Ermənistan sərhədindən çıxan rus əsgərləri əvəzində dəhlizə nəzarət edəcəklər
"Zəngəzur dəhlizinin təhlükəsizliyi və yola nəzarət məsələsində qarşılıqlı razılaşmalar mümkündür". Bu barədə politoloq Turab Rzayev deyib. Ekspertin sözlərinə görə, Ermənistan uzun müddətdir israrla tələb edir ki, rus sərhədçiləri ölkənin sərhədlərini tərk etməlidirlər:
"Paşinyan çalışır ki, Ermənistanın dövlət sərhədləri erməni əsgərləri, sərhədçiləri tərəfindən mühafizə olunsun. Rusiya bu və ya digər formada İrəvanın bəzi tələblərini qəbul etsə də, Zəngəzur dəhlizinə birbaşa nəzarət məsələsində israrlıdır. Həm də Rusiyanın əlində üçtərəfli bəyanat və Baş nazir Nikol Paşinyan tərəfindən imzalanmış sənəd var. Sırf bu məsələ tərəflər arasında dilemmaya çevrilib. İrəvan və Moskva 2020-ci ildən bu yana yolun təhlükəsizliyinin təmin olunması və nəzarət məsələsində razılığa gələ bilmirlər. Görünür, son günlərdə Ermənistan və Rusiya rəhbərliyi arasında bu məsələ müzakirə olunub və müəyyən razılıq əldə ediblər".
Analitik vurğulayıb ki, böyük ehtimal, Paşinyan o şərtlə Rusiyanın tələbi qarşısında yumşalıb ki, bunun əvəzində rus qoşunlarının Ermənistan sərhədlərini tərk etməsinin razılığını alıb: "Əks halda Zəngəzur dəhlizində israr edən Rusiya öz sərhədçilərini İran-Ermənistan sərhədindən asanlıqla çıxartmazdı. Faktiki olaraq sərhəddən çıxan rus əsgərləri əvəzində dəhlizə nəzarət edəcəklər. Son vaxtlar müşahidə olunan odur ki, Zəngəzur dəhlizi sanki Qərb dövlətləri üçün əhəmiyyətini itirib, Rusiya daha çox istəkli, həvəslidir. Amma yəqin ki, İrəvan Qərbdən bu anlaşmanın da razılığını alıb".