Bu, Ermənistandakı siyasi hakimiyyət üçün bir növ mesajdır
Bir neçə gün əvvəl Ermənistanın ikinci Prezidenti Robert Köçəryanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, Rusiya rəhbəri Ermənistanın keçmiş prezidentini 70 illik yubileyi münasibətilə təbrik edib. Telefon danışığının detalları barədə məlumat verilmir. Bəzi nəşrlər telefon zənginin indiki mərhələdə xüsusi əhəmiyyət daşıdığını qeyd edir: “Hər halda telefon danışığı faktının özü indiki vəziyyətdə nəzəri xüsusilə cəlb edir. Görünən odur ki, Rusiya Ermənistana diqqətini artırır. Bir tərəfdən hökumətlə təmasları bərpa etməyə başlayıblar, bunu Rusiya baş nazirinin müavini, xarici işlər nazirinin müavini və müxtəlif rəsmi şəxslərin səfərləri sübut edir, digər tərəfdən isə etibarından əmin olduğu tərəfdaşlarla əlaqələri bərpa edirlər”. Qeyd edək ki, Robert Köçəryanın 70 yaşı 31 avqustda tamam olub.
Strateji Araşdırmalar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov “Sherg.az"a açıqlamasında deyib ki, Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın sabiq prezidenti Robert Köçəryanın yaxın münasibətlərinin olması heç kimə sirr deyil. Köçəryanın Rusiyada biznesi belə var. Bilirsiniz ki, siyasi dəstək olmadan Rusiyada biznes qurmaq çətin məsələdir.
Politoloqun sözlərinə görə, Rusiya hər zaman Ermənistanda Kremlə itaət edən, xarici və siyasi vektorunu Rusiya istiqamətində quran hakimiyyətin olmasını istəyir: “Bu baxımdan daha çox qərbə meyilliliyi ilə tanınan Nikol Paşinyan Putinin arzuladığı şəxs deyil. Xüsusən də son illər Ermənistanda anti-Rusiya ritorikası fonunda qərbə yönəlik açıqlamalar çoxalmaqdadır. Ermənistan iqtisadiyyatının iki dəfə artmasının əsas səbəbkarı məhz Rusiyadır. Putinin Köçəryana təbrik zəngi xüsusi anlam kəsb edir. Bu, Ermənistandakı siyasi hakimiyyət üçün bir növ mesajdır. Görünən budur ki, Ukraynada gedən şiddətli müharibəyə rəğmən Cənubi Qafqazda gedən proseslər hələ də Kremlin əsas diqqət mərkəzində olan bir məsələdir. Ermənistanda hakimiyyət dəyişilməsi ilə bağlı yeni bir fazanın başlaması təəssüratı da açıq-aşkar hiss olunur. Fikrimcə, bu məsələdə Rusiya keçmiş Qarabağ klanına çox böyük ümid bəsləyir. Ermənistan ictimai rəyində onların nüfuzunun sıfıra bərabər olmasına rəğmən”.