Ermənistanın işğalçılıq siyasəti ən ağır cəza almalıdır -POLİTOLOQ

Əgər maddi təzminatı qarşılaya bilmirsə, borcları  torpaqla əvəzlənə bilər

30 illik erməni işğalının ardından Azərbaycan dövlətinin qarşısında duran əsas məqsədlərdən biri ölkəmizə, xalqımıza dəymiş maddi və mənəvi zərərin ödənilməsi istiqamətində beynəlxalq məhkəmələrlə iş aparmaqdır. Azərbaycan dövləti ölkəmizə dəymiş ziyanın ödənilməsi ilə bağlı Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. Hətta  bir neçə dəfə bu istiqamətdə məhkəmə prosesləri keçirilib, Azərbaycanın xeyrinə qərarlar qəbul edilib. Amma bu, uzun sürən proses olduğu üçün məhkəmə çəkişmələri hələ davam edir.
Ümumiyyətlə, dünya praktikasında belə hallar çox olub. İllərdir müharibə aparan ölkələr sülh müqaviləsi imzalandıqdan sonra dəymiş ziyanın ödənilməsi üçün məhkəmələrə müraciət ediblər. Tərəflər arasında hələlik sülh müqaviləsi imzalanmasa da Azərbaycan öz suveren hüququndan istifadə edərək işğaldan azad edilmiş ərazilərdə dağıdılmış maddi-mənəvi, dini abidələrimizin, yaşayış məntəqələrimizin, flora və faunamızın bərpa olunması üçün beynəlxalq məhkəmələrə müraciət ünvanlayıb.
Məlumat üçün bildirək ki,  Prezident İlham Əliyev 7-ci çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı  əsas diqqəti məhz  Ermənistan-Azərbaycan sülh danışıqlarının gedişi, rəsmi İrəvanın prosesi mümkün qədər ləngitməsi və sülh sazişindən yayınması, əvəzində silahlanması istiqamətində apardığı siyasətə yönəldib. Ermənistanın 30 il müddətində apardığı işğal siyasətinə görə cəzalandırılmaması, kapitulyasiya imzalamasına rəğmən  danışıqlar masasında bərabərhüquqlu çıxış etməsi, tələblər irəli sürməsi və əhəmiyyətli bəndləri sülh sazişindən çıxarmaq cəhdlərini xatırladan Prezident haqlı olaraq faşist Almaniyası ilə faşist Ermənistan arasında paralellər aparıb. 
Dövlət başçısı qeyd edib ki, müharibəyə, işğala görə birincinin cəzalandığı halda Ermənistanın işğal və yüzlərlə yaşayış məskənini dağıdıb, səhralığa çevirməsi qarşılığında heç bir məsuliyyət daşımaması üçün bəzi güclər xüsusi  “fəallıq” göstərir: “Azərbaycan 30 illik işğala yalnız öz gücü, ordusu, qüdrəti və əsgərinin canı-qanı hesabına son qoyub, beynəlxalq miqyasda tanınan ərazilərində suverenliyini bərpa edib. Bəzi ölkələr isə Azərbaycanın suverenliyini təmin etməsinə birmənalı yanaşmır. Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə Kiyevə sonsuz hərbi-iqtisadi, hətta muzdlu dəstək verib, bu ölkəyə onminlərlə sanksiya tətbiq edən ölkələr Ermənistanın işğalı zamanı nəinki susqun dayanıblar, əksinə, Ermənistanın işğalını davam etdirməsi üçün çalışıblar, danışıqlar imitasiyası yaradıblar, Azərbaycan öz ərazilərini azad etdikdən sonra isə “Qarabağ ermənilərinin hüquqları” kimi qondarma bəhanədən istifadə etməyə girişiblər. Halbuki Rusiya da ilk vaxtlar Donbasda yaşayan 4 milyondan çox rusun “hüquqlarını” müdafiə etmək istəyini ifadə edirdi, həmin vaxt Kremlin bu tələbləri ümumiyyətlə yaxına buraxılmamışdı”.

Prezident qeyd edib ki, Almaniya kapitulyasiyaya imza atdıqdan sonra ona hərbi qadağalar tətbiq edilmişdi, Ermənistana isə vaxtilə Almaniyanın silahlanması və ordusuna məhdudiyyət tətbiq edən ölkələr – başda Fransa olmaqla – ağır silahlar verir, o cümlədən Avropa Sülh Fondu İrəvanın silah alması üçün vəsait ayırır:
 “Hazırda Ermənistanın 30 illik işğal zamanı Azərbaycana hansı dəhşətli zərərlər vurduğunu isə beynəlxalq qurumların, böyük dövlətlərin rəsmiləri Qarabağ və Şərqi Zəngəzura səfər edərkən öz gözləri ilə görürlər: rayon mərkəzləri, böyük şəhərlər, yüzlərlə kənd yer üzündən silinib, təbiətə dəhşətli ziyan vurulub, min kv.km-lərlə ərazi səhralığa çevrilib, yeraltı yeraltı-yerüstü sərvətlər talanıb, üstəlik, Azərbaycan ərazilərinə 1 milyona yaxın mina döşənib ki, müharibədən sonrakı 4 il ərzində bunun hansı faciələrə səbəb olduğunu hər kəs bilir”.

Ekspertlərin fikrincə Ermənistan bütün bunların məsuliyyətini daşıyır və maddi-təzminat ödəməyə məhkumdur. Böyük müharibələr başa çatdıqdan sonra məğlub və işğalçı ölkənin maddi təzminat və kompensasiyası hər zaman sülh razılaşmasında əksini tapır. Əlbəttə, Ermənistanın hazırkı iqtisadi durumu bu təzminatı birdəfəlik ödəməyə imkan vermir. Lakin  Ermənistana pulsuz külli miqdarda silah verən Fransa və yaxud Avropa Sülh Fondu Ermənistanın təzminat ödəməsinə dəstək verə bilərlər. Və yaxud  Ermənistan maddi təzminatı qarşılaya bilmirsə, Azərbaycana müəyyən ərazi güzəştinə getməli,  müəyyən əraziləri üzərində suveren hüquqlarından Azərbaycanın xeyrinə imtina etməli və ya suveren ərazilərində müəyyən funksional suveren hüquqları Azərbaycana verməlidir.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq  Xəyal Bəşirovun “Sherg.az”a açıqlamasına görə, 44 günlük müharibədən sonra 30 illik işğal müddətində   Azərbaycana dəyən ziyanın hesablanması ilə bağlı araşdırmalar başladı və bu məqsədlə beynəlxalq ekspertlər də cəlb edildi: 

“Araşdırmaların nəticəsində bizim əlimizə kifayət qədər mötəbər sübutlar keçdi ki, Ermənistan bizə hansı miqyasda zərər vurub. Burada söhbət  Azərbaycan respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 1/5 hissəsinin, 16-17 min kvadrat kilometrlik  ərazilərindən gedir. Hansı ki, ermənilər 30 il müddətində işğalda saxladıqları bu ərazilərdə daşı daş üzərində  qoymayıb. Rayonlarımızı, kəndlərimizi yerlə bir edib, təbii sərvətlərimizi çapıb- talayıb, flora və faunamızı məhv edib, infrastrukturu dağıdıblar.  Bütün bu müddət ərzində isə Azərbaycan haqlı mübarizəsini aparıb, heç bir beynəlxalq hüquqa, beynəlxalq konvensiyalara zidd addım atmayıb.  Qeyd dim ki, hər bir dövlətin beynəlxalq hüququn subyekti kimi mövcud hüquqi rejim çərçivəsində, qüvvədə olan qaydalara uyğun davranış sərgiləməsi sadəcə bir seçim deyil, bu onun üzərinə düşdüyü öhdəlikdir. Əgər o mövcud hüquqi nizamın hər hansı qaydasını pozursa və qeyri-qanuni vəziyyət yaradırsa deməli üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir və yaratdığı vəziyyət nəticəsində vurduğu zərərin qarşılqlığını ödəməlidir. Başqa cür desək, beynəlxalq hüquqi nizam dövlətin beynəlxalq öhdəliklərini pozaraq törətdiyi qeyri-qanuni əmələ görə təzminat ödəməsini nəzərdə tutur”.

X. Bəşirovun sözlərinə görə,  burada məsələ sadəcə dövlət büdcəsinə dəyən maddi zərərdən getmir. Politoloq əlavə edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi müdaxiləsi beynəlxalq hüququn fundamental prinsiplərini pozan və  beynəlxalq hüquq tərəfindən qadağan edilmiş təcavüz aktıdır:
 “Ermənistan silahlı qüvvələrinin Azərbaycan sərhədlərini keçməsi, Azərbaycan ərazilərində döyüşməsi və qeyri-qanuni erməni hərbi birləşmələri ilə hərbi əməliyyatları planlaşdırması təcavüzün bariz nümunəsidir. İşğaldan azad edilmiş ərazilərdə ermənilər hər qarışına qədər vandallıq, talançılıq həyata keçiriblər. Azərbaycan dövlət mülkiyyətinə və vətəndaşların şəxsi mülkiyyətinə milyardlarla dollar ziyan vurulub.
Ermənistanın işğalına son qoyulması işğal edilmiş və vaxtilə bir milyon azərbaycanlının yaşadığı suveren Azərbaycan ərazilərində törədilmiş dağıntıların həcmini üzə çıxardı və cəmiyyətdə böyük sarsıntı yaradıb.  Bir milyona yaxın insan 30 il müddətində evsiz, yurdsuz yaşamaq məcburiyyətində qaldı. 
Dağıntıların həcmi onu göstərir ki, Ermənistan dövləti məqsədyönlü şəkildə azərbaycanlıların bütün tarixi və mədəni izini silmək üçün bu dağıdıcı fəaliyyəti planlı şəkildə həyata keçirib.  
Ermənistanın təzminat ödəməsi hüquqi öhdəliyin yerinə yetirilməsidir. Bizim itkilərimiz sadəcə dağıdılan şəhərlərə dəymiş ziyanla kifayətlənmir. Azərbaycan dövləti 30 il müddətində qaçqın və məcburi köçkünlərin məskunlaşması, sosial- iqtisadi problemlərinin həlli istiqamətində də milyardlarla dolla vəsait xərcləyib.  Müharibə dövründə Azərbaycanın  erməni işğalına və suverenliyimizin bərpasına sərf etdiyi vəsaitlərin də həcçi hesablanmalıdır. 44 günlük müharibə və antiterror əməliyatlarına istifadə edilən silahlar, xüsusən də  pilotsuz hücum texnikaları bizə havayı başa gəlməyibki!? Azərbaycan dövləti silah- sursatın, ağır artilleriya və hava hücumundan müdafiə texnikalarına külli miqdarda vəsait xərcləyib.
Düşmənlə savaşda şəhid olan hərbiçilərimizin ailələrinə edilən ödənişlər, qazilərimizin sağalması istiqamətində xərclənən bütün vəsaitlər, onlara ödənən aylıq ödənişlərin miqyası ümumiləşdirilib Ermənistandan təzminat olaraq tələb  edilməlidir”.

Politoloq deyib ki, Ermənistan iqtisadiyyatının zəif büdcəsi bu təzminatı ödəmək iqtidarında  deyilsə,  bu artıq onların problemidir. Qonşu dövlətə qarşı işğalçılıq siyasəti yeridən zaman bütün bunları gözə almalıydılar: 
“Ermənistan əgər  maddi təzminatı qarşılaya bilmirsə, dünya təcrübəsində olduğu kimi onun borcları  torpaqla əvəzlənə bilər. Milyardlarla  dollarlıq təzminatı ödəmək çətindirsə, Ermənistan müəyyən əraziləri üzərində suveren hüquqlarından Azərbaycanın xeyrinə imtina etməli və ya suveren ərazilərində müəyyən funksional suveren hüquqları Azərbaycana verməlidir. Ermənistanın cəzalandırılması dünyada işğalçı dövlətin aqibəti baxımından görk olmalıdır və hər kəs bilməlidir ki, işğala cəhd işğalçı ölkənin suverenliyinin itirilməsinə qədər ağır cəzaya səbəb olur. Əks halda dünya gücləri heç bir işğalın qarşısına ədalətli modellə çıxa bilməzlər.
Bu, eyni zamanda, bölgədə uzunmüddətli sülhün bərpasına yol aça, Ermənistanda region yenidən qarışdıracaq revanşist istəklərin tarixə gömülməsini təmin edə bilər”.