Halbuki super güclər təşəbbüskarlıq göstərməli və dünyanı birləşdirən həll yolları axtarmağa kömək etməlidirlər
Prezident İlham Əliyev COP29 öncəsi tədbirinin iştirakçılarına müraciətində bəzi media qurumlarının Azərbaycanın imicini ləkələmək məqsədi daşıyan qarayaxma kampaniyasına toxunub.
Dövlət başçısı bu cəhdlərin əbəs olduğunu bildirib: "Bu cəhdlər əbəsdir və bizi iqlim dəyişmələrinin mənfi təsirləri ilə mübarizə aparmaq üçün nəcib missiyamızı həyata keçirməkdən çəkindirə bilməz".
Qeyd edək ki, 2023-cü il sentyabrın 20-də Azərbaycanın öz suverenliyini bərpa etməsindən az sonra həmin, il dekabrın 9-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəf Dövlətlərinin 29-cu görüşünə (COP29) Azərbaycanın ev sahibliyi etməsi barədə qərarın yekdilliklə dəstəklənməsi dünya dövlətlərinin Azərbaycanın beynəlxalq sülh və inkişaf məsələlərinə dair baxışına böyük dəstək verməsinin sübutudur. Azərbaycan tərəfinin COP29-a yüksək səviyyədə davam edən hazırlığı, bütövlükdə, bəşəriyyəti narahat edən iqlim dəyişmələri üzrə fundamental məsələlərin həllinə nə dərəcədə ciddi yanaşmasının göstəricisidir.
ABŞ və Fransa kimi ölkələrin COP29 ərəfəsindəki destruktiv davranışları isə iqlim konfransını siyasiləşdirmək cəhdidir və qərəzli mövqedən çıxış edir. Bu yanaşma, əslində, iqlim dəyişikliyi ilə mübarizədə vacib olan qlobal əməkdaşlığa zərbə vurur və diqqəti əsas hədəfdən yayındırır.
Millət vəkili Nigar Məmmədova da bu mövzuyla bağlı qeyd edib ki, ABŞ-nin COP ərəfəsində bu destruktiv davranışı iqlim konfransını siyasiləşdirmək cəhdidir: “Ən çox müharibələr aparan, ən çox neft istehsal edən, ekologiyanı ən çox çirkləndirən ABŞ iqlim maliyyəsilə bağlı xərcləri artırmaq əvəzinə diqqəti tamam başqa istiqamətə yönəldir. Azərbaycanla yenə təzyiq və təhdid dili ilə danışmağa çalışır. Azərbaycanı “etnik təmizləmə”də ittiham edirlər.
Azərbaycanın ABŞ ilə mehriban münasibətlər qurmaq və inkişaf etdirmək üçün konstruktiv davranışına qarşılıq bu cür qərəz təbii ki, qəbuledilməzdir.
Azərbaycan COP29-un timsalında bütün planeti narahat edən məsələlərin müzakirəsinə ev sahibliyi etməyə hazırlaşır. Hazırda iqlim dəyişikliyi elə problemlər yaradıb ki, bütün dünya ölkələri vahid mövqedən çıxış etməli, həll yolları tapmaqda maraqlı olmalıdırlar. Xüsusilə ABŞ dünyanın super gücü kimi bu məsələdə öndə getməli, təşəbbüskarlıq göstərməlidir”.
Tarixçi-alim Kamran Əsədov isə “Sherg.az"a açıqlamasında deyib ki, ABŞ tarixən bir çox müharibələr aparan, ətraf mühitə təsir edən sənaye sektorlarına sahib olan ölkədir. Dünyada neft hasilatında və istehlakında ön sıralarda olduğu üçün iqlim dəyişikliyinə təsir edən əsas səbəblərdən biri kimi qəbul edilir. Belə bir mövqedən çıxış edərək iqlim konfransını siyasiləşdirməsi, əslində, məsuliyyəti digər ölkələrə yükləmək cəhdidir. Tarixçinin sözlərinə görə, iqlim dəyişikliyi ilə mübarizədə əsas olan iqlim maliyyəsidir:
“İqlim maliyyəsi ilə bağlı ABŞ-nin yetərsiz davranışı, mövcud vəziyyətin yaxşılaşdırılması istiqamətində qlobal səylərə əngəl yaradır. Dünya ölkələri arasında daha balanslı və ədalətli əməkdaşlıq üçün ABŞ-nin öz məsuliyyətini daha çox dərk etməsi və maliyyə xərclərini artırması vacibdir. Azərbaycan isə ABŞ ilə əlaqələri inkişaf etdirmək niyyətindədir və iqlim konfransı kimi qlobal platformalarda fəal iştirak edərək, bu proseslərə konstruktiv yanaşır. Lakin ABŞ-nin Azərbaycanı “etnik təmizləmə” kimi ağır ittihamlarla təzyiq göstərməsi, Azərbaycan tərəfinin mehriban münasibət yaratmaq səylərinə qarşılıq olaraq qəbuledilməzdir. Bu ittihamlar, əslində, Azərbaycanla münasibətləri siyasi təzyiq vasitəsinə çevirməyə çalışmaq kimi görünür. Azərbaycan COP29-un ev sahibliyini həyata keçirməyə hazırlaşır və bu mötəbər tədbirdə qlobal səviyyədə iqlim dəyişikliyinin həll yollarını müzakirə etməyə çalışır. Bu isə Azərbaycanın qlobal səviyyədə məsuliyyətli bir mövqe tutduğunun göstəricisidir. Belə qlobal tədbirlərdə hər bir ölkə, xüsusilə də ABŞ kimi super güclər, təşəbbüskarlıq göstərməli və dünyanı birləşdirən həll yolları axtarmağa kömək etməlidir. İqlim dəyişikliyi kimi qlobal təhlükəyə qarşı mübarizədə dünya ölkələrinin vahid mövqedən çıxış etməsi vacibdir. ABŞ-nin bu mövzuda daha konstruktiv addımlar atması və qərəzsiz yanaşması, həm qlobal iqlim məqsədlərinə çatmaq, həm də regional əməkdaşlığı gücləndirmək baxımından əhəmiyyətlidir”.