Gürcüstanda seçki öncəsi gərginlik artacaq

Kollektiv Qərbin proseslərə ciddi təsirlərinin olması mümkündür

  26 oktyabrda Gürcüstanda parlament seçkiləri keçiriləcək. Seçkilər ölkənin demokratik inkişafı və Avropaya inteqrasiya kontekstində xüsusi əhəmiyyət kəsb edir. Amma kifayət qədər gərginlik müşahidə olunur qonşu ölkədə seçki öncəsi. Daxili çaxnaşma ilə yanaşı, xaricdən təzyiqlər, basqılar da artır. Xüsusən "agent haqqında" məlum qanundan sonra Qərbin "Gürcü Arzusu" hökumətinə münasibəti tamam dəyişdi. ABŞ-dən sonra Böyük Britaniya da Tbilisi ilə əlaqələri dondurub. Ciddi sanksiyalardan söhbət gedir. Bu arada Gürcüstan Prezidenti Salome Zurabişvili deyib ki, Gürcüstan Rusiya hökuməti (Putin administrasiyası) tərəfindən idarə olunur. Prezident hakim “Gürcü Arzusu” Partiyasını oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin nəticələrini saxtalaşdırmaqda ittiham edib. Zurabişvili hesab edir ki, 2012-ci ildən hakimiyyətdə olan “Gürcü Arzusu” Rusiyadakı kimi hədə-qorxu taktikası əsasında kampaniya aparır: “Bu, sıradan seçki deyil, Avropa gələcəyi ilə Rusiyanın keçmişi arasında seçimdir”.
  Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Gürcüstanda demokratiya və onun Avropa İttifaqına gedən yolu üçün həlledici sınaq olacaq növbəti parlament seçkilərinin nəticələrini gözləməyi təklif edib. Onun sözlərinə görə, xarici işlər nazirləri Moldova və Gürcüstanda planlaşdırılan seçkiləri müzakirə ediblər: “Hazırda Gürcüstanda hakim partiyanın son hərəkətləri, bəyanatları və seçki vədləri ölkəni Avropa yolundan uzaqlaşdırır və avtoritarizmə keçidə işarə edir. Məhz buna görə də Aİ-yə üzvlük prosesi faktiki olaraq dayandırılıb. Bilirsiniz ki, Komissiya Avropa maliyyələşdirməsinə çıxışla bağlı qərarlar verir. Gəlin Gürcüstanda demokratiya və onun Avropa İttifaqına gedən yolu üçün həlledici sınaq olacaq növbəti parlament seçkilərini gözləyək”, - deyə Cozep Borrell qeyd edib. Ölkə müxalifəti 20 oktyabr tarixində paytaxt Tbilisidə "Gürcüstan Avropa İttifaqını seçir!" adlı genişmiqyaslı yürüş mitinqi elan edib. Təşkilatçılar bildiriblər ki, 26 oktyabr parlament seçkiləri tarixi bir şansdır və bu şansı Gürcüstan xalqı əldən verməyəcək və Avropa İttifaqı ilə parlaq gələcəyi seçəcək.
  Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov da "Sherg.az"a deyib ki, 26 oktyabrda keçiriləcək seçkilərin Gürcüstandakı siyasi proseslərə təsiri qaçılmazdır. Ekspert vurğulayıb ki, Gürcüstan hökumətinin dayaqları çox da möhkəm deyil

"Gürcüstan hakimiyyəti "xarici agent" haqqında qanun qəbul etsə də, ölkə daxilində ciddi qərbmeyilli qüvvələr var. Onlar bu və ya digər formada maliyyələşdirilir. Qərb Tbilisiyə təzyiqlər göstərsə də, münasibətləri dondursa da, arxa fonda mövcud hökumətə qarşı müxalifət ciddi şəkildə maliyyələşdirilir. Ona görə də hesab edirəm ki, budəfəki seçkidə, daha doğrusu, seçkinin nəticələrində kollektiv Qərbin ciddi təsirlərinin olması mümkündür. Hətta sabiq Prezident Mixail Saakaşvilinin həbsxanadan çıxması və hakimiyyətə gəlişi də istisna edilmir. Gürcüstandakı biznes şəbəkəsinin üzərində Qərb dominantdır. Bu da seçki daxil olmaqla ölkədə bir çox məsələlərə ciddi təsir imkanları deməkdir. O baxımdan qonşu ölkədə proseslər Qərbin lehinə dəyişə bilər".