SHAM sədri: Sarkisyan kimilər cəzasız qala bilməz

Belə cinayətkarlar nəinki Azərbaycan üçün, bütün bəşəriyyət, insanlıq üçün təhlükəlidir

  Ermənistanın eks-rəhbərləri, Xocalı qatilləri Robert Köçəryan və Serj Sarkisyanın Azərbaycana təhvil verilməsi məsələsi yenidən gündəmə gəlib. Bəzi ekspertlər bu şəxslərin Azərbaycana təhvil verilə biləcəyini iddia edir.


  Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov “Sherg.az"a açıqlamasında deyib ki, indiki reallıqda adıkeçən cinayətkarların Ermənistan hökuməti  tərəfindən Azərbaycana təhvil verilməsi inandırıcı görünmür:  

“Azərbaycan tələb edir ki, bu şəxslər Qarabağda törətdikləri cinayətlərə görə mühakimə olunub, layiqli cəzanı alsınlar. Lakin bir reallıq var ki, Ermənistan əli xocalıların qanına batmış eks prezidentləri təhvil verəcək olsaydı, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbs olunan və hazırda  müvəqqəti saxlanma təcridxanalarında olan Ruben Vardanyan, Araik Arutyunyan, Bako Saakyan kimi kimi cinayətkarlarla bağlı beynəlxalq platformalarda əsassız ittihamların səsləndirilməsi  üçün bu qədər səy göstərməzdilər.  
  Azərbaycana qarşı çıxışlar edib, bəyanatlar səsləndirən separatçı Samvel Şahramanyana Ermənistanda rahat şərait yaradılması Ermənistan hökumətinin sülh prosesində səmimi olmadığını göstərir. 
Düzdür, Ermənsitanda Azərbaycanla sülh sazişinin bağlanmasını, düşmənçiliyə son verib, Cənubi Qafqazda sülhə nail olunmasını istəyən qüvvələr var. Lakin  revanşist hissləri alovlandıran Köçəryan, Sarkisyan kimi şəxslər olduğu müddətdə Azərbaycanla Ermənistan arasında danışıqlar prosesində ciddi bir irəliləyiş olmayacaq. Əgər Nikol Paşinyan həqiqətən də sülhə nail olmaq, Azərbaycanla münasibətləri normallaşdırmağa qərarlıdırsa və həmişəlik sülh əldə etmək istəyirsə, bu halda Azərbaycanın haqlı tələblərinə əməl etməli, Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan kimi cinayətkar ünsürləri Azərbaycana təhvil verməlidir. Bu canilər faktiki olaraq Azərbaycan xalqına, Azərbaycana qarşı cinayətlər törədiblər, bununla bağlı kifayət qədər sübutlar var. Xocalı soyqırımında birbaşa əli və iştirakı olan  Serj Sarkisyan kimi  cinayətkarlar  cəzasız qala bilməz. Belə cinayətkarların cəzasız qalması nəinki Azərbaycan üçün, bütün bəşəriyyət, insanlıq üçün təhlükəlidir. Nikol Paşinyan bu məsələdə ədalətli və haqlı mövqe sərgiləməlidir ki, cinayətkarların məsuliyyətə cəlb edilməsi ilə tarixi ədalətin bərpa edilməsində iştirak etsin, eyni zamanda Ermənistan cəmiyyətini, erməni toplumunu, dövlətini belə cinayətkar ünsürlərdən təmizləmiş olsun”.

  X.Bəşirovun sözlərinə görə, Sarkisyanın və Köçəryanın indiki halda heç bir imtiyazı  olmadığı üçün soyqırımı və  digər cinayətlərdə iştirakı ilə bağlı hüquqi təqib başladıla bilər: 
“Azərbaycan hökuməti isə beynəlxalq hüququn tələblərinə uyğun olaraq onlar haqqında tədbir görə, onların məsuliyətə cəlb olunması ilə bağlı real addımlar ata bilər. Bu bizim  beynəlxalq hüquqla tanınan haqqımızdır. Lakin  zamanı yetişənə qədər biz  atılması vacib olan digər  addımları atmalıyıq. Həbs olunan  erməni canilərinə layiq olduqları cəzalarlı verməli, sülh sazişini bağlamalı və Ermənistan hökumətinin  işğal dönəmində Azərbaycana vurduğu zərərlə bağlı təzminatın alınmasına nail olmalıyıq”.