Fars Zərifi Pezeşkianın türk kimliyini qısqanır - RƏY

O, özünü İranın təməl ideoloji xəttinə sadiq adam kimi göstərir

  Sentyabrın 23-də ABŞ-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İran Prezidenti Məsud Pezeşkianla Türk Evində keçirilən görüşündə İran Prezidentinin strateji məsələlər üzrə müavini Məhəmməd Cavad Zərif iştirak etməyib.
  Müxtəlif media platformalarında yayılan məlumatlara əlavə edilən fotolarda Zərifdən başqa Pezeşkianın müavinlərinin hamısının iştirak etdiyi əks olunub. Zərifin görüşdə iştirak etməməsinin səbəbi barədə rəsmi açıqlama verilməsə də, bir sıra qeyri-rəsmi mənbələr iddia edir ki, Zərif iki dövlət başçısının görüşünün Türk Evində keçirilməsinə etiraz etdiyinə görə görüşə qatılmayıb. 
  Zərifin görüşdən imtina səbəblərini  şərh edən siyasi şərhçi Tural İrfan “Sherg.az"a açıqlamasında belə görüşlərin keçirilməsinin  vacib olduğunu deyib. 

Onun fikrincə, müsəlman, qonşu və türk əsilli dövlət başçılarının görüşü, münasibətləri sıxlaşmalıdır: “Yaxın Şərqdə alovlanan savaş artıq böyük müharibəyə aparır. Bu savaşın regionumuza da sıçraması an məsələsidir. İranın bu savaşa qarışdığı təqdirdə İsrail və ABŞ-nin də İrana zərbə endirəcəyi şübhəsizdir. Ümumiyyətlə, İran hökuməti çox ziddiyətli, orta əsr dövlət idarə üsullarına oxşar yarı dünyəvi, yarı teokratik bir rejimdən ibarət olduğu üçün hakim dairələr arasında ziddiyyətlər, vahid qərara gələ bilməmə halları adi haldır. Bu kimi ziddiyyətləri dərinləşməyə qoymayan və sonda qəti hökm verən ali dini - siyasi liderdir. Yəni sanki hökumətin, nazirlərin, parlamentin mövqeyi, fikirləri sadəcə görüntü xatirinədir, onsuz da bütün qərarları, əmrləri ali dini lider verir. Cavad Zərifin əvvəlki hökumətlərdə çalışdığı kimi indi də yenidən vəzifədə təmsil olunması onun sabiq xarici işlər naziri kimi İranın təməl ideoloji xəttinin təəssübkeşi kimi təcrübəsindən xəbər verir. 
  Pezeşkianın türk əsilli olması və bir sıra mesajlarında türk kimliyini büruzə verməsi fars Zərifdə qısqanclıq yaratmaya bilməzdi. İranın əsas dövlət ideoloji xəttində türk və müsəlman ölkələri ilə səmimi və qardaş münasibət yoxdur. Zərif bu xəttə sadiqdir. Hətta Pezeşkianın onu vəzifəyə təyin etməsindən bir həftə sonra o, istefa vermişdi. Görünür, sonra ali dini lider yanına çağırıb fikrindən döndərib və o, yenidən təyinat alıb”.
 
 T.İrfanın sözlərinə görə, İranda diplomatik qaydalara o qədər də həssas yanaşılmır. Siyasi şərhçi hesab edir ki, Zərif səbəbsiz yerə, yaxud başqa daha zəruri tapşırıqla məşğul olduğu üçün qatılmayıb: 
“Lakin Türk Evində keçirilən görüşə onun qatılmaması onun hazırkı prezidentə etiraz məqsədilə də ola bilər. Fars təəssübkeşliyindən əlavə qeyd etdiyimiz kimi İranın əsas dini ideologiyası məzhəbçi prinsiplər üzərində qurulduğundan əsla türk və digər müsəlman ölkələri ilə səmimi yaxınlıq yolverilməz qəbul edilib. Müsəlman ölkəsi olan Azərbaycanın öz ərazisinin digər hissəsi ilə Ermənistandan keçən quru yol əlaqəsinə, Zəngəzur dəhlizinə şiddətlə qarşı çıxan İran əsla Türkiyə ilə Azərbaycanın bu yol vasitəsilə daha da yaxınlaşmasını istəmir. Pezeşkian isə sanki bu ideologiyaya qarşı çıxır, yaxud özünü elə göstərir. Xalqın etimadını itirməmək üçün türk kimliyini gizlətmir, ancaq hələ ki, həlledici qərarlar da qəbul etmir. Görünür, hakimiyyət daxilində ona qarşı təzyiqlər və anlaşmazlıqlar çoxdur. Cavad Zərifin ilk təyinatından qısa müddət sonra istefa verib yenidən vəzifəyə qayıtması buna işarədir. Fars əsilli İran rəsmiləri əsasən Hindistan, Ermənistan, Fransa kimi qeyri-müsəlman və qeyri-türk dövlətlərin rəsmiləri ilə daha səmimidirlər, nəinki Türkiyə kimi qonşu ölkələrlə. Məhz bu qatı və hikkəli siyasət nəticəsində İran nə islam aləmində birmənalı qəbul olunmur, nə də ümumiyyətlə Şərqdə. Qərbin də ona münasibəti bəllidir”.