Anım Günü, müharibənin bizə öyrətdiyi dəyərləri, ordumuzun və xalqımızın gücünü bir daha xatırlamaq imkanıdır
2020-ci il 27 sentyabr tarixi Vətən müharibəsinin başlandığı, Azərbaycan xalqının hər bir fərdinin işğaldakı torpaqlarımızı azad etmək üçün birləşdiyi, bir yumruğa çevrildiyi müqəddəs bir gündür. Məhz 27 sentyabr günündən başlayaraq 10 noyabr tarixinə qədər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan ordusu işğaldakı torpaqlarımızı yağı düşməndən azad etdi, dövlətimizin ərazi bütövlüyünü təmin etdi. Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Qeyd edək ki, Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törədib. Vətən müharibəsində Silahlı Qüvvələrimizin minlərlə hərbi qulluqçusu həlak olub, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşüb, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirib. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunub.
Milli Məclisin deputatı Şahin Seyidzadə “Sherg.az"a açıqlamasında 27 sentyabr – Anım Gününün Azərbaycan üçün tarixi və əhəmiyyətli bir gün olduğunu deyib. Millət vəkilinin sözlərinə görə, bu tarix 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsinin başlanğıcına işarə edir:
“Müharibə, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək məqsədilə həyata keçirildi və Azərbaycan Ordusunun gücü, müstəqillik və milli birliyin simvolu oldu. 44 günlük Vətən müharibəsində, ordumuzun müasir döyüş taktikaları, yüksək döyüş ruhu və peşəkarlığı ilə müasir tariximizdə yeni bir mərhələ açdı. Müharibə nəticəsində, 30 ildən artıq işğal altında olan torpaqlarımız azad edilib və bu, yalnız hərbi qələbə deyil, eyni zamanda milli kimliyimizin bərpası, öz xalqımızın tarixi hüquqlarının tanınması deməkdir.
Bu gün biz müharibədə qəhrəmancasına döyüşən şəhidlərimizi anırıq. Onların fədakarlığı və qorxmazlığı sayəsində biz torpaqlarımızı geri aldıq. Anım Günü, həm də birlik və həmrəylik simvoludur; hər bir azərbaycanlının bu qələbəyə olan töhfəsini qeyd etmək, müstəqil və güclü bir dövlətin nümayəndəsi olaraq bir araya gəlmək üçün əhəmiyyətlidir. Anım Günü, müharibənin bizə öyrətdiyi dəyərləri, ordumuzun və xalqımızın gücünü bir daha xatırlamaq imkanıdır. Bizi bir araya gətirən, milli qürurumuzu artıran bu gün, gələcək nəsillərə də müstəqilliyimizin, azadlığımızın və torpaqlarımızın əhəmiyyətini çatdırmaq baxımından önəmlidir. 27 sentyabr, Vətənə sevgi, birlik və qətiyyətin simvolu olaraq, hər zaman yaddaşımızda qalacaq”.