Avropa Parlamentinin Azərbaycana qarşı həmişə qərəzli olduğu, indi də sifariş yerinə yetirdiyi, bu qurumun korrupsiya yuvası olması, müxtəlif lobbi maraqlarından çıxış etməsi hər kəsə məlumdur. Azərbaycana qarşı qərəzli kampaniyalarla çıxış edən Avropa İttifaqı ölkələrinin özündə insan hüquqları problemləri geniş şəkildə yayılıb. Aİ-də hökm sürən islamafobiya, ifrat sağçılıq, turkofobiya heç bir halda insan haqlarına xidmət etmir. Artıq təşkilatda ukraynafobiya da yaranır. Avropada hakimiyyət orqanlarının günahı üzündən miqrantların kütləvi ölüm halları baş alıb gedir. Siyasi mülahizələrlə həbs edilmiş şəxslər, o cümlədən Yeni Kaledoniyada öldürülən və həbs olunanlar – etiraz hərəkatını yatırmaq üçün Fransanın 11 nəfər fəalı həbs etməsi Avropanın bir daha reallıqdan uzaq olduğunun göstəricisidir. Məsələn, sentyabrın 6-da Fransada “sarı jiletlilər” (Gilets Jaunes) yenidən etiraz nümayişlərinə başladılar. “sarı jiletlilər” Vətəndaş Təşəbbüsü Referendumunun (RİC) Konstitusiyaya daxil edilməsi, əsas mediaların qərəzsiz olması, ümumi qiymət artımının - elektrik, qaz, ərzaq, benzin kimi gündəlik tələbatların qiymətinin artırılmasının qarşısının alınması, vergilərin azaldılması və digər tələblər irəli sürüblər. Onların tələbləri arasında, həmçinin Fransanın Avropa İttifaqından, eləcə də NATO-dan çıxmaqla bağlı referendumun keçirilməsi yer alır. “Sarı jiletlilər” bu dəfə inflyasiya nəzərə alınmaqla maaşların və pensiyaların artırılmasını, Ukrayna və Yaxın Şərqdə münaqişəyə son qoyulmasını tələb edərək, Ukraynaya hərbi qüvvələrin göndərilməsinə qarşı olduqlarını bildiriblər. Bu kimi müxtəliz zamanlarda baş verən etiraz aksiyaları zamanı xeyli sayda Fransada sarı jiletlilər həbs olunub və yaxud öldürülüb. Digər tərəfdən isə neokolonilaizm kimi iyrənc tarixi təcrübə davam etsə də, Aİ insan hüquqları komissarı bu barədə heç zaman danışmır.
Milli Məclisin deputatı Elman Nəsirov “Sherg.az”a deyib ki, ölkəmizə qarşı kordinasiyalı şəkildə bir neçə istiqamətlər üzrə təzyiqlər başlanılıb:
“Bu təzyiqlərin mənbələri sırasında Amerika Birləşmiş Ştatlarının Konqresi, ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, xüsusilə də ABŞ-də olan lobbi dairələri üstünlük təşkil edirlər. Burada əsas səbəb ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam və qəti şəkildə təmin olunmasıdır. COP29 beynəlxalq tədbirini isə həmin qüvvələr bir fürsət kimi qiymətləndirirlər və Azərbaycan dünyanın diqqət mərkəzində olduğu bir reallıqda dezinfirmasiya maşınını işə salırlar. Avropa Parlamenti Azərbaycana qarşı həyata keçirilən kampaniyaların ön sıralarında dayanır. Avropalı parlamentarilərin bir qismi ermənidən daha çox erməni xislətlərini ortaya qoyurlar. Eyni zamanda Avropa Parlamentində bir araya gələrək Azərbaycana qarşı absurd, tənqidə dözməyən yanaşmalar tətbiq edirlər. Azərbaycanı Qarabağı işğal etməklə ittihamlayırlar. Deməli, Azərbaycan öz torpaqlarını işğal edib. Bu nə qədər gülünc bir fikir və cəfəngiyatdır. Digər tərəfdən isə Azərbaycanı Qarabağda ermənilərə qarşı etnik təmizləmədə günahlandırırlar. Halbuki ermənilərin hamısı Qarabağdan könüllü şəkildə çıxıb gediblər”.
Parlamentari bildirib ki, ölkəmizə qarşı təzyiq kampaniyasını həyata keçirənlər sanksiyalar rejimi ilə Azərbaycana təhdid göstərirlər:
“Onlar Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un boykod olunması, rəsmi Bakı ilə Avropa İttifaqının imzaladığı qaz kontraklarına yenidən baxılması kimi məsələləri dilə gətirirlər. Sözügedən sonuncu iddia ağacda oturub, onun budaqlarını kəsməyə bənzəyir. Avropanın enerji təhlükəsizliyinin Azərbaycanın yeni alternativ enerji mənbəsi olduğu bir vaxtda Avropalı parlamentarilər Aİ-nın qlobal mövqeyini kənara qoyaraq dar erməni maraqlarına xidmət göstərirlər. Çünki korrupsiyi girdabında çabalayırlar. Belə olan halda “əl əli yuyar, əl də üzü” prinsipi ilə hərəkət edirlər. Avropa parlamentariləri erməniləri maliyyələşdirirlər, ermənilər də onların sifarişini yerinə yetirirlər. Ona görə də Avropa Parlamenti və korrupsiya sözləri sinonim sözlər kimi qəbul olunur. Bu isə Avropa üçün faciəli bir gerçəklikdir. Avropa dəyərlərini parlamentarilərin özləri ayaqları altına atıb tapdalayırlar”.