“Gürcüstan ilə Azərbaycan arasında normal qonşuluq, dostluq münasibətləri var və bu əlaqələr getdikcə inkişaf etməkdədir”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında siyasi şərhçi Tural İrfan Gürcüstanda keçiriləcək parlament seçkilərini şərh edərkən bildirib.
O söyləyib ki, Gürcüstan və Azərbaycan dövlət başçılarının görüşləri, danışıqları, müxtəlif sahələrdə hər iki ölkənin qarşılıqlı münasibətləri onu deməyə əsas verir ki, bu əlaqələr gələcəkdə daha da möhkəmlənəcək:
“Cənubi Qafqazda Azərbaycan və Gürcüstan vasitəsi ilə bir çox iqtisadi layihələr həyata keçirilib və bu da hər iki ölkənin daha da yaxınlaşmasına zəmin yaradıb. Eyni zamanda xalqlarımız arasında böyük bağ var. Sovet dövründə və ondan əvvəlki dövrlərdə gürcü və Azərbaycan xalqı arasında mədəni, sosial, iqdisadi əlaqələr olub. Hakim partiyanın bu seçkilərdə qələbə şansı daha yüksəkdir. Müxtəlif xarici təsirlər ölkələr arsındakı münasibətlərə zərbə vurmaq istəsələr də köklü, dərin münasibətlərə xələl gətirə bilməzlər. Azərbaycan bir çox məsələlərdə Gürcüstana qonşuluq, dostluq, tərəfdaşlıq naminə güzəştli davranıb. Gürcüstan da bütün bu kimi məsələlərdə Azərbaycanın maraqlarını nəzərə almaqda məsuldur. Cənubi Qafqazda aparıcı güclərdən öncülü kimi Azərbaycan ilə Gürcüstan daha da yaxınlaşmaqda maraqlı olmalıdır. Çünki Qarabağ probleminin həllini təkbaşına bacaran bir qüdrət ilə yaxınlaşmaq, həm regionda həm də dünyada yalnız iqtisadi və digər sahələrdə irəliləyişə gətirib çıxaran amillərdəndir. Odur ki, bir çox dövlət məhz Azərbaycanın qələbəsindən sonra ölkəmizlə daha da sıx münasibətlər qurmağa can atdı və bu indi də belədir. Belə olduğu halda Gürcüstanda da hakimiyyətə hansı mövqedə olan şəxsin gəlməsindən asılı olmayaraq Azərbaycanla yalnız müsbət münasibətlər faydalı hesab olunur”.