İstanbulda sülh sazişi masada olacaq

“3+3” formatında üçüncü görüş indiki qarışıq və gərgin məqamda bir çox məqamlara aydınlıq gətirəcək 


  Dünən xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfərə yola düşüb.
XİN-dən verilən xəbərə görə, səfər çərçivəsində nazir Ceyhun Bayramov 18 oktyabr tarixində İstanbul şəhərində keçiriləcək “3+3” formatında görüşdə iştirakı və çıxışı nəzərdə tutulub.
Səfər çərçivəsində həmçinin ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.
  İstanbulda Cənubi Qafqaz ölkələri xarici işlər nazirlərinin “3+3” formatlı görüşündə rəsmi Ankaranın Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının imzalanması, habelə buna paralel olaraq Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına dəstəyi ifadə olunacaq.
 “TRT Haber” kanalı  xəbər verir ki, keçiriləcək görüşdən sonra birgə bəyanat qəbul ediləcək.
Sənəddə regional problemlərin və siyasi mübahisələrin tərəflər arasında bilavasitə dialoq, BMT-nin Nizamnaməsi, suverenlik, ərazi bütövlüyü, siyasi müstəqillik, sərhədlərin toxunulmazlığı, eləcə də insan hüquqlarına hörmət prinsipləri çərçivəsində həllinin vacibliyi vurğulanacaq.
  Toplantı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanın Azərbaycan, Rusiya, İran və Ermənistanın XİN başçıları ilə ikitərəfli müzakirələri nəzərdə tutulub.
  Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 18-də İstanbulda Azərbaycan, Ermənistan, Rusiya və İranın xarici işlər nazirlərinin iştirakı ilə “3+3” formatında üçüncü  görüşün keçiriləcəyini bildirib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova xarici işlər naziri Sergey Lavrovun görüşdə iştirakını təsdiqləyib. Ermənistan Xarici İşlər Nazirliyi də nazir Ararat Mirzoyanın görüşdə iştirak edəcəyini deyib. Gürcüstan isə hər zamankı kimi bu görüşdən də imtina edib. Budəfəki toplantı Cənubi Qafqazda və Yaxın Şərqdə baş vermiş hadisələr fonunda keçirilir. İkinci görüş keçiriləndə Azərbaycan antiterror tədbiri keçirmiş, HƏMAS İsrailə hücum etmişdi. Ancaq onda bu hadisələr yenicə baş verdiyindən bəzi məsələlərə aydınlıq gətirilməmişdi. Budəfəki toplantıda Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan XİN başçılarının ikitərəfli, hətta Azərbaycan-Türkiyə- Ermənistan nazirlərinin üçtərəfli görüşü də istisna olunmur. Tərəflər arasında müzakirə olunacaq məsələlər isə yetərincədir. Erməni türkoloq Mger Abramyan deyib ki, "3+3" formatında görüş Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün müqəddimə ola bilər. Onun sözlərinə görə, “3+3” platformasında sülh müqaviləsi layihəsinin hələ razılaşdırılmamış məqamları müzakirə oluna bilər ki, bu da yekun sənədin imzalanmasını yaxınlaşdırar: “Türkiyə və Azərbaycan çox güman ki, birgə hərəkət edəcək və Ermənistan rəhbərliyi və XİN isə müəyyən razılığa gələ bilər. Sonra daha bir görüş olacaq, orada bu müqavilə kağız üzərində təsbit ediləcək”. Abramyanın fikrincə, əgər əvvəllər Azərbaycan sülh sazişində tələsirdisə, indi Ermənistan tələsir və rəsmi Bakının təkid etdiyi bütün şərtləri və məqamları qəbul etməyə hazır kimi görünür. Bu, ilk növbədə Azərbaycana, sonra isə Türkiyəyə sərfəlidir: “Rusiya Ukrayna böhranı ilə məşğul olduğu, Qərb Ermənistanla Azərbaycan arasında “sülh göyərçini” roluna can atdığı bir vaxtda Türkiyənin regionda öz mövqelərini möhkəmləndirməsi üçün çox əlverişli şərait yaradılır, İran isə öz sərhədlərini qorumağa və Zəngəzur vasitəsilə dəhliz yaradılmasının qarşısını almağa çalışır. Türkiyə bölgəyə müharibə ilə “girdi”, sonra yumşaq gücə keçdi”.
  Politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, İstanbulda keçiriləcək "3+3" formatında görüşün regionun gələcəyi baxımından əhəmiyyəti böyükdür. Ekspertin sözlərinə görə, "altılıq" formatı region ölkələri üçün ən vacib və prioritet məsələ hesab olunmalıdır:

 "Gürcüstanın bu formatdan kənarda dayanması buna ehtiyacının olmamasından yox, Rusiya ilə problemləri səbəbindəndir. Gürcüstanın iştirak etməməsi səbəbindən hələlik "3+2" formatında olan görüşlərin yaxın dövrlərdə "3+3" olacağı qaçılmazdır. Hesab edirəm ki, "3+3" formatı Gürcüstanda baş tutacaq seçkilərdən sonra mümkün olacaq". 
  Analitik vurğulayıb ki, Azərbaycanın irəli sürdüyü bu format region ölkələri üçün də vacib formatdır: "Bu, regiondan kənar qüvvələrin regiona daxil olmasının qarşısını alan formatdır. Eyni zamanda region ölkələrinin bölgəyə baxışını müəyyənləşdirən formatdır. Bu cür regional əməkdaşlıq formatlarından kənar dayanmaq Cənubi Qafqazın gələcəyinə xoş niyyətlərlə baxmamaq deməkdir. Ümid edirik ki, regionda belə dövlət olmayacaq. "3+3" formatı çəçrivəsində keçiriləcək görüşlərin və aparılacaq müzakirələrin nəticəsi indiki qarışıq və gərgin məqamda bir çox məqamlara aydınlıq gətirəcək. Xüsusən, Ermənistanın mövqeyindəki dalğalanmalar fonunda belə görüşlər mühümdür".