“Bakı hücum edəcək” iddialarının tirajlanması siyasi və hərbi məqsədlərin tərkib hissəsidir
İrəvanın “Azərbayan Ermənistana qarşı hərbi planlar qurur” iddiaları intensivləşib. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bu iddianı Varşava forumunda beynəlxalq ictimaiyyətə təqdim edib, ardınca erməni rəsmiləri və mediası aktiv şəkildə gündəmə gətirib. Son olaraq, Baş nazir Nikol Paşinyanın partiyasında sədr müavini olan Vaaqn Aleksanyan “Azərbaycanın Ermənistana hücum üçün zəmin hazırladığı” iddiası ilə çıxış edib.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, COP29 ərəfəsində sülh müqaviləsinin imzalanmasına təkid edən rəsmi İrəvanın paralel şəkildə “Bakı hücum edəcək” iddialarını tirajlaması siyasi və hərbi məqsədlərin tərkib hissəsidir:
"Sülh müqaviləsi layihəsini yarımçıq imzalamağa çalışan İrəvan Bakının “bütün bəndlərin razılaşdırıldığı müqavilə” yanaşmasını “sülhə qarşı olmaq” kimi göstərməyə çalışır. “Ermənistana hücum edəcək” iddiaları ilə Azərbaycanı ittiham altına salmaq, diqqəti Bakının sazişlə bağlı mövqeyindən yayındırmaq istəyir. Bu, siyasi hədəfdir. Hərbi hədəf isə odur ki, Ermənistan bu iddialarını “isbatlamaq” və “hücum edən tərəf” kimi Bakıya qarşı beynəlxalq təzyiqi gücləndirmək məqsədilə kiçik çaplı da olsa, sərhəddə təxribatlara əl ata bilər. Bunu məhz COP29 tədbiri (yaxud tədbir ərəfəsində) zamanı edəcəyi ehtimalı ön plandadır. COP29 zamanı mümkün təxribatlarla qarşıdurma yaratmaq İrəvana iki istiqamətdə sərfəlidir. Azərbaycanı “hücum edən tərəf” kimi göstərməklə beynəlxalq iqlim tədbirində sülh sazişinin imzalanması çağırışı edən oyunçuların Bakıya təzyiq siyasətinə sövq etmək. Məqsəd Azərbaycanın “COP atəşkəsi” təşəbbüsünü zədələmək, Bakının imicini və əldə edə biləcəyi dividendləri sıradan çıxarmaqdır. Mümkün təxribatlarda COP-un Bakıda keçirilməsinə etiraz edən və hazırda tədbir üzərindən Azərbaycana qarşı kampaniya aparan qüvvələr, ölkələr də maraqlı tərəfdir".