Azərbaycan liderliyində mükəmməl olacaq
Bu tədbir Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və müəyyən məsələlərin həllində də mühüm rol oynayacaq
Qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan, dünyanın ən böyük tədbiri sayılan COP-un 29-cu iclasının Bakıda öz işinə başlamasına bir ay qalıb.
Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP)" noyabrın 11-dən 22-dək Azərbaycan paytaxtı Bakıda keçiriləcək. Ehtimallara görə, təqribən 70-80 min xarici qonaq iki həftə ərzində Azərbaycanda olacaq.
COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir. COP tədbirlərinin məqsədi, Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaq olur.
BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29-un 2024-cü ilin noyabrında Azərbaycanda keçirilməsi elan ediləndən bəri rəsmi Bakı hazırlıq işlərinə çox da vaxt qalmadığını və işlərə start verdiyini bildirib.
Hazırda da ciddi hazırlıq işləri görülür. Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub. Tədbir günlərində paytaxtda nəqliyyatın hərəkətinin necə təşkil ediləcəyi barədə hələ ictimiyyətə məlumat verilməsə də, COP29-a görə Azərbaycanda orta məktəblərdə payız tətilinin vaxtı dəyişdirilib. Nazirlər Kabinetinin qərarına görə, məktəblərdə payız tətili noyabrın 12-dən 22-dək olacaq. Bundan başqa, Bakı və Sumqayıt şəhərlərində, o cümlədən Abşeron rayonunda peşə və ali məktəblər distant təhsilə keçiriləcək.
Qeyd edək ki, COP-un gündəliyi olduqca aktual məsələlərlə zəngindir. İqlim maliyyəsindən tutmuş neokolonializm probleminə qədər çoxsaylı mövzuların müzakirəsinə bu platformada imkan yaranacaq. COP29 elə bir platformadır ki, burada təkcə dünyanı qlobal iqlim dəyişikliyindən qorumağın yolları müzakirə olunmayacaq; yaşıl dünyaya çağırışlar edilməyəcək! Bu platforma həm də son illərdə böyük uğurlara, müharibədə möhtəşəm qələbəyə imza atan Azərbaycanın inkişafının müzakirəsi, ölkəmizin yeni obrazda dünyaya təqdimatı olacaq. Daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməklə Azərbaycan, eyni zamanda öz gücünü, imkanlarını, ən sabit, təhlükəsiz bir ölkə olması gerçəyini bütün dünyaya nümayiş etdirəcək.
Artıq COP öncəsi tədbirlərə də start verilib. 10-11 oktyabr tarixində müxtəlif ölkələrin nazirləri Azərbaycanda COP29 öncəsi iqlim maliyyələşdirməsi, iqlim dəyişikliyinə uyğunlaşma, qalıq yanacaqlardan keçidin sürətləndirilməsi ilə bağlı COP28-in öhdəliklərinin yerinə yetirilməsi kimi məsələləri müzakirə edəcəklər.
İki gün davam edəcək tədbir danışıqların əsas siyasi istiqamətlərini müzakirə etmək, həll edilməmiş məsələlərin həlli yollarını tapmaq və COP29 tədbirinin tonunu müəyyən etmək üçün nazirlərin görüşüdür.
Pre-COP29: Ambisiyaların Yüksəldilməsi və Fəaliyyətin Aktivləşdirilməsi çərçivəsində keçirilən panel müzakirəsində çıxış edən Braziliya xarici işlər nazirliyinin iqlim, enerji, ətraf mühit üzrə xüsusi nümayəndəsi Andre Correa do Lagonun sözlərinə görə, çoxtərəflilik təşviq edilməlidir:
“Biz çətin durumdayıq. Ciddi parçalanma, pərakəndəlik var. Gələcək üçün addım atmalıyıq. Təəssüf ki, bir çoxları çoxtərəfliliyin nəticə verməyəcəyini düşünür. Amma biz çalışmalıyıq ki, çoxtərəflilik reallaşsın. Düşünürük ki, Bakıda yüksək nəticələr əldə etmək olar. Biz çalışmalıyıq nailiyyətlərə imza ataq. Böyük 20-likdə Braziliya təmsil olunur. Çoxtərəfliliyin legitimliyinə Braziliya inanır və bunu davamlı olaraq vurğulayır. Nyu-Yorkda Böyük 20-liyin XİN rəhbərlərinin iclası keçirilib, çoxtərəfliliyi təşviq etmişik. Braziliya və hamımızın gördüyü işlərin hər biri çoxtərəfliliyi inkişaf etdirməlidir”.
“Gələcək nəsillər iqlim dəyişikliyi ilə mübarizənin çətin olması bəhanəsini qəbul etməyəcək”. Bunu isə Aİ-nin İqlim Fəaliyyəti üzrə Komissarı Vopke Hoekstra deyib. O bildirib ki, bizim seçimimiz yoxdur: “Burada yaxşı, ya pis seçimimiz yoxdur. Bizim artıq 2035-ci ilə qədər məqsədlərimiz var. 2050-ci ilə qədər xalis 0 məqsədinə nail olmalıyıq. Gördüyümüz işlərin elmi əsasları olmalıdır. Aİ olaraq biz başqa ölkələrdə də iqlim sahəsində elmi araşdırmaların aparılmasına dəstək oluruq. Elm hər şeyin əsasıdır. Bir sıra layihələr var. Burada mütəxəssislər və peşəkarlar iştirak edir. Biz prosesləri sürətləndirməliyik. İqlim dəyişikliyinin həm Yer kürəsinə təsirini, həm də ölkələrin nə etməli olduğunu bilməliyik. Biz iqlim dəyişikliyinin təsirini qiymətləndirməliyik. 3 ay ərzində sorğular keçirmişik. Sorğu nəticəsi göstərir ki, daha cəsarətli addımlara ehtiyac var. Biz 90 faiz hədəfləri 2040-cı ilə qədər çatdırmaq istəyirik. Aİ ilə digər ölkələrin əməkdaşlığı ilə məqsədləri reallığa çevirməliyik”.
Ətraf mühit fəalları isə hesab edirlər ki, bu il Bakıda keçiriləcək COP29 tədbirində gərgin müzakirələrə şahid olacağıq.
Dünyanı xilas etmək kimi əhəmiyyətli bir vəzifənin Azərbaycana həvalə edildiyini vurğulayan ekofəallar inanır və ümid edirlər ki, COP29 tədbiri Qlobal sitiləşməyə qarşı mübarizədə önəmli rol oynayacaq.
Ekoloq Rövşən Abbasov da “Sherg.az"a açıqlamasında deyib ki, COP29 tədbiri çərçivəsində maraqlı tərəflərin 2024-cü ildə Azərbaycanda toplanması bizim üçün böyük bir qürur mənbəyidir:
“Ümid edirik ki, noyabr ayında Azərbaycanın liderliyində BMT ilə birgə üzərimizə qoyulan və mandatı bizə verilən bütün sahələrdə səmərəli qərarlar qəbul ediləcək. Bu qərarlardan ən əhəmiyyətlisi iqlim maliyyəsidir. İqlim fəaliyyətini həyata keçirmək həddindən artıq bahalı prosesdir.
COP-a ev sahibliyi etmək hər bir ölkə üçün böyük maliyyə öhdəliyi ola bilər, lakin o, həm də beynəlxalq əməkdaşlıq, investisiya və iqlim liderliyini nümayiş etdirmək baxımından potensial faydalar gətirə bilər. COP29 Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və müəyyən məsələlərin həllində də mühüm rol oynayacaq”.
Ekoloqun sözlərinə görə, belə bir tədbirin Azərbaycanda keçirilməsi ilk növbədə, qlobal miqyasda ölkəmizin iddiasını ortaya qoyur. Bu, həmçinin “Yaşıl dünya naminə həmrəylik ili” ilə çox uzlaşır: “Bizim ölkə hazırda “Milli Töhvə” sənədini yenidən işləyir və sənədin əvvəlki formasından fərqli olaraq, daha iddialı məqsədləri qarşısına qoyur ki, ərazimizdəki karbon emissiyaları minimuma endirilsin. Builki COP29 yaşıl maliyələşmə ilə daha çox yadda qalacaq. Yaşıl maliyyələşmə gələcəkdə ölkələrin karbon emissiyalarını azaltmaq üçün hansı yaşıl maliyyə mexanizmləri işləməsi, mənbəyini haradan əldə etməsi ilə bağlıdır. Çünki karbon emissiyalarını azaltmaq ciddi maliyyə tələb edir. Elektrik avtomobillərinə, sıfır karbon texnologiyalarına keçid, günəş, külək elektrik stansiyalarının artırılması və bu yöndə digər bütün tədbirlər çox baha başa gəlir və böyük maliyyə resurslarının olması lazımdır. Bütün sadalanan məsələlər Azərbaycanda keçirilən beynəlxalq tədbirdə qlobal miqyasda araşdırılacaq və irəliyə doğru böyük addımlar atılacaq”.