Gürcü Arzusu Partiyası oktyabrın 26-da keçirilən parlament seçkisində ən böyük etnik qrupların səslərini almağı bacarıb. Ermənilərin yaşadığı Cavaxetiyada və azərbaycanlıların olduğu Kvemo Kartli bölgəsində üstünlük Gürcü Arzusunda olub. Hətta Gürcü Arzusu hər iki bölgədə bütün Gürcüstan üzrə ən yaxşı nəticələrini göstərib. Qeyd edək ki, Gürcüstan müxalifəti artıq seçkilərin nəticələrini tanımadığını elan edib. Tezliklə ölkədə etiraz aksiyalarının keçirilməsinin anonsu verilib. Gürcüstan hökuməti isə aksiyalara və ya dövlət çevrilişi cəhdinə sərt reaksiya veriləcəyini bildirib. Eyni zamanda Avropa ölkələrinin liderləri seçkiylə bağlı sərt münasibətlərini açıqlayıblar. Onlar seçkilərin saxtalaşdırıldığını bildirib və nəticələri tanımaqdan imtina ediblər. Söyləyiblər ki, Gürcüstandakı seçkilərlə bağlı geniş yayılmış qanun pozuntularını, seçicilərin sıxışdırılmasını, hədə-qorxu və qeyri-bərabər şərtləri sənədləşdirən hesabatı onları narahat edir. Seçki prosesinin ədalətli olması ilə bağlı qeyri-müəyyənlik etimadı sarsıdır və bu həll edilməlidir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev “Sherg.az”a bildirib ki, Azərbaycan parlamentinin 8 deputatından ibarət müşahidə missiyası da seçkilərdə iştirak etdi:
“Seçkilərlə bağlı müxtəlif Kütləvi İnformasiya Vasitələrinə, Azərbaycan KİV-lərinə məlumatlar verildi. Gürcüstanda 300 minə qədər azərbaycanlı yaşayır. Əsas məsələlərdən biri azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli bölgəsində olan 5 rayonda da səsvermənin ən yüksək səviyyədə olmasıdır. Azərbaycanlıların birgə yaşadığı bölgədə səsvermədə iştirak faizi 50 %-dən yuxarı olub, soydaşlarımız öz iradələrini ortaya qoyublar. Soydaşlarımıza bir daha təşəkkür edirik ki, Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin regional siyasətini dəstəklədilər. Azərbaycanlı seçicilərin hakim partiyanın ümumi səslərinin formalaşmasında 7-8 faiz payı var. Bugünkü günə artıq hakim partiyanın siyahısı ilə 2, müxalifətdən isə 1 soydaşımızın deputat seçildiyi barədə məlumat var. Bu qədər deputat yerinin olması xüsusi əhəmiyyət kəsb edir. Parlament seçkilərində hakim partiyanı dəstəkləyənlər bu gün sülhə, müharibənin əleyhinə, Qərbin ortaya tulladığı anomal dəyərlərin əleyhinə səs verdilər. Seçkilərin nəticəsi də Gürcüstanda Qərbin həyata keçirməyə çalışdığı və regionda ayırıcı xətlərin yaradılması siyasətinə zərbədir. Baxmayaraq ki, Gürcüstanın Konstitusiyasında da avrointeqrasiya təsbit olunub, amma Qərb ümumən regionda hegemonluq etmək istəyir və bu yöndə siyasət yürütməyə çalışır. Gürcü xalqı isə bu seçkidə öz sözünü dedi, müstəqil mövqeyini ortaya qoydu”.
Deputat vurğulayıb ki, Azərbaycanın daxili və xarici siyasəti müstəqil və dönməzdir:
“Bizə qarşı təsir mexanizmlərindən istifadə edə bilmədikləri üçün Qərb diqqəti Ermənistan və Gürcüstana yönəltməyə çalışdı. Ancaq Gürcüstanda da fiaskoya uğradılar. Bu mənada Gürcüstanda soydaşlarımızın aktiv iştirak etdiyi parlament seçkilərinin nəticələri regionun parçalanmasının qarşısını aldı. Bir daha dünya gördü ki, ermənilərin hansı siyasət yürütməsinə baxmayaraq, azərbaycanlılar və gürcülər Qərbin müstəmləkəsinə çevrilmək istəmirlər, bu siyasət bizim ölkələrdə baş tutmayacaq. Bu gün tarixi köklərə söykənən Gürcüstan-Azərbaycan birliyi var. İki ölkə də böyük layihələrdə tərəfdaşdır. Məlumdur ki, bizim böyük şirkətlər Gürcüstanda çox ciddi layihələr həyata keçirir. Biz birlikdə güclüyük və öz maraqlarımızı müdafiə etməyə qadirik. Yeni seçilən Gürcüstan parlamenti ilə də Milli Məclis, dostluq qrupları səviyyəsində bundan sonra əməkdaşlıq etməyə davam edəcəyik. Həmçinin Gürcüstanda yaşayan soydaşlarımızın problemlərini müzakirə edəcəyik və problemlərin həlli üçün addımlar atılacaq. Birmənalı şəkildə bu gün Gürcüstanda keçirilən seçkilərin nəticələri Azərbaycanla Gürcüstan arasında olan münasibətlərin inkişafına təkan verəcək amil kimi səciyyələndirilməlidir”.