Ordumuz həmişə döyüş vəziyyətində olmalıdır
Müqaviləni bağlamaq üçün zəmin tam yetişsə belə, ermənilər müxtəlif bəhanələrlə onu bağlamaqdan yayınacaqlar
Azərbaycan Prezidenti cənab İlham Əliyevin yenidən formalaşan Milli Məclisin birinci iclasında çıxışı, bütün dünyada beynəlxalq münasibətlərin əsas mahiyyətini, mənasını, iç üzünü cəsarətlə hamıya bəyan etdi. Birbaşa bütün dünyaya bəyan etdi ki, "Bu gün beynəlxalq qanunlar işləmir. Kim güclüdür, o da haqlıdır!". Uzun illər daha çox əraziləri işğal etmək, daha çox təbii sərvətlər mənbələrini ələ keçirtmək, dünyada bütün xalqlara ağalıq etmək uğrunda fasiləsiz mübarizə aparılan geosiyasi güclərə, böyük dövlətlərə qarşı edilən cəsarətli bəyanatdır. Bu çıxış birbaşa fasiləsiz və amansız müharibə aparan geosiyasi güclərin, bizə qarşı edilən və gələcəkdə edilə biləcək təzyiqlərdən ehtibarlı qorunmaq üçün edilib.
Hazırda Ermənistanla münasibətlərin normallaşması, sülh danışıqları və digər məsələlər istiqamətində müzakirələrin davam etdiyini vurğulayan dövlət başçısı Ermənistanın sülh niyyətində olmadığını, vaxt uzatdığını deyib. Prezident bildirib ki, Ermənistan bu vaxtdan istifadə edərək xarici himayədarlarının dəstəyi ilə ordusunu silahlandırmaq, Azərbaycanı yeni münaqişəyə cəlb etmək istəyir. Ermənistanın Minsk qrupunun ləğvindən müxtəlif bəhanələrlə imtina etməsi və COP29-a qədər Azərbaycanla sülh müqaviləsinin imzalanmasına heç bir təşəbbüs göstərməməsi, eləcə Ermənistanın himayədarlarının bizə qarşı yenidən Qarabağ mövzusunu ortaya atması onu deməyə əsas verir ki, qarşı tərəf revanşist planlarından əl çəkməyə hazırlaşmır: “Sülh təşəbbüsünün Azərbaycan tərəfindən irəli sürülməsinə baxmayaraq, hazırda Ermənistan süni şəkildə məsələni uzatmağa çalışır. Görünən odur ki, daim havadarlarının diktəsi ilə oturub-duran Ermənistan mümkün qədər sülh prosesini uzatmaqla özünün çirkin niyyətlərini reallaşdıracağına ümid edir. Sürətli silahlanma, revanşizm meyilləri, Ermənistanın himayədarlarının Azərbaycana qarşı yenidən Qarabağ mövzusunu ortaya atması, sülh müqaviləsinin hazırlanması prosesində qeyri-adekvat və qeyri-səmimi münasibət, vaxt uzatma taktikası və digər məqamlar deməyə əsas verir ki, Ermənistan sülh istəmir, vaxt uzadır və hərbi potensial qurmağa çalışır”.
Ölkə başçısının sözlərinə görə, bu xüsusda Avropa İttifaqının missiya adı altında Ermənistana göndərmiş olduğu qruplar və digər faktlar bu ölkəni sülh prosesini pozmağa həvəsləndirir: “Qərbdən gələnlərin "binokl diplomatiyası" həyata keçirməsi bunun bariz nümunəsidir. Ona görə də, bu müstəvidə Ermənistanla yanaşı, Qərbin ikiüzlülüyü, riyakarlığı daha qabarıq görünür. Azərbaycanın sülhlə bağlı tələbləri konkretdir. Ermənistan Azərbaycana qarşı rəsmi ərazi iddialarına son qoymalı, konstitusiyasına dəyişiklik edilməli və ATƏT-in Minsk qrupu da ləğv olunmalıdır”.
İqtisad elmləri doktoru, professor Fikrət Yusifov “Sherg.az"a açıqlamasında deyib ki, ölkə başçısının çıxışı zamanı verdiyi mesajlar ölkənin strateji hədəflərini, qarşıda duran prioritet istiqamətləri əhatə edir:
“Ermənistanın ritorikası heç vaxt dəyişməyib. Sadəcə olaraq onlar İkinci Qarabağ savaşındakı ağır məğlubiyyətdən sonra bir müddət qorxudan səslərini yüksəkdən çıxara bilmirdilər. Müharibədən ötən müddətdə Qərblə əlaqələri bərpa edib, oradan maliyyə yardımları və hərbi yardımlar almaqla ayaqları yer tutmağa başlayıb. Mən dəfələrlə demişəm, ermənilərin başında hansı hökumətin dayanmasından və bu hökumətin rəhbərinin kimin olmasından asılı olmayaraq, erməni xisləti dəyişməyəcək. Biz ermənilərlə yüz illər münasibətdə olub bu xislətin dəyişməz olduğuna şahidlik etsək də, öz sadəlövhlüyümüzü yerə qoymağı bacarmırıq. Bu da bizim milli bəlamızdır. İnanırıq ki, nə vaxtsa ermənilər düzələcək, bizimlə sülh müqaviləsi bağlayacaq və iki ölkə arasında sivil münasibətlər formalaşacaq. Əvvəla onu deyim ki, 2030-cu ilə qədər sülh müqaviləsinin işartıları belə görünmür. İkincisi, bu müqaviləni bağlamaq üçün zəmin tam yetişsə belə, ermənilər müxtəlif bəhanələrlə onu bağlamaqdan yayınacaqlar. Gerçək durum budur. Qalan nə varsa bunun hamısı erməninin ipinin üzərinə odun yığmaqla özünü aldatmaqdır. Ordumuz həmişə döyüş vəziyyətində olmalıdır. Birdəfəlik bilməliyik ki, sərhədlərimizdə heç vaxt sakitlik olmayacaq. Ermənilər atacaqlar, təxribatlar törədəcəklər və ermənilərin Qarabağa qayıtması üçün dəridən-qabıqdan çıxacaqlar. Nə qədər acınacaqlı olsa da, reallıqlar budur”.