Ermənilərin qayıdış məsələsi beynəlxalq dəstək ala bilmədi  - RƏY

Zaxarovanın Azərbaycan-Ermənistan arasında davam edən sülh danışıqları haqqında kifayət qədər bilgili olduğu görünür


  “Xankəndi Azərbaycan ərazisidir və orada bu ölkənin qanunları işləyir”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə erməni jurnalistin guya Azərbaycanın erməni əhalisinin öz evlərinə qayıtmaması üçün Xankəndidə evləri sökməsi ilə təxribat xarakterli sualını cavablandırarkən deyib. Zaxarova erməni jurnalistə onu da xatırladıb ki, Azərbaycan erməni əhalisinə Qarabağa qayıtmaq imkanı yaradıb: "Anladığım qədər, söhbət Azərbaycan ərazisindən gedir. Orada bu ölkənin qanunları işləyir. Biz dəfələrlə öz evlərini tərk edən əhalinin ora qayıtması üçün konstruktiv addımları qeyd etmişik. Biz azərbaycanlı həmkarlarımızla ikitərəfli təmaslar zamanı bu məsələni müzakirə etmişik. Bir daha qeyd etmək istəyirəm ki, geri qayıtmaq imkanı yaradılıb". Ekspertlər Zaxarovanın açıqlamasını Kremlin mövqeyi olmaqla yanaşı, Ermənistan tərəfinə növbəti ismarıc kimi də dəyərləndirirlər.

  Vəhdət Partiyasının sədr müavini  Vasif Əfəndiyev "Sherg.az"a açıqlamasında bildirib ki, Rusiya XİN sözçüsü Mariya Zaxarovanın erməni jurnalistin təxribat xarakterli sualına cavabı beynəlxalq hüquqa əsaslanır. Ekspertin fikrincə, sualı cavablandıran Zaxarovanın Azərbaycan-Ermənistan arasında davam edən sülh danışıqları haqqında kifayət qədər bilgili olduğu görünür:

"Son bir ildən bəri Ermənistan tərəfi Fransanın aktiv dəstəyi ilə Xankəndiyə ermənilərin yenidən qayıtması məsələsini gündəmə gətirməyə çalışsa da, ciddi beynəlxalq dəstək ala bilmədi. Ermənistan tərəfi bu uğursuz gedişlərin perspektivsiz olduğunu anlayanda çox gec olacaq. Zaxarovanın sərgilədiyi mövqe həm də Rusiyanın rəsmi mövqeyidir. 10 noyabr sazişindən sonra Putin Administrasiyası yalnız beynəlxalq hüquqa söykənən bəyanatlar verir. Rusiya hakimiyyətinin bu mövqeyi əlbəttə ki, bizə sevgidən irəli gəlmir. Dünyada baş verən proseslər və Azərbaycanın Türkiyə, Böyük Britaniya, İsrail və bir şox Avropa ölkələri ilə ikitərəfli münasibətləri regionda güclənməyimizə səbəb oldu. Hazırda Qərbdən müəyyən təzyiqlərlə üzləşirik. Bu təzyiqlərlə mübarizə aparmaq üçün demokratiya və insan haqları sahəsinə daha çox diqqət ayırmalıyıq. Siyasi partiyalarla konstruktiv əməkdaşlıq olmalıdır. Ölkədə 5-10 sosial bazası olan partiyalarla əməkdaşlıq çox vacibdir. Partiyaların dövlətin həm daxili, həm də xarici siyasətdə öhdəlikləri olmalıdır. Ciddi idarəetmə və seçki islahatı aparılmalı, Azərbaycan parlamentli idarəetmə sisteminə keçməlidir".