Paşinyanın Zəngəzura nəzarətlə bağlı açıqlaması xarici tapşırıqdır
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin tapşırığı ilə yaradılan üçtərəfli işçi qrup bu istiqamətdə böyük iş görüb. Azərbaycanın əsas hissəsindən və Naxçıvandan Ermənistanın Zəngəzur vilayətindən tranzit olmaqla dəmir yolu əlaqəsinin blokdan çıxarılmasının əsas parametrləri razılaşdırılıb. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizinə ancaq monitorinq funksiyasının Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə verilə biləcəyi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib. XİN rəsmisi qeyd edib ki, üçtərəfli razılaşmaların alternativi yoxdur və bu istiqamətdə işləməyə davam edirlər. Qeyd edək ki, Ermənistan tərəfi üçtərəfli bəyanatın 9-cu bəndinə qarşı çıxaraq, Rusiya Sərhəd Xidmətinin Zəngəzur dəhlizinə nəzarət etmək tələbindən imtina edirdi. Ancaq maraqlıdır ki, Paşinyan öz inadından dönüb və bildirib ki, Zəngəzur dəhlizində rus sərhədçilərin monitorinq aparmasına etiraz etmir: "Ermənistanın öz öhdəliklərini necə yerinə yetirdiyini görmək üçün Rusiya Federasiyasına bir növ monitorinq funksiyası verilə bilər". Ötən gün türkiyəli rəsmilər də Zəngəzur dəhlizinin Türkiyədən keçən 224 kilometrlik hissənin çəkilişinə başlanılacağının anonsunu verdilər. Analitiklərə görə, Paşinyanın açıqlaması Zəngəzur dəhlizi məsələsində geri addımı kimi qiymətləndirilə bilər.
Politoloq Ramiz Alıyev "Sherg.az"a açıqlamasında deyib ki, sonuncu açıqlama istisna olmaqla Baş nazir Nikol Paşinyan bütün çıxışlarında bildirirdi ki, Zəngəzur dəhlizinin açılmasına o halda razı olar ki, yolun təhlükəsizliyinin təmin olunması və nəzarəti Rusiya tərəfindən yox, Qərb ölkələri, yaxud Ermənistanın özü tərəfindən həyata keçirilsin. Ekspert vurğulayıb ki, son günlərdə Ermənistanın baş nazirinin Zəngəzur dəhlizinə nəzarətlə bağlı səsləndirdiyi ifadələr bəzi şəxslərdə təəccüb doğursa da, əksəriyyətin təəccübünə səbəb olmadı:
"Ona görə ki, Ermənistan baş nazirinin təzadlı çıxışları həddindən artıq çoxdur. Bir siyasətçi kimi onun fikirlərinə inanmaq, qəbul etmək doğru olmaz. Paşinyanın bu gün söylədiyi sözlər sabah tam əks fikirlərlə əvəzlənir. Hesab edirəm ki, Ermənistanın baş nazirinin açıqlaması inandırıcı deyil. Ermənistan rəhbərliyi birmənalı olaraq müstəqil qərar verə bilmir. ABŞ və Fransa Zəngəzur dəhlizinin nəzarətini üzərinə götürmək istəyir. Dəhlizdən iqtisadi baxımdan yararlanmaq niyyəti güdürlər. Eyni zamanda Qərb dəhlizə nəzarət funksiyasını Rusiyaya verməklə Moskvadan tələb edir ki, vaxtı ilə ruslara verilmiş Ermənistan dəmiryolları qaytarılsın. Təbii ki, daha sonra ABŞ və Fransa dəmiryol xətlərini öz əllərinə keçirəcəklər. Bunları nəzərə alsaq, görərik ki, proseslər Ermənistanın ziyanınadır. Gələcəyini, inkişafını düşünən hər bir dövlət öz maraqlarını düşünürək addım atırlar, təkliflər verirlər. Yəni Paşinyanın dəhlizə nəzarətlə bağlı açıqlaması Qərbin tapşırığı ilə verilmiş bəyanatdır. Vurğulanır ki, əgər Rusiya Qərbin şərtləri ilə razılaşarsa, Zəngəzur dəhlizinə nəzarət edə bilər".
R.Alıyev diqqətə çatdırıb ki, Qərbin İrəvana verdiyi vədlər ölkəni uçuruma aparır: "Ermənistan artıq dalandadır. Qərb nə qədər dəstək olsa da, Ermənistan qonşu dövlətlərlə əlaqələri normallaşdırmazsa, onun inkişafından, uğurundan söhbət gedə bilməz. Ermənistan Azərbaycanla sülh sazişi bağlamayıb, Türkiyə ilə münasibətləri normallaşmayıb. Üzdə görünən odur ki, Rusiya ilə də münasibətlər yaxşı deyil. Yüksək rəsmilər belə bir-birilərinə qarşı tənqidi fikirlər səsləndirirlər. Əslində isə reallıq göstərir ki, Ermənistan-Rusiya iqtisadi əlaqələri həddindən artıq inkişaf edib. İki ölkə arasında ticarət dövriyyəsi daha da çoxalıb. Bu da bizi düşünməyə vadar edir ki, bu, necə münasibətlərin gərgin olmasıdır? Qərb dövlətləri Rusiyaya sanksiya tətbiq etsələr də, öz şirkətləri aldıqları tapşırığa əsasən Ermənistan şirkətləri ilə əlaqə quraraq Rusiya ilə biznes layihələri həyata keçirirlər".