Ali dini liderdən təzyiq olmazsa, Azərbaycanla münasibətlər inkişaf edəcək
İran Prezidenti Məsud Pezeşkian Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə Tehrandakı görüşündə maraqlı fikirlər səsləndirib. Deyib ki, Azərbaycan qədər İrana yaxın olan ikinci ölkə yoxdur. "Azərbaycanla bizi ortaq tarix, mədəniyyət birləşdirir və biz Azərbaycanla daha yaxın olmalıyıq" deyən İran prezidenti Azərbaycanla daha böyük işlər görməyin vacibliyini vurğulayıb. Pezeşkian Azərbaycana qarşı səhvlərə yol verildiyini də etiraf edib: “Azərbaycanla olan bəzi anlaşılmazlıqları və problemləri anlayırıq və dərk edirik. Hesab edirəm ki, burada bizim də bəzi səhvlərimiz olub”. Qeyd edək ki, son dönəmlərədək Tehran-Bakı əlaqələri heç də hamar olmayıb, hətta zaman-zaman kifayət qədər gərgin müstəviyə qədəm qoyub. Lakin azərbaycanlı Məsud Pezeşkianın hakimiyyəti dönəmində İran-Azərbaycan əlaqələrinin normallaşacağı ehtimal olunur.
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan "Sherg.az"a deyib ki, İran-Azərbaycan əlaqələrinin, münasibətlərin möhkəmləndirilməsi hər iki dövlətin xeyrinədir. Ekspertin fikrincə, Azərbaycan kimi İran da səy göstərməlidir:
"Məsud Pezeşkiandan müsbət soraqlar gəlir, ancaq münasibətlə sözdə deyil, əməldə düzəlməlidir. Təbii ki, İranın səhvləri çox olub. Bu səhvləri düzəltmək, bir daha təkrar etməmək zəruridir. Hesab edirəm ki, Pezeşkian hökuməti dövründə Azərbaycan-İran əlaqələri ümumən normal olacaq. Yüksək səviyyədə olacağına inanmıram. Çünki bunu Pezeşkian istəsə də edə bilməz. İranda prezident tam səlahiyyətli şəxs deyil və ali dini liderə tabe olan nazir funksiyasını icra edir. Ölkənin ideoloji rəhbəri istəsə Azərbaycanla da münasibətlər ən azı Ermənistanla olduğu kimi yaxın və sıx olar. Fəqət, bu, təkcə İran prezidentinin səlahiyyətlərinə daxil deyil. Lakin istənilən halda Pezeşkianın Azərbaycanla yaxın və sıx münasibətlər qurmağa cəhd edəcəyi, bunda maraqlı olması məlumdur. Əgər imkan versələr, müəyyən nəticələr ola bilər".
T.İrfana görə, Türkiyə və Azərbaycan prezidentləri ilə telefon danışığında Azərbaycan dilində danışmaqdan çəkinən Pezeşkian İraq Kürdüstanında ona farsca verilən suala kürdcə cavab verib: "Bu hadisə Pezeşkianın Türkiyə və Azərbaycanla arada məsafə saxladığını göstərir. Dildə, üzdə, görüntüdə səmimi və xoş sözlər deyilsə də, çox irəli gedilmir. Pezeşkianın əsas, həlledici mövzularda fərqli mövqe ortaya qoyub-qoymayacağını zaman göstərəcək. Onun Azərbaycan nümayəndələri ilə görüşdəki etirafları həm də özündən əvvəlkilərin Azərbaycanla münasibətlərə həssas yanaşmadıqlarının etirafıdır. Pezeşkian əvvəlki səhvləri düzəldəcəyini deyir. Təkrar edirəm, ali dini liderdən təzyiq olmazsa, Azərbaycanla münasibətlər inkişaf edəcək".