Hindistan İrəvandan alət kimi istifadə edir

Nəticə olmayacaq

Görünür, Dehlinin addımları hələ ki Ermənistanın işinə yarayır

  Hindistan Ermənistanı silahlandırmaqda davam edir. Hindistanın Müdafiə Nazirliyi Ermənistana "Pralay" kvaziballistik raketlərinin satışına icazə verib. Dehli yaxın vaxtlarda bu raketlərin Ermənistana tədarükü ilə bağlı müqavilə bağlamağı da planlaşdırır. Məsələ ondadır ki, Hindistan 300 kilometrdən çox mənzilli raketləri və 500 kiloqramdan çox çəkisi olan döyüş başlıqlarını ixrac etməmək barədə öhdəliklər götürüb. Bu o deməkdir ki, indiki şəraitdə "Pralay"ın İrəvana transferi mümkün deyil. Ona görə də Hindistan bu raketlərin azaldılmış mənzilə uyğunlaşdırılması üzərində fəal işləyir. "Pralay" raket sistemləri ortamənzillidir. Mənzili 300-500 km arasındadır, 500 kq-dan çox partlayıcı başlığı daşıya bilir. "Pralay" hind dilində "qiyamət günü" mənasına gəlir. Səbəbi isə onun nüvə başlığı da daşımaq qabiliyyətində olmasıdır. Bir də mobil sistem olduğu üçün fərqli döyüş maşınlarının üzərində quraşdırıla bilir. Hərəkətdə olan maşının üzərindən də atılması mümkündür, yəni tez-tez yeri dəyişdirilə bilir. Özünü gizlətmək qabiliyyəti var, təyin olunması nisbətən çətindir. Bu raket sistemləri daha çox strateji hədəfləri qarşı-qarşıya döyüşə girmədən (yol, körpü, aerodrom, elektrik stansiyası, hərbi hissə və s.) vurmaq üçün istifadə olunur. Ekspertlərə görə, bu raketin Ermənistan ordusunun inventarına daxil olması ciddi təhdid deməkdir. Qeyd edək ki, Vaşinqtonda səfərdə olan Ermənistan Ordusunun Baş Qərargah rəisi Edvard Asryanla ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braunla görüşüb. Görüşdə ikitərəfli maraq doğuran məsələlər müzakirə olunub. Tərəflər müdafiə sahəsində Ermənistan-ABŞ əməkdaşlığının inkişaf etdiyini qeyd ediblər. Braun bildirib ki, ABŞ Ermənistan Silahlı Qüvvələrinin transformasiyası və islahatları prosesinə dəstəyini davam etdirəcək. Eyni zamanda görüşdə birgə tədbirlərin davam etdirilməsinin vacibliyi müzakirə olunub və regional təhlükəsizliklə bağlı bir sıra məsələlərə də toxunulub. 
  Politoloq Azər Niftiyev "Sherg.az"a deyib ki, Hindistanın Ermənistanı silahlandırmasının bir çox səbəbləri var. Ekspertin sözlərinə görə, birinci səbəb əhali sayına görə dünyada birinci yer tutan Hindistanın inkişaf səviyyəsinə görə geridə qalmasıdır:

"Xüsusən, Azərbaycanın müstəqil siyasi kursu, düşünülmüş diplomatiyası, "Bir yol, bir kəmər" layihəsi çərçivəsində güclü Çinlə yaxınlığı, sıx əməkdaşlığı Hindistanı qarşı cəbhədə olan Ermənistanla əməkdaşlığa sövq edir. Təbii ki, bu əməkdaşlıqda ilk növbədə hərbi sahə üstünlük təşkil edir. Beynəlxalq münasibətlər sisteminin gərginləşdiyi bir şəraitdə öz öhdəliklərinə əməl etməmək Hindistan kimi dövlətlərdə vərdiş halı alıb. Müşahidə aparsaq, görərik ki, Avropa ölkələri, Fransa da bu təcrübədən yararlanır. Paris də son dönəmlərdə öz ambisiyaları üçün beynəlxalq öhdəliklərdən məqsədli şəkildə yayınırlar, tərəfli mövqe nümayiş etdirirlər. Eyni zamanda Azərbaycanla Türkiyənin qardaş münasibətləri də Dehlini ciddi narahat etməkdədir. Azərbaycan Türkiyə ilə yaxınlığına görə də təzyiq göstərirlər. Əlbəttə, burada söhbət Hindistanın Ermənistana sərmayə yatırmasından getmir. Dehli İrəvandan alət kimi istifadə edir və bu da Ermənistanın işinə yarayır. O cümlədən ABŞ və Fransa kimi dövlətlər də Ermənistanla hərbi əməkdaşlığı gücləndirərək öz maraqlarını təmin etməyə çalışırlar. Bunlar nəticəsiz qalacaq. Gec-tez İrəvan da, onların dəstəkçiləri də əməllərinin boş, mənasız olduğunu anlayacaqlar. Ancaq Hindistan kimi ölkələrin indi sərgilədikləri mövqe Azərbaycanla əlaqələrə ciddi mənfi təsirini göstərəcək".