Sarkisyan və Köçəryan əvvəlcə cinayətkar kimi tanınmalıdır

Onların Azərbaycana təhvil verilməsi indiki reallıqda mümkün görünmür 


  Ermənistan mətbuatında Birinci Qarabağ müharibəsi zamanı separatçı silahlı dəstələrə başçılıq etmiş və müharibə cinayətləri törədən liderlərin mühakimə olunması ilə bağlı xəbərlər dolaşır. Sözügedən mövzunun başında isə müharibə vaxtı separatçı qüvvələrə, daha sonra isə Ermənistan hakimiyyətinə rəhbərlik etmiş Robert Köçəryan və Serj Sarkisyan dayanır.
Paşinyana müxalif olan bir sıra mənbələr açıq-aşkar bildirir ki, baş nazir həm hakimiyyətini sığortalamaq, həm də Azərbaycanla münasibətlərdə dönüş nöqtəsi yaratmaq üçün hər iki keçmiş lideri Bakıya təhvil verə bilər.
  Erməni türkoloq Varujan Qeqamyan erməni  mediaya açıqlamasında deyib ki,   mövcud vəziyyət bir daha təsdiqləyir ki, Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi yoxdur. “İndiki proses sadəcə olaraq Azərbaycan tərəfinin Ermənistanın de-fakto hakimiyyəti tərəfindən ardıcıl olaraq yerinə yetirilən şərtlər və tələblər irəli sürməsi ilə bağlıdır. Bütün bunlar deyilənlərin fonunda baş verir. “80 faiz razılaşdırılmış sülh müqaviləsi”, amma fakt budur ki, imzalanmış müqavilə yoxdur, sülh yoxdur, yalnız bir şey var - Azərbaycanın artan tələbləri. Başqa sözlə, biz hər mənada iflasa uğramış bir xarici siyasət ilə üzləşirik. Ermənistan hakimiyyəti artan təhlükəsizlik təhdidlərini neytrallaşdırmaq üçün heç bir təsirli addım ata bilməyib”.
  Erməni ekspertin fikrincə, bundan sonra Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyan Azərbaycanın təqib hədəfinə çevriləcəklər: “Hətta bütün ermənilərin katolikosu və bir çox başqaları da hədəf ola bilər”.
  Robert Köçəryan və Serj Sarkisyan Azərbaycana təhvil verilə bilərmi?
Ümumiyyətlə, Azərbaycan bu şəxslərin beynəlxalq hüquq çərçivəsində mühakimə olunmasına nail olacaqmı?
Politoloq Oqtay Qasımovun fikrincə, erməni mətbuatının bu məsələ ilə bağlı fəaliyyəti, Azərbaycan Prezidentinin son çıxışları ilə paralellik təşkil edir: “İddiaların əksəriyyəti daha çox daxili siyasi mübarizə üçün istifadə oluna bilər. Onların əksəriyyətinin həqiqətə uyğunluğu ciddi şübhə altındadır və hansısa əsası yoxdur. O cümlədən, bu mövzuya toxunulması və sözügedən iddianın səsləndirilməsi də sırf onunla bağlıdır ki, bir neçə gün öncə Azərbaycan Prezidenti Bakıda keçirilən beynəlxalq konfransa ünvanladığı müraciətində itkin düşmüş şəxslər, hərbi cinayətlər kimi məsələlərə toxunmuşdu. Ermənistan hökumətinin də əslində, bu məsələdə tutduğu mövqeyin yanlış olduğunu xüsusi qeyd etmişdi”. 
  Politoloqun fikrincə, Azərbaycan vaxtilə ərazilərimizdə müharibə cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün ciddi addımlar atır:
“Prezident qeyd etmişdi ki, əgər Ermənistan beynəlxalq hüquqa hörmət etsəydi, nəinki onların heykəlləri ucaldılmalı, əksinə, əli müharibə cinayətlərinə bulaşmış şəxslərin əksəriyyəti müttəhim kürsüsündə oturmalı idi. Məhz bu fikirləri Ermənistan mətbuatında müxalifət Paşinyana qarşı tezis kimi istifadə edilir. Təbii ki, Azərbaycan bu məsələlərlə bağlı öz mövqeyini ifadə edib və xalqımıza qarşı son 30 ildə cinayətlər törətmiş hər bir şəxsin öz əməlinə görə məsuliyyətə cəlb olunmasına çalışacaq. Məncə, Ermənistanın hər iki cinayətkar rəhbəri nə vaxtsa cavab verməli olacaqlar”.
  Araşdırmaçı-jurnalist Asəf Quliyev isə  “Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan  Sarkisyan və Köçəryanın  bəşəriyyətə  qarşı cinayət törətmiş şəxslər kimi mühakimə olunması məsələsini daim gündəlikdə saxlamalı,  bu istiqamətdə real addımlar atmalıdır. Lakin onların Azərbaycana təhvil verilməsi indiki reallıqda mümkün görünmür:

“Əvvəlcə beynəlxalq birlik Sarkisyanla Köçəryanı cinayətkar kimi tanımalıdır. Ancaq bundan sonra bu canilərin Azərbaycana təhvil verilməsi, yaxud beynəlxalq hüquq çərçivəsində mühakimə edilməsini  gözləmək olar. Hələliksə dünya onları Xocalı qatili yox, Ermənistanın eks-prezidentləri kimi tanıyır.  Erməni cinayətlərinin dünya ictimaiyyətinə təqdim olunması, azərbaycanlılara qarşı törədilən soyqırımlarda həmin bu şəxslərin birbaşa iştiraklarını sübuta yetirmək isə Azərbaycanın üzərinə düşən əsas öhdəliklərdən biridir. Bu istiqamətdə çox ciddi işlər görülməlidir”.