbaycanın suverenliyinə qarşı çıxan revanşist, separatçı qüvvələrin fəaliyyətinə son qoyulması ilə və eyni zamanda Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışının təmin edilməsi ilə bağlı dəfələrlə çağırışlar edib. Ancaq əfsuslar olsun ki, Ermənistan hökuməti nə revanşist, separatçı qüvvələrin fəaliyyətinin bloklanması istiqamətində, nədəki Qərbi azərbaycanlılarının hüquqlarının təmin olunması yönündə gərəkən addımları atmağa səy göstərir. Əksinə, rəsmi İrəvan Qərbi azərbaycanlıların qayıdış hüququnu dananların fəaliyyətinə göz yumur, anti-Azərbaycan qüvvələrin fəallaşmasına rəvac verir. Bu da o deməkdir ki, sülhdən dəm vuran Ermənistan hökuməti Azərbaycana qarşı təxribatlarda maraqlıdır.
Lakin bizim də İrəvanın destruktiv mövqeyini neytrallaşdırmaq üçün kifayət qədər geniş imkanlarımız var. Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təhdid edən və özünü “mühacirətdə olan hökumət” elan edən revanşist-separatçı qüvvələrin himayədarı rolunda çıxış edirsə, buna adekvat cavab addımı olaraq Azərbaycan Respublikasında mühacirətdə olan Qərbi Azərbaycan hökuməti təsis edilə bilər. Qərbi Azərbaycan hökumətinin təsis edilməsinin ardınca, müvafiq olaraq digər hüquqi-siyasi addımların atılacağı da şəksizdir. Belə ki, bu hökumət beynəlxalq birliyə müraciət edə, de-yure tanınması üçün təşəbbüs göstərə bilər. Mühacirət hökumətləri müasir dünya tarixində mühüm yer tutan, siyasi hadisələrin və geosiyasi proseslərin inkişafında əsas rol oynayan unikal fenomenlərdən biridir. Müxtəlif zamanlarda, müxtəlif ölkələrdə yaradılmış bu hökumətlər əksər hallarda işğal, siyasi repressiyalar və ya inqilabi dəyişikliklər nəticəsində öz vətənlərindən kənarda fəaliyyət göstərməyə məcbur olublar.
Bu baxımdan, mühacirətdə olan hökumətlərin yaradılması tarixi və presedentləri ciddi şəkildə nəzərdən keçirilməli, onların beynəlxalq əlaqələrə və geosiyasi proseslərə təsiri analiz olunmalıdır. Həmçinin əgər yaradılarsa, Qərbi Azərbaycanın mühacirətdə olan hökumətinin mümkün rolu da geniş ictimai müzakirələrin obyektinə çevrilməlidir”.
Politoloq hesab edir ki, Azərbaycanın yeni seçilmiş parlamentində “Qərbi Azərbaycana qayıdış” komissiyasının yaradılması da mümkündür: “Qərbi Azərbaycan İcması artıq belə bir təklifi səsləndirib. Bir sözlə, Ermənistanı reallıq hissinə qaytarmaq üçün rəsmi Bakının və Qərbi Azərbaycan İcmasının təsir rıçaqları çoxdur. İrəvan bunu istəyirsə, cavab addımlarımıza hazır olsun. Azərbaycan sahədə olduğu kimi masada da dəmir yumruğunu yerində və vaxtında endirməyi bacarır. Ancaq rəsmi Bakı mümkün qədər təmkinli davranaraq Ermənistanı konstruktiv siyasət yürütməyə çağırır”.