Azərbaycanla Ermənistan arasında müzakirə edilən sülh sazişi layihəsinə İrəvanın Bakıda həbsxanada saxlanılan erməni terrorçu-separatçılarla bağlı maddə daxil edilməsinə imkan verilməyib. Bu barədə məlumatı Ermənistan mediası yazıb. “Hraparak” nəşri yazıb ki, müqaviləyə məhbuslarla bağlı bəndin salınması məsələsi müzakirə olunub, Azərbaycan öz etirazını bildirib, Paşinyan buna razılaşıb. Mənbəmiz deyir ki, Paşinyan əslində özünü lazımsız başağrısından xilas edib. Eyni zamanda Əliyev bu addımı ilə Qarabağın “hərbi və siyasi liderləri”nin hərbi əsirlər deyil, ağır cinayətlərə görə mühakimə olunan terrorçular olması ilə bağlı iddialarını əsaslandırmış olub.
Millət vəkili Fazil Mustafa “Sherg.az”a söyləyib ki, əslində sözügedən məsələ məntiqlidir:
“Belə olan halda Azərbaycan gərək sülh gündəliyinə işğalla bağlı baş verən bütün hadisələri salsın. Həmçinin itkin düşən şəxslərimiz və şəhidlərimizin hamısı barədə buraya ayrı-ayrı maddələr əlavə edək. Bu isə sülh sazişinin imzalanmasına problemlər yarada bilər. Bu absurd ideyanı isə Ermənistan cəmiyyətində Nikol Paşinyan özünü sığortalamaq üçün irəli sürüb. Amma nəticə etibarilə həmin məsələ heç Ermənistanın maraqlarına da uyğun deyil. Digər tərəfdən Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsi cinayətkarların məsələsini müzakirə edib, bununla bağlı qərar qəbul etməyənə qədər həmin məsələ kiminsə müzakirə mövzusu ola bilməz. Onlar gələcəkdə Azərbaycanın cəzaçəkmə müəssələrində cəzalarını çəkməlidirlər. Terrorçunun hansısa şəkildə sülh müqaviləsiylə əlaqələndirilməsinin heç bir məntiqi izahı yoxdur. Azərbaycanda bununla bağlı hansısa anlaşmaya getməyəcək”.