Ona görə reallıq barədə danışaraq xalqı tarixi-xəyali Ermənistan iddialarından əl çəkməyə çağırır
“Bu gün ölkəmizdə müzakirə olunan konseptual dilemma belədir. Ermənistan Respublikası nə üçündür: bir forpost, dayaq nöqtəsi, ərazisində daha böyük dövlətin olması (“Tarixi Ermənistan konsepsiyası”), yoxsa beynəlxalq səviyyədə tanınmış ərazisində öz vətəndaşlarının rifahını təmin edən, rifahın ayrılmaz elementlərinin yaxşı yaşayış, azadlıq, ədalət, təhlükəsizlik olduğunu dərk edən ölkə (“Real Ermənistan konsepsiyası)?”
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında yazıb.
Paşinyan qeyd edib: “İnanıram ki, xalqımız öz seçimini çoxdan “Real Ermənistan”ın xeyrinə edib. Amma müxtəlif dövrlərdə hakimiyyətlər ona qulaq asmamış, mahiyyətcə xalqımızı “tarixi dövrdə” yaşamağa məcbur etmişik. Məhz bu səbəbdən xalqımızdan üzr istəməliyik və mən də üzr istəyirəm”.
Görünür ki, Nikol Paşinyan ictimai rəyi reallıqlarla hesablaşmağa və bunu qəbul etməyə çağırır. Bu, həm də o anlama gəlir ki, Ermənistan bu reallıqları qəbul etməsə, nəticələri bu ölkə üçün daha ağır olacaq.
Paşinyan ilk Ermənistan dövlət başçısıdır ki, reallıqları anlamağa başlayıb. Yəni real politik mənasında. Dünyada nə baş verdiyini dərk edir. İndiyə qədərki Ermənistanın nə olduğunu anlayır. O cümlədən, bu dövlətin Rusiya uzantısı, proksisi olduğunu bilir. O üzdən, bütün bunları sankı cəmiyyətə demək istəyir. Əslində, Paşinyanın dediklərində maraqlı həqiqətlər ortaya çıxır. Nikol erməni cəmiyyətinə demək istəyir ki, tarixi Ermənistanı bizə sırıyıblar. Yalançı, böyük Ermənistan xülyası ilə onları qonşuları ilə düşmən ediblər.
Politoloq Vasif Əfəndi də “Sherg.az"a açıqlamasında erməni cəmiyyəti, onun xalqı və ictimai-siyasi xadimlərinin uzun illərdir ki, kütləvi psixoz vəziyyətində yaşadıqlarını qeyd edib:
“Kilsə üzərindən ziyalı kəsimi və xalqı xəyalı “Böyük Ermənistan”, uydurma krallıqların mövcudluğuna inandıraraq bu boşluqda yaşamaq məcburiyyətində olublar. “Ermənilik” daha çox radikal dini cərəyan formatında fəaliyyət göstərib. Onların vicdanında çox sayda terror aktları və kütləvi iğtişaşlar var. Nikol Paşinyanın reallıq barədə danışaraq xalqı tarixi-xəyali Ermənistan iddialarından əl çəkməyə çağırması, əslində, çarəsizlikdir. Paşinyanın özü də hakimiyyətə yeni gələndə Şuşaya qıcıqlandırıcı səfərləri zamanı “Qarabağ Ermənistandır və nöqtə” kimi bəyanatlarını da məhz həmin “ermənilik” mühitinin təsiri altında verirdi. Nikolun indiki reallıq çağırışı Ermənistanı dövlət kimi qoruyub saxlamaq cəhdidir. Əminliklə deyirəm ki, Azərbaycan güclü orduya sahib bir dövlət olmasaydı, Paşinyanın bəyanatları Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyanın qıcıqlandırıcı və alçaldıcı ritorikasından da artıq olacaqdı. Bu gün Paşinyanın söz açdığı reallıq Azərbaycan reallığı və Türkiyə qardaşlığıdır. Bu gün Rusiyadan üz çevirərək NATO-ya yönələn Paşinyanın bu məkanda da bizə qarşı uğur əldə edə bilməyəcəyi də faktdır. Azərbaycan Rusiya ilə yanaşı qərblə də uğurlu və balanslaşdırılmış siyasət sürdürür. Azərbaycanın hərbi ittifaq bağladığı Türkiyə NATO üzvüdür”.