Abutalıb Səmədov: “İran ərazisindən keçəcək yolun Zəngəzur dəhlizi ilə heç bir əlaqəsi yoxdur. Bu, alternativ yoldur”
"Zəngəzur dəhlizi ilə bağlı kifayət qədər problemlər var və burada çox iri dövlətlərin maraqları toqquşur". Bu barədə politoloq Abutalıb Səmədov deyib. Ekspert bildirib ki, bu yaxınlarda İranda İslam İnqilabının Keşikçiləri Korpusu hətta Rusiyanı, Türkiyəni müharibə ilə hədələdi:
"Bu il Zəngəzur dəhlizinin işə düşmə ehtimalı təbii ki, yoxdur. Ermənistan ərazisində müəyyən işlərin başlanması mümkün olmayacaq. Ermənistan özünün "Sülh kəsişməsi" deyilən layihəsini, yəni qəbul etməyəcəyimiz istiqamətləri bizə təklif edir. Bakı-Zəngəzur dəhlizinin İran sərhədinin yaxınlığından, 43 kilometrlik ərazidən keçməsini istəyirik. Digər yandan 10 noyabr sazişinin 9-cu bəndində Zəngəzur dəhlizinə nəzarətin Rusiya sərhədçiləri tərəfindən həyata keçirilməsi qeyd olunub. Bu məsələdə də razılaşma yoxdur. İran da kifayət qədər kəskin mövqe tutub. Ermənistanda isə Zəngəzur dəhlizi istiqamətində ümumiyyətlə heç bir iş başlanmayıb, heç sənədlər də hazırlanmayıb. Dəhlizin açılması 2-3 il, bəlkə də, daha artıq çəkə bilər. Təbii ki, işi sürətləndirmək mümkündür. Bunun üçün Qərb Ermənistana ciddi təzyiq göstərməlidir. Ukrayna müharibəsi də bitməlidir. Ukrayna müharibəsinin bitməsi isə Amerikadakı seçkilərdən asılı olacaq".
Analitikə görə, hadisələr Ukraynada müharibənin davam etməsinin qeyri-mümkün olduğunu göstərir: "Ya bu il, ya da çox güman ki, gələn il Rusiya-Ukrayna müharibəsi sülh sazişi, yaxud atəşkəs razılaşması ilə dayandırılacaq. Sonra Zəngəzur dəhlizinin açılması istiqamətində Rusiya bütün gücü ilə işə başlayacaq. Bundan sonra ciddi addımların atılması ehtimalı var. Hələlik Azərbaycan və Türkiyə əlindən gələni etsə də, Ermənistanda heç bir iş görülmür və müəyyən problemlər qalır. Vurğulayım ki, İran ərazisindən keçəcək yolun Zəngəzur dəhlizi ilə heç bir əlaqəsi yoxdur. Bu, alternativ yoldur. Zəngəzur dəhlizi Ermənistan ərazisindən keçməlidir. Bizim üçün əsas prioritet Zəngəzur dəhlizidir".