Suveren Azərbaycanın ərazi bütövlüyünə hörmət etməmək Kanada üçün rəzalətdir
Kanadanın xarici işlər naziri Melani Joli növbəti dəfə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib. O, öz bəyanatında ermənilərin Azərbaycanın Qarabağ bölgəsini guya məcburi şəkildə tərk etməsi barədə əsassız ittiham irəli sürüb.
Azərbaycanın ərazi bütövlüyünə zidd olan və regionda gərginlik yaratmağa xidmət edən mövqe nümayiş etdirib. Ermənistan 30 il əvvəl Azərbaycan ərazisinə hərbi təcavüz edəndə lal-kar-kor olan bu ölkə Azərbaycanın öz suveren ərazilərində heç bir mülki əhalini hədəf almadan həyata keçirdiyi antiterror tədbirini “etnik təmizləmə” adlandırıb.
Kanada xarici işlər nazirinin bölgədəki vəziyyətdən xəbərsiz olma ehtimalını yox saysaq, deməli, məqsədi ölkəmizə iftira atmaqdır. Lakin bu cür təxribatçı və qərəzli bəyanatlar regionun beynəlxalq hüququn prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneədən başqa bir şey deyil.
Onu da qeyd edək ki, tarixi reallıqlar fonunda Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı çatmır.
Bu gün Kanada özünü federativ dövlət və "güclü demokratik ənənələrə" əsaslanan parlament sisteminə malik bir ölkə kimi göstərir, yəni insan haqlarına və azadlıqlarına hörmət etdiyini iddia edir. Halbuki bu, dünyada cəlbedici görünmək üçün uydurulmuş nağıldan başqa bir şey deyil. Kanada bugünkü demokratiyasına yerli xalqların faciələri, əzabları və mədəni soyqırımı ilə gəlib.
Yarandığı gündən müstəqil xarici siyasəti olmayan Kanada Azərbaycanı müəyyən sanksiyalarla hədələyərək marionet dövlət olduğunu sübut edən Jolinin bəyanatları bir daha göstərir ki, onun missiyası müəyyən aktorların, məsələn, Vaşinqtonun göstərişlərini qeyd-şərtsiz yerinə yetirməkdir.
Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov “Sherg.az”a açıqlamasında Kanadanın beynəlxalq hüququn prinsiplərinə hörmət etməyən və ermənipərəstliyi beynəlxalq hüquqdan, ədalətdən üstün tutan ölkələrdən biri olduğunu deyib:
“Bu ölkənin xarici işlər naziri Melani Jolinin sentyabrın 22-də verdiyi növbəti ermənipərəst bəyanat da qeyd etdiyimiz fikri təsdiqləyir. Başdan-ayağa manipulyasiya və faktları təhrif etmək üzərində qurulan sözügedən bəyanat Kanada dövlətinin hazırkı mənəvi-siyasi deqradasiya durumunu və nazirin özünün saxtakar, yalançı simasını əyani göstərir.
Ermənistanın ölkəmizə qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü zamanı azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə, qırğınlar və vandalizm barədə susan Kanada hökuməti ötən ilin 19-20 sentyabrında keçirilən lokal antiterror əməliyyatı nəticəsində Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini tam surətdə bərpa etməsi ilə heç cürə barışa bilmir. Kanadalı nazir Dövlət Suverenliyi Günündə Azərbaycanı təbrik etmək əvəzinə, erməni yalanlarının dəstəkçisi kimi çıxış edir, antiterror tədbirlərinin mahiyyətini təhrif edən qərəzli erməni təbliğatına qoşulur.
Kanadalı nazir peşəkar diplomat və vicdanlı insan olsaydı, keçən ilin sentyabrında ermənilərin Azərbaycanın Qarabağ bölgəsini guya məcburi şəkildə tərk etməsi barədə əsassız ittiham irəli sürmək əvəzinə, öncə 44 günlük İkinci Qarabağ müharibəsinin nədən baş verməsinin və lokal antiterror tədbirlərinin hansı zərurətdən keçirilməsinin gerçək səbəblərini öyrənər, 30 illik münaqişənin və son dörd ildəki hadisələrin kökündə bilavasitə Ermənistanın işğalçılıq siyasətinin və Qarabağdakı erməni separatizminin dayandığını etiraf edərdi.
Lakin bütün ermənipərəstlər kimi Melani Joli də ənənəvi yolla hərəkət etməyi seçərək Azərbaycana qarşı qərəz və böhtan dolu bəyanatla çıxış edib”.
Politoloq hesab edir ki, kanadalı nazirin bəyanatı onu göstərir ki, Qərb siyasətçilərinə həqiqət lazım deyil:
“Məhz bunun nəticəsidir ki, Melani Joli heç bir mənəvi narahatlıq hissi keçirmədən, belə asanlıqla Azərbaycanın ərazi bütövlüyünə zidd olan və regionda separatizmi körükləməyə xidmət edən mövqe nümayiş etdirir. Ermənistanın işğalçı siyasətinin 1 milyon azərbaycanlının məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olmasına və yüz minlərlə Qərbi azərbaycanlının geri qayıdışına imkan verilməməsinə göz yuman Kanadanın baş diplomatı separatçı və terrorçu ermənilərin “vəkil”i rolunda çıxış edir. Bu, Kanadanın qeyri-insani, anti-bəşəri dəyərlərə söykənən ədalətsiz bir dövlət olduğunu göstərir. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd mövqe sərgiləmək və suveren Azərbaycanın ərazi bütövlüyünə hörmət etməmək Kanada üçün rəzalətdir. Erməni lobbisinə xidmət edən Melani Joli Kanadanın maraqlarına zərbə vurur”.
Ə.Hüseynov həmçinin qeyd edib ki, yerli aborigen xalqların soyqırımı nəticəsində yaranan Kanada digər ölkələri “dözümsüzlük”də ittiham edə biləcək sonuncu ölkədir: “Kanadada hindu uşaqları üçün açılan çoxsaylı internatlarda kütləvi şəkildə uşaqların öldürülməsi ilə bağlı hələ də üzə çıxan faktlar hamıya məlumdur.
1831-1996-ci illərdə kilsə tərəfindən idarə olunan yerli xalqlar üçün 130 məktəb-internat fəaliyyət göstərirdi. Onlar yerli xalqların assimilyasiyası siyasətini reallaşdırırdı. Bütün fəaliyyət dövründə həmin məktəblərdən 150 minə yaxın tələbə keçmişdir. Ən azı 3200 uşaq soyuq hava, pis qidalanma və xəstəliklər səbəbindən vəfat edib. Bu uşaqlardan bir çoxu fiziki və cinsi istismara, təcavüzə və yetərsiz qidalanmaya məruz qalaraq bəziləri də üzərlərində keçirilən tibbi sınaqlar səbəbindən ölüblər. Kamlupsdakı qırmızıdərili katolik kilsəsinin internat məktəbini bitirmiş 72 yaşlı Saa Hiil Sut həmin təhsil ocağında uzun illərdir ona edilən işgəncədən və orada başlarına gətirilənlərdən danışıb: “Günahkarlar cəzasız buraxılırlar. Vatikanın hələ də üzr istəməməsi həmin internatlarda minlərlə uşağın fiziki və cinsi istismara məruz qalması hadisəsinə biganəlikdir. Rəsmi məlumata görə, Kanada üzrə 139 katolik kilsəsinin internat məktəbləri fəaliyyət göstərir. Onların hamısı Kanada hökuməti adından katolik kilsəsi tərəfindən idarə olunur. Bütün dünya bu faktları bilir. Kanada öz etdiyi cinayətləri ört-basdır edir, törətdiyi soyqırımı görməzdən gəlir”.
2021-ci ildə isə Kanadanın Saskaçevan vilayətindən bu tip internat-məktəb həyətinin yanında 751 nəfərə aid məzarlıqlar tapılıb. “The Cowessess First Nation” bəyan edir ki, bu, Kanada ərazisində tapılmış ən böyük məzarlıqdır. Bir müddət sonra Britaniya Kolumbiyasında qazıntılar zamanı bu tip məktəb-internata yaxın 215 yeniyetmənin məzarlığı tapılıb. 3 yaşdan yuxarı olan uşaqlar 1900-1971-ci ildə burada dəfn edilib. Baş nazir Trudo bildirib ki, bütün bunlara görə Kanada məsuliyyət daşıyır”.