Qərbin planları: Azərbaycan-Ermənistan şərti sərhədinin dəyişməsi... - RƏY


  2-ci Qarabağ müharibəsindən keçən dövr ərzində Azərbaycan hərbi gücünü xeyli dərəcədə artırıb, müdafiə sistemində yeni silahlı birləşmələr yaradılıb.
Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırılıb. Yeni Xüsusi Təyinatlı Qüvvələr, Komando qüvvələri yaradılıb və onların da say tərkibi ildən-ilə artır. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir. Paralel olaraq, yerli hərbi sənaye kompleksimiz də sürətlə inkişaf etdirilir. Bu il bu məqsədlə böyük vəsait ayrılıb.
  Azərbaycan Prezidenti İlham Əliyev 7-ci çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı bu məsələyə xüsusi diqqət ayırıb.
Hərbi gücümüzün artırılmasının dövlət qarşısında duran bir nömrəli vəzifə olduğunu xatırladıb. Onun sözlərinə görə, dünyada gedən proseslər, Ermənistanda revanşizm meyilləri bu sahəyə daim diqqət göstərilməsini zəruri edir: “Ermənistanın arxasında dayanan ölkələr, onların fəaliyyəti, onların qəbul etdikləri qərarlar, qətnamələr, açıqlamalar - bütün bunlar onu göstərir ki, bizə qarşı bu çirkin oyun hələ bitməyib. Bizim Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır. Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq”.
  İ.Əliyev çıxışı zamanı sərhədin müdafəsinin gücləndirilməsini növbəti vəzifə olaraq qeyd edib: “Mən bu haqda artıq bir neçə dəfə öz fikirlərimi ictimaiyyətə çatdırmışam. Hazırda həm Ermənistanla şərti sərhədimizdə mühəndis işləri aparılır, eyni zamanda digər qonşularla sərhədimiz müasir infrastrukturla təchiz edilməlidir.
  İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla vaxtilə işğal altında olan şərti sərhədimizin uzunluğu 500 kilometrdən çoxdur. Özü də bu şərti sərhədin relyefi, coğrafiyası çox ağır, həm də ki, iqlim nöqteyi-nəzərdən çox çətin yerlərdə yerləşir və orada xidmət aparmaq o qədər də asan deyil. Bizim bəzi xidmət yerlərimizin hündürlüyü 3 min metrdən çoxdur. Amma buna baxmayaraq, bizim sərhədboyu yerləşən hərbi mövqelərimiz möhkəmlənir. Biz şərti sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribat gözləmək olar və Ermənistan tərəfi həm kütləvi surətdə silahlanır, eyni zamanda xarici ölkələrlə, özü də böyük dövlətlərlə hərbi təlimlər keçirir. Ermənistana Qərb ölkələrindən silah, sursat göndərilir. Bəzi hallarda açıq - necə ki, Fransa-Ermənistan hərbi əməkdaşlığı açıq-aşkar aparılır - bəzi hallarda isə məxfi formada. Ancaq biz indi hər şeyi bilməliyik və bilirik, kimlər nəyi Ermənistana nə vaxt ötürür, hansı hərbi yük təyyarələri Ermənistan hava limanlarına enir və o yük təyyarələrində hansı hərbi məhsullar Ermənistana daşınır. Yəni Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır”.
  Siyasi şərhçi Asif Nərimanlı isə “Sherg.az"a açıqlamasında sərhədlərimizin möhkəmləndirilməsini zəruri edən birdən çox səbəblərin mövcud olduğunu deyib:
“Birincisi, texniki olaraq qiymətləndirmək olar. Qarabağın azad edilməsindən sonra Ermənistanla uzunluğu 500 kilometr olan şərti sərhəddə ordumuzun mövqeləri gücləndirilməli, yeni mühəndislik işləri aparılmalıdır. Dağlıq relyef görülməli olan işləri ikiqat çətinləşdirir.
İkincisi, Ermənistanın mümkün təxribat hücumlarıdır. Hazırda İrəvana Avropadan tutmuş Hindistana qədər müxtəlif ölkələrdən silah partiyaları daşınır. Bununla yanaşı, Ermənistan ordusunun gücləndirilməsi istiqamətində ABŞ də daxil olmaqla bir sıra ölkələr yaxından iştirak edir. Cəsarətlənən İrəvanın sərhəddə üstünlük qazanmaq, eləcə də maraqlarına uyğun olmadığını hesab etdiyi danışıqlar gündəliyini dəyişdirmək və Qərbin kollektiv dəstəyini əldə etmək üçün eskalasiyanın yaradılması məqsədilə təxribatlar törədə biləcəyi mümkün perspektivdir.
  Üçüncüsü, Qərbi Zəngəzur ABŞ, Avropa, Rusiya, Türkiyə, İran, hətta Çinin maraqlarının toqquşduğu geosiyasi hesablaşma poliqonuna çevrilir. Və bəllidir ki, bu hesablaşma məhz Azərbaycan-Ermənistan sərhədində mümkün eskalasiyanı şərtləndirə bilər. Və bütün bunların fonunda Azərbaycan-Ermənistan şərti sərhədinin dəyişməsi – sərhəd xəttinin Qərbi Zəngəzurun dərinliklərinə doğru çəkilməsi perspektivi də həmişə aktualdır”.