Elə gün gələr ki, indiki şərtlərlə sülhə nail olmaq Ermənistan üçün xəyala çevrilər
Xəbər verildiyi kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan uzun müddətdir ki, 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq, Rusiya Sərhəd Xidmətinin Zəngəzur dəhlizinə nəzarət etmək tələbindən imtina edirdi. Lakin bir neçə gün öncə Baş nazir Rusiya FTX-nin Sərhəd Xidmətinin dəhlizdə “monitorinq apara biləcəyini” elan etdi. Paşinyan bildirdi ki, Zəngəzur dəhlizində rus sərhədçilərin monitorinq aparmasına etiraz etmirlər: "Ermənistanın öz öhdəliklərini necə yerinə yetirdiyini görmək üçün Rusiya Federasiyasına bir növ monitorinq funksiyası verilə bilər". Baş nazirin sözlərinə görə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın heç bir bəndi Ermənistanın suveren hüquqlarının hər hansı məhdudlaşdırılmasını nəzərdə tutmur. Xatırladaq ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu ötən gün vurğulayıb ki, Türkiyə gələn il 224 kilometrlik hissənin çəkilişinə başlayacaq. Nazir deyib ki, İran məsələsində xeyli irəliləyiş var, son günlərdə Ermənistan tərəfində də inkişaf görünür. Son aylarda region ölkələrinin Zəngəzur dəhlizi ilə bağlı müzakirələri intensivləşib. Kremlin mətbuat katibi Dmitri Peskov da Zəngəzur dəhlizi mövzusunun region ölkələri arasında müzakirə olunduğunu söyləyib. Ekspertlərin qənaətincə, Paşinyanın açıqlaması Zəngəzur dəhlizi məsələsində geri addımı kimi qiymətləndirilə bilər. Kreml dəhlizə nəzarət məsələsində uzun müddətdir Paşinyana təzyiq edirdi, görünür, bu təzyiqin nəticəsi olub.
Millət vəkili, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı fikirlərini çox tez-tez dəyişir. Deputat vurğulayıb ki, baş nazir üçtərəfli bəyanatın 9-cu bəndini manipulyasiya edir:
"Paşinyan öz açıqlamasında 9-cu maddənin mətnini təhrif edir. Sözügedən maddəyə istinad edərkən "maneəsiz keçid" yox, sadəcə "keçid" sözünü istifadə edir. İddia edir ki, orada Rusiya sərhəd xidmətinin nəzarəti ilə bağlı heç bir ifadə yer almayıb. Həmçinin bildirir ki, Ermənistan dəhlizin təhlükəsizliyini özü təmin edəcək. Əslində, "təhlükəsizlik təminatı", "nəzarət" və "maneəsiz keçid" ifadələri ardıcıllıqla 9-cu maddədə çox aydın tekstdə verilib. Orada qeyd olunur ki, dəhlizin təhlükəsizliyinə Ermənistan təminat verir, dəhlizə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları həyata keçirir və nəticədə Azərbaycan maneəsiz keçid əldə edir. Məsələ belədir. Paşinyan isə "təhlükəsizlik və nəzarət" ifadələrinin semantik mənasını dəyişir. Təhlükəsizlik ümumi ifadədir və burada Ermənistan ərazisindən keçən nəqliyyatın, infrastrukturun təhlükəsizliyinin təmin edilməsindən söhbət gedir. Nəzarət isə konkret həyata keçirilən prosedurdur. Məsələn, ötən gün İran-Ermənistan sərhədində Rusiyanın nəzarət məntəqəsinin götürülməsi ilə bağlı razılıq oldu. Dəhlizə nəzarət o anlama gəlir ki, oradan yüklər və digər nəqliyyat vasitələri Rusiya sərhədçilərinin nəzarət-buraxılış prosedurlarından sonra keçəcək. Maneəsiz isə o deməkdir ki, Azərbaycan tərəfi öz ərazisinə, yəni Zəngilandan Naxçıvana maneəsiz və nəzarətsiz gediş-gəliş imkanına sahib olacaq".
Parlamentari qeyd edib ki, Paşinyan bunları qəbul etmək istəmir və fikir çaşqınlığı yaratmağa çalışır: "Ermənistan baş naziri əvvəlcə dedi ki, "Rusiya Federasiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının nəzarətini istisna etmir". Ancaq bir gün sonra Ermənistanın xarici işlər nazirinin mətbuat xidmətinin rəhbəri Ani Badalyan bunu təkzib etdi, bunun mümkünsüz olduğunu vurğuladı. Bu cür ziddiyyətli mövqelərin məqsədi vaxt udmaq, sülh prosesini qeyri-real ifadələr və diplomatik bəyanatlarla ləngitmək, yeni müharibəyə hazırlaşaraq Azərbaycan üzərində müəyyən üstünlük əldə etməkdir. Amma bu məqsəd Ermənistandan daha çox onu müharibəyə itələyənlərin - Fransanın, islamofob mərkəzlərin məqsədidir. Düşünürəm ki, bütün bu proseslərlə bərabər Ermənistan yaddan çıxarmasın ki, Azərbaycan Ermənistanı sülhə məcbur etmənin müxtəlif mərhələlərindən keçib. Növbəti mərhələdə təcili sülh lazım olacaqsa, Azərbaycan ən qısa müddətdə sülhü imzalamağa İrəvanı məcbur edəcək. Amma o zaman Ermənistan indiki şərtləri əldə edə bilməyəcək. Xatırlayırsızsa, 44 günlük müharibədən sonra Ermənistan peşmanlığını ifadə etdi və bildirdi ki, kaş Bakının əvvəlki tələblərini qəbul edərdilər. Elə gün gələr ki, indiki şərtlərlə sülhə nail olmaq Ermənistan üçün xəyala çevrilər".