Simonyanın iddiası beynəlxalq ictimai rəyi manipulyasiya etmək cəhdidir
Azərbaycan və Ermənistan sülh sazişi üzrə 16 bənddə tam razılığa gəlib. Bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan Parlamentlərarası İttifaqın 149-cu Assambleyasının ümumi müzakirələrində çıxışında deyib. Simonyan bildirib ki, sülh prosesi bir neçə ay əvvəl ciddi şəkildə başlayıb: “Azərbaycan beynəlxalq səviyyədə tanınmış 5 bənd üzrə razılaşmamızı istəyirdi, mən şadam ki, bu gün biz 16 bənd üzrə tam razılığa gəldik. Xanımlar və cənablar, yaxşılar artıq yaxşıların düşməni olmamalıdır. Sülh bərqərar etməyin vaxtı gəldi. Sülh vaxtıdır”.
Politoloq Asif Nərimanlı "Sherg.az"a deyib ki, razılaşdırılmayan bəndlər üzərindəki ziddiyyətli mövqe fonunda Simonyanın yalan danışdığı ehtimalı daha çoxdur. Analitikin sözlərinə görə, Azərbaycan sazişə paket formatında yanaşır və ötən həftə Prezident İlham Əliyev Moskvada “Bütün məsələlər razılaşdırıldıqdan sonra razılığa gəlmək olar” açıqlamasını verdi:
"Ötən bir həftədə nə Bakının, nə də İrəvanın mövqeyində korrektlər nəzərə çarpmayıb. Simonyanın bu iddianı irəli sürməsi diplomatik hiylə xarakteri daşıyır və Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 149-cu Assambleyasında bunu dilə gətirməsi beynəlxalq ictimai rəyi manipulyasiya etmək cəhdidir. Ermənistan bu cür manevrlərlə razılaşdırılmayan bəndləri kənara qoymaq, razılaşdırılmış bəndlər üzərində saziş imzalamaq hədəfinə beynəlxalq dəstək qazanmaq niyyətindədir. Və belə bir iddia Bakının cavab zərurətini yaradacaq ki, bu da İrəvana “Azərbaycan sülhdən yayınır” rəyini yaratması imkanı verir".