Ermənistan baş nazirinin Tbilisi səfərinin regiona təsir edən siyasi nəticəsi ola bilməz
Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfərə gedib. Baş naziri Tbilisidəki “Şota Rustaveli” beynəlxalq hava limanında Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze qarşılayıb.
Nikol Paşinyanla Gürcüstanın baş naziri İrakli Kobaxidze arasında təkbətək söhbət baş tutub. Daha sonra müzakirələr geniş tərkibdə davam edib.
Ermənistan və Gürcüstanın baş nazirləri müzakirələrin nəticələrinə əsasən bəyanatlarla çıxış ediblər.
Gürcüstanın hökumət başçısı İrakli Kobaxidze ilə mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, Ermənistan və Azərbaycan sülh razılaşmasının mətninin 80 faizini razılaşdırıb.
O, sərhədlərin delimitasiyası məsələsində də müəyyən irəliləyiş əldə olunduğunu qeyd edib.
Paşinyanın sözlərinə görə, region ölkələri arasında münasibətlər qarşılıqlı hörmət, ümumi maraqlar və hərtəfəli inkişafa yönələn iqtisadi əməkdaşlığa əsaslanmalıdır.
Paşinyan qeyd edib ki, Cənubi Qafqazda münaqişələrə son qoyulması üçün tarixi imkan var.
O, Azərbaycan və Ermənistan arasında sülhdən yalnız iki ölkənin deyil, Türkiyə, Gürcüstan və İranın da faydalanacağnı deyib.
Paşinyanın Gürcüstan səfərini şərh edən politoloq Vüqar Dadaşovun “Sherg.az”a açıqlamasına görə, Ermənistan baş nazirinin Tbilisi səfərindən regiona təsir edən heç bir siyasi nəticəsi ola bilməz:
“Sözsüz ki, tərəflər arasında müəyyən razılaşmaların əldə edilməsi, bəyanatların verilməsi diplomatik qayda, siyasi və etik normaların tələbələridir. Həm Gürcüstan, həm də Ermənistanın Rusiyanın təsir və maraq dairəsindən çıxmaq imkanı çox zəifdir. Bu iki dövlətin Rusiyaya, Azərbaycana qarşı hər hansı razılaşması mümkün deyil. Yeri gəlmişkən, Zəngəzur dəhlizinin əleyhinə Gürcüstan bu günə kimi heç bir rəsmi mövqe nümayiş etdirməyib. Ancaq, Zəngəzur dəhlizi İran kimi, Gürcüstanın da həm siyasi, həm də iqtisadi maraqlarına uyğun gəlmir. Hind okeanı, Asiyadan, Xəzər hövzəsindəndən tranzit, enerji daşıyıcılarının Gürcüstana alternativ ərazidən keçməsi əlbəttə ki, iqtisadi marağına mənfi təsir etməklə Gürcüstanın siyasi əhəmiyyətini də azaldır. Ümumiyyətlə Gürcüstanın dövlət və milli maraqları kontekstindən, Azərbaycan Ermənistan arasında münasibətlərin normallaşması arzuolunmazdır. Gürcüstan Zəngəzur dəhlizinə qarşı olsa da, onun etnik tərkibi, Cənubi Osetiya və Abxaziya məsələsi, Azərbaycan və Türkiyənin regionda və dünyada söz sahibi olduğundan Gürcüstan Azərbaycanın maraqlarını istər-istəməz qəbul etmək məcburiyyətindədir”.
Zəngəzur dəhlizinin açılmasında dünya nəhənglərinin maraqlı olduğunu vurğulayan politoloq qeyd edib ki, Azərbaycan üçün bu lahiyənin nəinki iqtisadi, ən əsası siyasi strateji əhəmiyyəti və məqsədi var:
“Qlobal oyunçulara gəldikdə, Zəngəzur dəhlizinin açılması razılaşdırılıb, toqquşan marqar isə dəhlizə kimin nəzarəti məsələsidir. Son günlərin məlumatına görə ABŞ-ın artıq Zəngəzurda hərbi birləşmələri var, bu isə Rusiya ilə açıq konflikt deməkdir. Əlbəttə ki, COP-29 tədbiri ərəfəsində Azərbaycan regionda növbəti müharibənin əleyhinədir.
Hüquqa və regional siyasi konyukturaya görə, Rusiyanın Zəngəzur dəhlizinə nəzarət ehtimalı daha yüksəkdir. Ancaq, bu da danılmazdır ki, Zəngəzur dəhlizinə nəzarətlə Rusiyanın həm regiona, ən əsası isə Azərbaycan və Ermənistana təsir imkanları artacaq.
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistana səfərindən dərhal sonra, Fransanın Avropa və Xarici İşlər Naziri Stefan Securnetin Ermənistana səfərində əsas mövzu təbii ki, Ermənistan Azərbaycan arasında mümkün sülh, Zəngəzur dəhlizi ilə bağlıdır. Böyük Britaniyanın MI 6 kəşfiyyat xidmətinin rəhbəri Riçard Murun sentyabrın 14-də Bakıya səfəri prosesə nəzarət kimi, qütbləşmə və qloballaşma prosesinin Cənubi Qafqaz üzərindən də getdiyinin sübutudur, Rusiya-Ukrayna, Yaxın Şərq, İsrail-Fələstin müharibəsi epiçentr olsa da. Artıq İsrail Fələstinlə və onun dövlətçiliyi ilə bağlı milli və sosial bazanı demək olar ki məhv edib. ABŞ - da Donald Trampın isə hakimiyətə qayıtması ilə yəhudilər məqsədinə tam nail ola bilər. Donald Trampın prezidentliyi həm də Rusiya üçün uğurlu son deməkdir. Yeri gəlmişkən, Ermənistanda Paşinyan hakimiyyətinin Rusiyaya qarşı ritorikasında yumuşalmanın bir səbəbi də, Donald Trampın hakimiyyətə qayıtma ehtimalıdır. ABŞ - da prezident seçkisinin hansı nəticənin olacağına konkret fikir bildirmək mümkün deyil, çünki mübarizə son dərəcə gərgin gedir, prosesə sürpriz və müdaxilələr isə çoxdur”.