Tokayev ölkəsini sülh platforması kimi təqdim edir

O, Qazaxıstan ərazisindəki görüşlərin sülh sazişi imzalanana qədər davam etdirilməsinin tərəfdarıdır

  Qazaxıstan bundan sonra da Azərbaycan və Ermənistan arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistan Prezidenti Vaaqn Xaçatryanı Astanada qəbul edərkən deyib. Tokayev Qazaxıstan tərəfinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqlar üçün Almatı platformasını təmin etməyə hazır olduğunu təsdiqləyib. Xatırladaq ki, mayın 10-u Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar baş tutub.
  Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanla Ermənistan arasında danışıqlara ölkəsinin ev sahibliyi təklifini israrla gündəmə gətirir. Onun sözlərinə görə, Tokayev sentyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngində eyni təklifi səsləndirib: 

"Prezident İlham Əliyev Azərbaycan üçün Astanada iki ölkə arasında bu danışıqların aparılması təklifinin məqbul olduğunu qeyd edib. Yəni əgər Ermənistanın Baş naziri Nikol Paşinyan Tokayevin təklifini qəbul etsə, yaxın müddətdə görüşlər Astana və ya Almatıda başlaya bilər. Bu, hamı üçün faydalı olar. Cənubi Qafqaz və Türküstan uğrunda mübarizə aparan dövlətlərin hər birinin Qazaxıstanla yaxşı münasibətləri var. Tokayev ölkəsini birdəfəlik görüş yeri kimi deyil, platforma kimi təklif edib. Yəni Tokayev Azərbaycan və Ermənistan rəsmiləri və diplomatları arasında Qazaxıstan ərazisindəki görüşlərinin sülh sazişi imzalana qədər davam etdirilməsinin tərəfdarıdır".