Bu ölkənin Cənubi Qafqazda əsas ticarət tərəfdaşı Azərbaycandır
"2023-cü ildə də Azərbaycan-İtaliya arasındakı ticarət dövriyyəsinin həcmi 15 milyard dollardan çox olub"
Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə Romaya işgüzar səfərə gedib.
Roma şəhərinin “Leonardo da Vinci Rome Fiumicino” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliyanın rəsmi şəxsləri qarşılayıblar.
Azərbaycanın etibarlı tərəfdaş və nüfuzlu bir dövlət olaraq qlobal müstəvidə rolunun artdığı bir şəraitdə Azərbaycanla İtaliya arasındakı əlaqələr mühüm bir əhəmiyyət kəsb edir. İki ölkənin münasibətləri 30 il ərzində uğurla inkişaf edərək strateji əməkdaşlıq və tərəfdaşlıq səviyyəsinə yüksəlib. Şübhəsiz ki, bu dövlətlər arasında ali və yüksək səviyyəli səfərlər də əməkdaşlığın möhkəmlənməsində önəmli rol oynayıb. 44 günlük Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın haqlı mövqeyini dəstəklədi. Bunun nəticəsidir ki, İtaliya işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə cəlb edilən ilk ölkələrdən biridir.
Siyasi şərhçi Azər Niftiyev “Sherg.az”a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə Romaya budəfəki səfəri Azərbaycan-İtaliya münasibətlərində yeni səhifələr açacaq:
“Ölkələr arasındakı siyasi əlaqələr mükəmməl olduqda bu, iqtisadi, ticarət və digər sahələrdə də əməkdaşlığın inkişafı üçün hərtərəfli zəmin yaradır. Bu mənada Azərbaycan və İtaliya arasında siyasi əlaqələrin mükəmməlliyi hərtərəfli əməkdaşlığın inkişafına təkan verir. Fikrimcə, İtaliya səfəri Prezident İlham Əliyevin yürütdüyü siyasətin qlobal miqyasda ehtiramla qarşılanmasının və özünün siyasi lider kimi dünyadakı nüfuzunun bariz təcəssümüdür.
Aparıcı Cənubi Avropa ölkəsi kimi İtaliya ilə Azərbaycan arasında qarşılıqlı təmaslar yüksək səviyyədədir və ikitərəfli maraqlara hörmət prinsiplərinə əsaslanır.
İtaliya neft məhsullarının ixracında mühüm ticarət tərəfdaşımızdır. TAP kəmərinin vasitəsilə İtaliyaya 10 milyard kubmetr qaz ixrac olunur ki, gələcəkdə bu rəqəmin iki dəfə artırılması gözlənilir. 2027-ci ilə qədər Azərbaycan qazının Avropaya ixracı ən azı 20 milyard kubmetrə qədər çatmalıdır. Təbii ki, bu da çox vacib xarakter daşıyır. Bu da öz növbəsində açıq şəkildə söyləməyə əsas yaradır ki, İtaliya Azərbaycanın mühüm ticarət partnyorudur”.
Siyasi şərhçinin sözlərinə görə, İtaliyanın Azərbaycanla əlaqələri yalnız enerji sahəsini deyil, iqtisadiyyatın digər sektorlarını da əhatə edir:
“Bunu İtaliya şirkətləri tərəfindən enerji, infrastruktur və nəqliyyat sahələrinə geniş həcmdə sərmayə yatırılması da aydın göstərir. Azərbaycan və İtaliya beynəlxalq müstəvidə də daim bir-birini dəstəkləyib, iki ölkə arasında böyük etimad formalaşıb. 2023-cü ildə də Azərbaycan-İtaliya arasındakı ticarət dövriyyəsinin həcmi 15 milyard dollardan çox olub. İtaliyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşı Azərbaycandır. Buna görə də İtaliyanın iqtisadi-ticari əlaqələrində Azərbaycan vacib rol oynayır. İtaliya səhmdarlarının da bizim ölkəmizə çox geniş marağı var. Azərbaycanda 100-dən çox İtaliya investisiyalı kommersiya qurumları müxtəlif sahələrdə fəaliyyət göstərir. Paytaxt Bakıda Azərbaycan-İtaliya Universitetinin yaradılması, işğaldan azad edilən torpaqlarımızda italyan şirkətlərinin fəal iştirakı, humanitar əlaqələr münasibətlərin parlaq gələcəyindən xəbər verir. Bu xüsusda İlham Əliyevin Romaya səfəri strateji əhəmiyət kəsb edir və münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcıdır”.