ABŞ nəyin bahasına olursa-olsun, Cənubi Qafqaz bölgəsinə girmək istəyir
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistana beş illik yardım paketini iki dəfədən çox artıraraq, 120 milyon dollardan 250 milyon dollara çatdırıb. Ermənistan hökuməti qrant sazişinə düzəlişi təsdiqləyib.
Bu addımın Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi bir dövrə təsadüf etməsi də, heç şübhəsiz, USAİD-in açıq-aşkar anti-Azərbaycan mövqeyi nümayiş etdirməsindən irəli gəlir.
Guya ayrılan əlavə vəsait Ermənistanda idarəetmənin təkmilləşdirilməsinə, demokratiyada vətəndaş iştirakına və təbii ehtiyatların davamlı idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək.
Lakin ABŞ-nin Ermənistandan sui-istifadə edərək Cənubi Qafqazı Qərbin siyasətinə alət etmək, burada qüvvələr balansını öz xeyirlərinə dəyişmək planları heç kəsdə şübhə doğurmur. Nə vaxt Azərbaycanda beynəlxalq əhəmiyyətli qlobal iqtisadi-mədəni tədbirlər keçirilməsinə qərar verilsə, həmin ərəfədə Qərb ölkəmizə qarşı beynəlxalq informasiya məkanında dərhal hücuma keçir. Dövlət başçımızın uzaqgörən siyasəti və taktiki gedişləri sayəsində Azərbaycanın sürətli güclənməsini həzm edə bilməyən dairələr indi də COP29-la əlaqədar müxtəlif vasitələrlə ölkəmizə qarşı qarayaxma kampaniyasına start veriblər.
Şübhəsiz ki, USAİD-in Ermənistana yardımı iki dəfə artırması 5 aprel görüşü siyasətinin davamı kimi dəyərləndirilir. Yaxın keçmişə nəzər saldıqda, məlum olur ki, USAID-in ciddi problemlər yaşadığı, daha doğrusu, yaratdığı ilk ölkə Azərbaycan deyil. Fəaliyyət göstərdiyi müddətdə bu təşkilatın adı dəfələrlə ölkələrin daxili işlərinə qarışmaqda, radikal müxalifəti maliyyələşdirməkdə, gizli kəşfiyyat fəaliyyəti aparmaqda hallanıb.
Bu azmış kimi son aylarda Ermənistanın davamlı silahlanmasının da şahidi olmaqdayıq. ABŞ və digər Qərb ölkələri İrəvanı sülhdən uzaqlaşdıracaq, gərginliyə sövq edəcək addımlar atmaqdadır.
Yeri gəlmişkən, USAID-in rəhbəri Samanta Pouer separatçı liderlərdən olan Ruben Vardanyanla şəxsi dostluq münasibətindədir. Yayılan məlumatlar arasında o da vurğulanır ki, USAİD Ruben Vardanyanın ailəsi və oğlu tərəfindən qurulan anti-Azərbaycan şəbəkəni də koordinasiya edir. Bu şəbəkə Qarabağdan köç etmiş erməni əsilli ailələri təşkilatlanmağa, Azərbaycana qarşı revanşist hərəkətlərə təşviq edir. Qeyd edək ki, Vardanyanın həbs edilib Bakıya gətirildiyi ilk gündən etibarən Pouer işə qarışıb, onun azadlığa buraxılması üçün rəsmi Bakıya təzyiqləri artırmağa çalışıb. İstədiyini əldə etmədikdə, yeni variantlar düşünüb.
Dünya supergücünün Azərbaycanı zəiflətmək, onun Ermənistana qarşı təsir imkanlarını azaltmaq, beləliklə, ermənilərin Qarabağa qayıtmasına və həmin ərazilərdə Ermənistanın nəzarətinə imkan verən mexanizmlər qurmaq niyyətləri aşkar görünür.
Politoloq Abutalıb Səmədov da “Sherg.az”a açıqlamasında deyib ki, Amerika Birləşmiş Ştatları nəyin bahasına olursa-olsun, Cənubi Qafqaz bölgəsinə girmək istəyir. Onun sözlərinə görə, USAID-in kəşfiyyat işinə cəlb olunması və yardım edilən ölkələrin daxili işlərinə qarışması uzun illərdən bəridir ki, danılmaz fakt kimi qəbul olunur:
“Əvvəllər ABŞ-nin bu istiqamətdəki əsas müttəfiqi Gürcüstan idi. Gürcüstanla sıx əlaqələr yaradan ABŞ ciddi maliyyə yardımları ayırırdı. Hətta Gürcüstan Avropa İttifaqına namizəd statusu belə almışdı. Ona görə də Gürcüstan hakimiyyətini xarici siyasəti ABŞ-nin maraqlarına uyğun yeridirdi. Amerika istəmədiyi üçün Gürcüstan 3+3 formatında keçirilən tədbirlərdən imtina edirdi. Lakin indi regionda vəziyyət dəyişib. Qərbin orbitindən çıxan Gürcüstanda Rusiyaya meyillər artıb. Ona görə də Gürcüstanın Türkiyədə keçiriləcək 3+3 Formatındakı görüşdə iştirakı artıq şübhə doğurmur.
ABŞ indi də Gürcüstanın yerinə Ermənistanı təsir dairəsinə alıb. Ermənistan hökumətinin anti-Rusiya siyasəti, ABŞ ilə birlikdə keçirilən hərbi təlimlər və s. məsələlər Ağ Evin maraqlarına uyğun olduğu üçün Ermənistana nəzərdə tutulan maliyyə yardımlarını artırmaq qənaətinə gəliblər”.
ABŞ-nin Ermənistana hər zaman maliyyə yardımı etdiyini xatırladan politoloqun sözlərinə görə, son zamanlar Ermənistan Rusiyanın bölgədəki nüfuzuna zərbə vurmaq və onu avantürist addımlardan çəkindirmək üçün hər cür addımı atır deyə ABŞ da maliyyə yardımını 2 qat artırıb: “Nə qədər ki Ermənistanın Baş naziri Nikol Paşinyan olacaq, nə qədər ki o, antirus siyasəti yeridəcək, ABŞ-nin maliyyə yardımları da o qədər artacaq. Rusiya hər nə qədər Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa çalışsa da, bu cəhdləri uğursuz nəticələnir. Ümumiyyətlə, zorakılıq yolu ilə Paşinyanı devirmək mümkün görünmür. Növbəti parlament seçkilərində Paşinyanın məğlubiyyətinə nail olmaq mümkün olacaqmı? Bu da hələ sual altındadır. Faktiki olaraq, həmin seçkilərdə Ermənistan müxalifəti ilə Paşinyan hakimiyyəti yox, Rusiya ilə Amerika mübarizə aparacaq. Həmin seçkilərdə Paşinyanın qalib, yaxud da məğlub olması isə artıq Ermənistanda hansı güc dövlətinin söz sahibi olacağını müəyyənləşdirəcək. Ermənistana ayrılan maliyyə yardımlarını artırmaqda ABŞ-nin məqsədi də məhz Paşinyanın hakimiyyətdəki mövqelərini möhkəmləndirmək və onu qorumaq məqsədi daşıyır”.
Politoloq qeyd edib ki, Qərbin Ermənistana yalnız iqtisadi müstəvidə kömək edəcəkləri elan olunsa da, əslində, iqtisadi məsələləri hərbi məsələlərdən ayırmaq olmaz. Qərbin iqtisadiyyatın inkişafı üçün Ermənistana yönəldəcəyi pulun əvəzində, İrəvan öz büdcəsini daha çox silah alınmasına sərf edəcək:
“Bu da onu göstərir ki, hər bir məsələdə olduğu kimi, Qərb burada da ikili standartlardan çıxış edir. Belə vəziyyət onu deməyə əsas verir ki, Azərbaycan həmişəki kimi yenə də yalnız öz gücünə güvənməlidir. Ümumiyyətlə, hər fürsətdə Ermənistana maliyyə yardımı edən USAİD kimi qurumlar Azərbaycan torpaqlarının 30 il ərzində işğalda olduğu dönəmdə, Qarabağ viran və talan olunarkən, bir milyon vətəndaşımız qaçqın və məcbur köçkün həyatı yaşayarkən, ölkəmizə yönəlik heç bir müsbət addım atmayıb, humanitar məsələlərlə bağlı heç bir vəsait ayırmayıb. Lakin Ermənistan humanitar məqsədlərlə ayrılan vəsaitin birbaşa hərbi məqsədlərə, digər sahələrə sərf olunmasına məqsədyönlü şəkildə göz yumublar”.