Bu görüşlər ən azından mövqelərin dinlənilməsi və real vəziyyətin müzakirəsi baxımından faydalıdır
Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri Sahibə Qafarova və Alen Simonyan oktyabrda Cenevrədə Parlamentlərarası İttifaqın (PAİ) 149-cu Assambleyası çərçivəsində regionda sülh səylərini müzakirə etmək üçün ikitərəfli görüş keçirəcəklər.
Bu barədə məlumatı PAİ -nin mətbuat katibi Tomas Fittssimons yayıb. O deyib ki, görüşün keçirilməsi ilə bağlı ilkin razılıq iki ölkənin parlament rəhbərləri arasında əvvəlki danışıqlar zamanı əldə olunub. Məlum olduğu kimi, indiyə qədər iki belə görüş olub. Üçüncü görüşün dəqiq tarixi bəlli olmasa da, bu, oktyabrın 13-dən 17-dək Cenevrədə keçirilən Parlamentlərarası İttifaqın 149-cu Assambleyası çərçivəsində hər hansı bir gündə baş verə bilər.
Yayılan məlumatda bildirilib ki, görüşdə məqsəd regionda sülh səylərinə parlament diplomatiyasının elementini daxil etməkdir.
Azərbaycan və Ermənistanın parlament sədrlərinin ikitərəfli görüşünü dəyərləndirən ekspertlərin fikrincə, bu cür görüşlər Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinə kömək edə bilər. Hesab edirlər ki, bu görüşlər ən azından mövqelərin dinlənilməsi və real vəziyyətin müzakirəsi baxımından faydalıdır.
Politoloq Tural İsmayılov da “Sherg.az"a açıqlamasında qeyd edib ki, Azərbaycan və Ermənistanın qanunvericilik hakimiyyət nümayəndələri arasında əlaqələrin daimi və sıx olmağı müsbət addım hesab edilməlidir:
“Bu cür görüşlərin həyata keçirilməsi sülh müqaviləsi ilə bağlı müzakirələrin davam etdiyini göstərir və Azərbaycanla Ermənistan arasında təkcə diplomatlar səviyyəsində deyil, həm də qanunverici hakimiyyət orqanlarının rəhbərləri səviyyəsində təmasların daimi olmağını özlüyündə ehtiva edir. Bu baxımdan hesab edirəm ki, Cenevrədə parlament rəhbərlərinin görüşü Azərbaycanla Ermənistan arasında yeni bir əlaqələr kollapsının yaranmağına səbəb olacaq ki, bu da hər iki ölkənin gələcək münasibətləri baxımından vacib əhəmiyyətə malikdir”.
Bundan əvvəl də Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş keçirildiyini xatırladan politoloq hesab edir ki, bu tip görüşlər bundan sonra da davam edəcək".