Ermənistan tərəfi yalan danışır
Sahibə Qafarova Simonyanla görüşdən son anda imtina etməyib
“Səbəb odur ki, son zamanlar Nikol Paşinyan, eyni zamanda spiker Alen Simonyan Azərbaycana qarşı ittihamlar irəli sürürlər”
Ermənistan parlament rəhbəri Alen Simonyanla Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova arasında Cenevrədə planlaşdırılan görüş ləğv edilib. Ermənistan rəsmiləri Azərbaycan tərəfinin əvvəlcədən razılaşdırılmış görüşdən son anda imtina etdiyini deyib. Vurğulanıb ki, Simonyan bunun səbəbləri ilə bağlı əlavə izahatlar verəcək. Erməni spikerin mətbuat katibi Movses Arutyunyan da görüşdən imtina edən tərəfin Azərbaycan olduğunu iddia edib. Erməni tərəfi Azərbaycanı əsassız yerə ittiham etsə də, Bakının indiki şəraitdə mənasız görüşlərə razılıq verməməsi müəyyən səbəblərlə bağlıdır. Simonyan və Ermənistan rəhbərliyinin son zamanlar Azərbaycana qarşı sərgilədiyi qeyri-konstruktiv ritorika ortadadır. Azərbaycan tərəfi rəsmi görüşlərə yanaşmalarında konstruktiv dialoqu dəstəkləyir və Ermənistanın təxribatçı açıqlamaları və davranışları ilə bu mühitə zərbə vurduğu qənaətindədir. Xatırladaq ki, son zamanlar Alen Simonyan öz çıxışlarında Azərbaycana qarşı sərt bəyanatlar səsləndirib. O, Azərbaycanın suveren ərazisi olan Qarabağda qanunsuz erməni rejimini dəstəklədiklərini bir neçə dəfə açıq şəkildə ifadə edib. Bundan əlavə, Simonyan Azərbaycanın tələb etdiyi şərtləri qəbul etməyəcəklərini vurğulayıb. Yəni Azərbaycanın bu görüşdən imtinası Simonyanın və Ermənistan rəhbərliyinin konstruktiv addımlardan uzaq olması ilə bağlıdır. Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova və Alen Simonyan sonuncu dəfə bu ilin may ayında Parlamentlərarası İttifaqın Parlament Sədrlərinin VI Ümumdünya Konfransının Hazırlıq Komissiyasının birinci iclası çərçivəsində Cenevrədə görüşüblər.
Politoloq Elçin Xalidbəyli "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan Milli Məclis sədrinin Ermənistan parlamentinin rəhbəri ilə görüşdən imtina etməsi tamamilə haqlı səbəblərdən qaynaqlanır. Analitik vurğulayıb ki, rəsmi İrəvan hətta bu məsələdə belə yalan danışmaqdan çəkinmir, Azərbaycana qarşı böhtan atmaqdan özünü saxlaya bilmir:
"Məsələ ondadır ki, Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşdən son anda imtina etməyib. Azərbaycan tərəfi görüşdən bu görüşün keçirilməsi ilə bağlı təklif aldığı an imtina edib. Yəni bu, son anda baş verməyib. Elə təklif verilən kimi Azərbaycan görüşdən imtina edib. Bunun da səbəbləri rəsmi İrəvanın açıqladıqları ilə bağlı deyil. Səbəb odur ki, son zamanlar Ermənistanın Baş naziri Nikol Paşinyan, eyni zamanda Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycana qarşı ittihamlar irəli sürürlər, Azərbaycana qarşı böhtan xarakterli açıqlamalar verirlər və bununla da, belə görüşlərin effektiv olacağına şübhələr yaradırlar. Təbii ki, bütün bunları nəzərə alan rəsmi Bakı görüşlə bağlı təklifi aldığı an dərhal "yox" deyib. Çünki görüş xatirinə görüş keçirməyə heç bir ehtiyac yoxdur".
Siyasi şərhçi vurğulayıb ki, Ermənistanın mövqeyi qeyri-konstruktivdir: "Azərbaycana qarşı böhtan xarakterli açıqlamalarla situasiyanı gərginləşdirən rəsmi İrəvanla indiki şərtlər daxilində hər hansı görüşün pozitiv istiqamətdə irəliləyişlərə imkan yaradacağı qətiyyən inandırıcı görünmür. Azərbaycan ciddi dövlətdir. Ermənistan kimi qeyri-ciddi mövqeyə malik, qeyri-konstruktiv mövqeyə malik bir ölkənin parlament rəhbəri ilə heç bir pozitiv, normal nəticə verməyəcək. Bir görüşə zaman sərf etməməkdə rəsmi Bakı tamamilə haqlıdır".