Bütün ölkələrdə namizədin ölümlə təhdid edilməsi elektoratın dəstəyini qazanmaqda effektiv metoddur
ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində şübhəli bilinən Rayan Uesli Rut ilə Ukrayna arasında əlaqələr Kremlin yox, ABŞ kəşfiyyat orqanlarının başağrısı olmalıdır.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, burada düşünməli olan Rusiya yox, ABŞ xüsusi xidmət orqanlarıdır: “Hər halda odla oynamağın öz nəticəsi var. Bu, ABŞ kəşfiyyat orqanları üçün böyük narahatlıq və başağrısı olmalıdır”.
Qeyd edək ki, ötən gün Trampa sui-qəsd cəhdi edən şəxsin Ukraynada döyüşmək istədiyi, Rusiyaya qarşı çağırışlar etdiyi üzə çıxıb.
Politoloq Asif Nərimanlı isə “Sherg.az"a bildirib ki, iyulun 13-də edilən ilk sui-qəsd cəhdinin müəmmalı tərəfləri çox olsa da, Baydenlə debatdan (27 iyun) qalib ayrılan Trampın əlini ciddi şəkildə gücləndirdi:
“Respublikaçılar sentyabrın 10-na təyin edilən ikinci debatda Baydeni tamamilə nüfuzdan salacaqlarını düşünürdülər. Lakin proses demokratların əleyhinə cərəyan etdiyi vaxt “məğlub” Baydenin yerinə Harrisin namizəd olması mənzərəni dəyişdirdi. Debata Bayden yox, Harrislə çıxan Tramp bu dəfə istədiyi nəticəni əldə edə bilmədi. Debatdan sonra rəy sorğularının nəticələri də respublikaçıların namizədinin əleyhinədir”.
Politoloq həmçinin bildirib ki, proseslərin inkişafı fonunda Trampa qarşı “növbəti sui-qəsd cəhdi” ilə bağlı informasiyaların ictimai rəyə hesablandığı ehtimalı daha güclü görünür. Bütün ölkələrdə namizədin ölümlə təhdid edilməsi elektoratın dəstəyini qazanmaqda effektiv metoddur.