Yaxşı olar ki, Kanada rəsmiləri gedib tarixi yaxşı vərəqləsinlər, kimlərin kimlərə qarşı soyqırım həyata keçirdiyini görəcəklər
“Keçmiş qaranlıq olan, tarixən etnik təmizləmə, müstəmləkə siyasəti həyata keçirən dövlətlər ölkəmizə qarşı qarayaxma kampaniyalarına qoşulur. Erməni lobbisinin təsiri altında olan dairələr, ölkələr böhtan xarakterli bəyanatlarla zaman-zaman ölkəmizi hədəfə alırlar”. Bu barədə “Sherg.az"a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat hesab edir ki, Kanadanın ağlı özünə gedib: “19-cu əsrdə etnik təmizləmə və mədəni soyqırımı aktı törədən Kadana zənn edir ki, Azərbaycanda da ermənilərə qarşı bu cür siyasət həyata keçirilir:
“Kanada rəsmilərinə tarixi yaxşı vərəqləməyi və kimlərin kimlərə qarşı soyqırım, etnik təmizləmə siyasəti həyata keçirdiyini yaxşı araşdırmağı məsləhət görürəm. Azərbaycan dövləti tarix boyu nə Ermənistana, nə də başqa bir xalqların nümayəndələrinə qarşı “etnik təmizləmə” etməyib. 90-cı illərin əvvəllərinə Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinə hərbi təcavüz edərək torpaqlarımızı işğal edib. Azərbaycan isə 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 senytabrında həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində 30 illik erməni işğalına son qoyaraq ərazi bütövlüyü və suverenliyimizi bərpa edib”.
C.Məmmədov deyib ki, Kanada AB-nin Ermənistandakı missiyasını dəstəkləyir. Kanadanın Cənubi Qafqazdakı proseslərə müdaxiləsinin ilk dəfə olmadığını vurğulayan millət vəkili qeyd edib ki, əvvəlki dönəmlərdə də Kanada bölgəmizdəki olaylara nüfuz etməyə, kobud şəkildə müdaxiləyə çalışıb: “Təbii ki, bunlar xoş niyyətlə edilmir və Qərbin çirkin niyyətlərindən, məqsədlərindən xəbər verir. Qarabağı könüllü şəkildə tərk etmiş ermənilərin deportasiya olunması iddiasını irəli sürənlər Azərbaycanın qazandığı hərbi-siyasi uğurları həzm edə bilməyən dövlətlərdir. Ermənilərə canıyananlıq etmək istəyən Kanada 1988-ci ildən bəri Ermənistandan amansızcasına qovulmuş 300 minə qədər azərbaycanlının evindən, vətənindən didərgin salınmasına qəti münasibət bildirməyib. Qəbul edilmiş qaydalara əsasən hər bir dövlət beynəlxalq hüquqa hörmət və əməl etməlidir. Təəssüf ki, özünü demokratiyanın beşiyi zənn edən, insan hüquqlarından danışan dövlətlərin özləri tarix boyu ədalətsizlik edənlərdir. 1876-cı ildə Kanada ərazisində yaşayan yerli xalqları rezervasiyalarda yerləşdirməsi etnik təmizləmə və mədəni soyqırımının ali nəticəsi idi. Yerli xalqlar kənd təsərrüfatı və maldarlıq üçün faydalı olmayan torpaqlarda yerləşdirilmiş, nəticədə onlar arasında aclıq və müxtəlif xəstəliklər geniş yayılmışdı. Təsadüfi deyildir ki, 2022-ci ilin iyulunda Roma papası da kilsənin Kanadada yerli xalqları zorla assimilyasiya etməsini soyqırımı adlandırıb. Ahiarmiut presedenti yerli xalqlara qarşı yalnız mədəni deyil, gerçək soyqırımı həyata keçirilməsini sübut edir”.