Gün kimi aydındır
Sərhəd təxribatların içində Avropa İttifaqının mülki missiyası da yer alır
Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki müşahidə missiyası öz fəaliyyəti və tərkibinə görə mülki missiya olmaqdan çıxıb. İndi daha çox hərbi missiya kimi fəaliyyət göstərir. Aİ bu istiqamətdə yeni təxribat üsuluna əl atıb və "binokl diplomatiyası" yerinə yetirir. 2022-ci ilin dekabrından başlayaraq formalaşdırılan bu təsisatın əsas fəaliyyəti təxribat törətməyə hesablanıb. Sərhəd boyu gəzinti etmək, durbinlə Azərbaycan ərazilərinə baxmaq ciddi fəaliyyət olmamaqla yanaşı, mənfur planların göstəricisidir. Ona görə də bu fəaliyyətin Fransa başda olmaqla, kollektiv Qərbin Cənubi Qafqaz maraqlarının tərkib hissəsi olduğu şübhə doğurmur. Əbəs deyil ki, Prezident İlham Əliyev də Belçika Krallığının ölkəmizə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən "binokl diplomatiyası"nın qəbuledilməz olduğunu bildirib: "2022-ci ilin oktyabrında Praqada Azərbaycan ona razılıq vermişdi ki, bu missiya 2 ay orada qalsın və istefaya çıxmış məhdud sayda hərbi zabitlərdən ibarət olsun. Lakin bu missiyanın müddəti uzadıldıqda bizimlə heç kim məsləhətləşmədi. İndi də əlavə müddətə uzadılması istiqamətində müzakirələr aparılır. Missiya üzvlərinin davranışı, necə deyərlər, "binokl diplomatiyası" heç cür qəbuledilməz və hər hansı bir normal siyasi mədəniyyət standartlarından kənar idi. Biz Avropa İttifaqı ilə təmaslarda bu məsələni qaldıracağıq".
Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu "Sherg.az"a açıqlamasında deyib ki, Avropa İttifaqının mülki missiyasının fəaliyyətinin birinci müddəti də başa çatdıqdan sonra ortaya heç bir hesabat, heç bir nəticə qoyulmadan missiyanın müddəti ikinci dəfə artırıldı. Professorun sözlərinə görə, vaxtilə mülki missiyanın deməli, regiona göndərilməsi təklif olunanda buna əsas razılığı Ermənistan verdi. Azərbaycan belə bir missiyaya ehtiyac duymurdu:
"Bizim mövqeyimiz aydın idi və şərtlərimiz beynəlxalq hüquq normaları ilə tam uyğunlaşırdı. Mülki missiyanın regiona göndərilməsi Avropanın, Qərb strukturlarının regionda öz mövcudluqlarını təmin etməyə hesablanmışdı. Yəni bu da regionda mövcudluğun bir mexanizmi idi. Paşinyan Qərbin təsiri altındadır, ona görə də missiyanın müddətinin uzadılması Qərb tərəfindən təklif olunarsa, baş nazir ona qarşı gəlməyəcək. Zaman-zaman müşahidə etmişik ki, mülki missiya region ölkələrinə, xüsusilə də Azərbaycana münasibətdə uyğun olmayan fəaliyyətlə məşğuldur. Missiya ərazilərimizi müşahidə edir, məlumatlar toplayır. Ermənistanın təxribatları zaman da müşahidə edirdik ki, Avropa İttifaqının mülki missiyası çox operativ şəkildə Ermənistanın təxribatlar törətdiyi ərazilərdə olurdu. Bu da ona dəlalət edirdi ki, Ermənistanın lehinə, Azərbaycanın əleyhinə materiallar toplanılırdı. Sanki bu təxribatların içində Avropa İttifaqının mülki missiyası da yer alırdı. Düşünmək üçün kifayət qədər əsas var ki, Avropa İttifaqının mülki missiyası nə birinci fəaliyyəti, nə də ikinci fəaliyyəti müddətində heç bir əməli işlə məşğul olmadı. Onun fəaliyyəti sadəcə kəşfiyyat məlumatlarını toplamaqdan ibarət oldu. İkinci səlahiyyət müddəti dövründə Avropa İttifaqının mülki missiyasının hesabatı da maraqlı olardı. Görək hansı məlumatları ortaya qoyacaqlar? O zaman mülki missiyanın əsas fəaliyyəti haqqında daha aydın təsəvvürlərimiz olacaq. Müşahidələrimiz isə artıq bu təsəvvürləri formalaşdırıb".