Prezident Salome Zurabişvili də müxalif qüvvələrə dəstək verir
Oktyabrın 26-da Gürcüstanda çox vacib seçki keçiriləcək. Gürcü xalqı parlamentin yeni tərkibini və hökuməti hansı siyasi partiyanın formalaşdıracağını müəyyən etməklə bərabər, ölkənin hansı istiqamətdə irəliləyəcəyinə qərar verməlidir.
Ekspertlərin fikrincə, Gürcüstandakı gərgin seçki kampaniyası seçki gecəsi və sonrasında ciddi vətəndaş qarşıdurması ilə nəticələnə bilər. Belə ki, postsovet məkanında avrointeqrasiya istiqamətində çoxdan seçim etmiş və ötən müddətdə bu yolda xeyli irəliləmiş Gürcüstan təkrar yolayrıcına qayıdıb, yaxud qaytarılıb. “Gürcü Arzusu” hökuməti xalqın sülh və müharibə; müxalifət isə Avropa və Rusiya arasında seçim edəcəyini bildirir.
Qeyd edək ki, 2023-cü ilin dekabrında Avropa İttifaqı Şurasının Gürcüstana Aİ üzvlüyünə namizəd statusu verilməsi barədə rəsmi qərarını elan etməsi gürcülərin müstəqilliyin ilk anlarından, hətta sovet dövründən xəyalını qurduqları və bu yolda çətin mübarizə mərhələlərindən keçdikləri idealın gerçəkləşməsi istiqamətində atılmış tarixi addım idi. Lakin bu hadisənin ölkədə yaratdığı bayram əhvalı uzun sürmədi və “Gürcü Arzusu” həmin ilin martında parlamentdə birinci oxunuşdan keçirib, etiraz aksiyalarından sonra geri çəkdiyi "Xarici təsir agentləri haqqında" qanun layihəsini təkrar gündəmə gətirdi. Bu layihənin qəbul olunacağı halda ölkənin üzvlüyə qəbulu prosesinin dayandırılacağı barədə Aİ rəhbərliyindən, eyni zamanda ABŞ ilə strateji tərəfdaşlığın ciddi zərər görəcəyi barədə Vaşinqtondan gələn xəbərdarlıqlara baxmayaraq, qanun 2024-cü ilin may ayında parlamentdə təsdiqləndi. Avqust ayından etibarən də qüvvədədir. Sentyabrın 17-də isə Qərbin etirazına səbəb olan daha bir qanun layihəsi – "Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında" adlı anti-LGBT qanunu qəbul olunub. Hər iki qanun Rusiyada daha əvvəl qəbul olunmuş qanunvericilik aktlarının analoqudur və Gürcüstanın müxalif çevrələrində rus qanunları kimi xarakterizə olunur. Hökumət mənsubları isə qeyd edirlər ki, bu qanunlar gürcü milli kimliyini və milli-mənəvi dəyərlərini qorumağa yönəlib.
Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Məhəmməd Əsədullazadə “Sherg.az"a açıqlamasında deyib ki, Gürcüstanda gözlənilən parlament seçkiləri hökumətlə müxalifət arasındakı ciddi rəqabət və gərginlik fonunda baş tutacaq:
“Hər iki tərəf seçkilərə çox ciddi şəkildə hazırlaşır. Onu da deyim ki, Gürcüstanda ilk dəfə olaraq, parlament seçkiləri tam proporsional sistem üzrə keçiriləcək və azı 5 faiz səs almış partiya və bloklar parlamentdə təmsil olunacaq. Bu da 2017-si ildəki Konstitusiya dəyişikliklərindən irəli gəlir. Dəyişikliyə əsasən hər hansı partiya və ya blok 150 üzvdən ibarət parlamentdə azı 76 yer əldə edə bilməsə, koalisiya hökuməti yaradılmalıdır. Siyasi partiyaların Mərkəzi Seçki Komissiyasında qeydiyyatı avqustun 30-da yekunlaşıb və 27 partiya öz namizədlər siyahısını təqdim etmək hüququ əldə edib”.
Gürcü müxalifətinin vahd cəbhədə deyil, ayrı-ayrı cəbhələrdə seçkilərə getdiyini vurğulayan politoloq hesab edir ki, bu da parlamentdə daha çox yer tutma və yeni fraksiya yaratmağa hesablanıb: “Son illər dövlət içərisində hökumətə qarşı müxalif mərkəzə çevrilmiş Prezident Salome Zurabişvili də seçkilərdə müxalif qüvvələrə dəstək verir və onun özünün baş nazir namizədi var. Hakim “Gürcü arzusu” Partiyası isə dövlət resursları hesabına öz fəaliyyətini daha da gücləndirir. Fikrimcə, seçkilərdə bu partiya qələbə çalacağı təqdirdə ölkədə gərginlik artacaq, hətta ciddi qarşıdurma olacaq. Lakin bu qarşıdurmanın inqilab səviyyəsinə yüksələcəyini zənn etmirəm. Gürcü müxalifəti artıq əvvəlki müxalifət deyil. "Xarici təsir agentləri haqqında" qanunun qəbulundan sonra Qeyri-hökumət təşkilatları bir araya gəlib mübarizə aparsalar da, seçki prosesində onların fəaliyyətində bir o qədər də aktivlik müşahidə edilmir”.