Fransa qırmızı cizgini keçdi -Elmar Məmmədyarovdan ŞOK AÇIQLAMA

Makron hakimiyyəti kəşfiyyatçılarını öz bayrağı altında Azərbaycanın sərhədində yerləşdirməyə başlayıb
 
 
 Oktyabr ayının əvvəlindən Avropa İttifaqının "müşahidəçi”lərinin Azərbaycanla sərhədə baş çəkməsi halları artıb. Daha bir qrup Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına gətirilib. Maraqlıdır ki, "Report”un əldə etdiyi kadrlardan açıq görünür ki, indiyədək "müşahidəçilər” Avropa İttifaqına məxsus avtomobillərdə hərəkət etdiyi halda, bu gün sərhədə gələn 3 avtomobildən birinin üzərində Fransa bayrağı dalğalanıb. Sərhəd kəndə gələn avtomobillərdə 6 nəfər mülki geyimli şəxs olub. Bu şəxslərin Fransanın kəşfiyyat orqanlarının əməkdaşları olduğu da istisna deyil. Görünür, Fransa artıq Aİ adı altında maskalanmadan kəşfiyyat orqanlarının əməkdaşlarını açıq şəkildə öz bayrağı altında Azərbaycanla sərhəddə yerləşdirməyə başlayıb. Bu, Ermənistanda revanşist qüvvələrə dəstək verən və yeni müharibəyə sövq edən Fransanın regionda sülh prosesinə zərbə vurmaq istiqamətində atdığı növbəti addımdır.

 Sabiq xarici işlər naziri Elmar Məmmədyarov “Sherg.az”a söyləyib ki, Fransa kəşfiyyatı sərhədə gəlmək üçün Ermənistan hökumətindən heç nə soruşmur: 

“Onların özləri gəlir və istədikləri kimi orada hərəkət edirlər. Eyni zamanda Fransa kəşfiyyatçılarının sərhədə gəlməsi ilə bağlı Ermənistanla razılığa da gələ bilərlər. Amerika Birləşmiş Ştatları, Fransa, İran və Rusiyadan olan kəşfiyyat orqanları Ermənistan, Azərbaycan sərhədlərinə gəlməklə məlumat toplayırlar. Fikrimcə, sözügedən məsələni Parisdə də qaldıraraq Fransanın Azərbaycandakı səfirini çağırıb kəşfiyyatçıların sərhəddə olmasının düzgün olub-olmadığını müəyyənləşdirmək lazımdır. Əgər düzgün məlumatdırsa, onlardan soruşmaq lazımdır ki, həmin kəşfiyyatçılar sərhəddə nə iş görürlər? Bundan sonra həmin istiqamətdə dərin müzakirələr aparmaq və qırarlar vermək gərəkir”.

 E.Məmmədyarov onu da vurğulayıb ki, artıq Ermənistan da Azərbaycanla birbaşa danışıqların aparılmasının vacibliyini dərk edir:
“Sülhlə bağlı müəyyən razılığa gəlmək mümkündür, amma indiki vəziyyətdə yekun sülh sənədini imzalamaq olmaz. Çünki Ermənistan əvvəlcə konstitusiyasını dəyişməlidir. Gələcəkdə Ermənistan Baş naziri Nikol Paşinyanın yerinə kimsə gələ bilər və həmin şəxs iddia qaldıra bilər ki, sözügedən sülh sənədi ona aid deyil”.