
Kənar dövlətlər Cənubi Qafqaza müdaxilədən əl çəkmir
21:00 31.10.2024
Siyasət
537
Səfirin digər ölkənin sərhədinə gedib, binoklla müşahidə aparması absurd və izahsızdır
Ötən gün Azərbaycan sərhədinə - Nerkin Hand kəndinə gələrək mövqelərimizi izləyən Fransa bayraqlı avtomobil bu ölkənin Ermənistandakı səfirliyinə aid imiş. Fransanın Ermənistandakı səfiri Olivye Dekottini şərti sərhədlərə gələn avtomobillərin fransız kəşfiyyatçıları olması ilə bağlı xəbərlərə etirazını bildirərək, sərhədimizə özünün gəldiyini deyib. Qeyd edək ki, Fransa Ermənistana artıq hərbi attaşesini də təyin edib və AB “missiyası” adlanan qurumda bu ölkənin xüsusi xidmət orqanlarında çalışmış onlarla zabiti xidmət edir. "Fransız kəşfiyyatçıları" sözü səfirin xətrinə dəysə də, Fransanın Ermənistandakı səfirliyinin casusluq fəaliyyətini himayə və birbaşa koordinasiya etdiyi istisna edilə bilməz. Yəni bir səfir Zəngəzura gəlirsə, Azərbaycanla sərhədi müşahidə edirsə, adətən bu barədə - səfərin məqsədi, kimlərlə hansı səbəbdən görüşəcəyi və ya görüşdüyü barədə yerli mediada məlumat yayılır. Ancaq Fransa səfiri, nədənsə, Azərbaycan sərhədinə gələrkən, heç bir məlumat yaymamaq qərarı verib. Belə çıxır ki, Azərbaycan mediası məlumatları tirajlamasaydı, ümumiyyətlə, Dekottini səfəri haqda açıqlama vermək ehtiyacı duymayacaqdı. Əlbəttə ki, səfirin digər ölkənin sərhədinə gedib, binoklla müşahidə aparması absurd və izahsızdır.
Millət vəkili Elman Məmmədov "Sherg.az"a açıqlamasında deyib ki, Fransa son 300 ildə işğalçı-müstəmləkəçi dövlət rolunu oynayıb. Deputatın sözlərinə görə, fransızlar Amerika qitəsindən tutmuş, Avropa, Afrika və Avstraliyaya kimi ancaq işğalçılıq və müstəmləkə siyasəti ilə məşğul olublar:

"XXI əsrdə də Fransa müstəmləkəçi dövlətdir və bu, faktdır. Ona görə də hesab edirəm ki, bu sözlər Fransanın xətrinə dəyməz. Çünki bu, reallıqdır. Digər yandan Avropa İttifaqının "mülki missiyası" sırf keçmiş hərbçilərdən, jandarmeya əməkdaşlarından, kəşfiyyatçılardan ibarət qrupdur. Yəni "şpion qrupu"dur. Aİ-nin "xüsusi missiyası"nın Ermənistana gəlməkdə məqsədi nədir? İrəvanı şirnikləndirməklə Azərbaycanla Ermənistan arasında müharibəni yenidən alovlandırmaq istəyirlər. Bütün bu hərəkətlər ona istiqamətlənib. Vaxtaşırı Azərbaycanla şərti sərhədlərə gələrək binokllarla "müşahidələr" aparırlar. Biri uzanıb şəkil çəkdirir, digəri daşların arasına girib oyun çıxarır. Min cür meymunluq edirlər. Erməni tərəfindən öyrədilmiş əsgər, yaxud bunların öz adamı Azərbaycan hərbçisinə atəş açsın və adekvat cavabını alsın. "Missiya" üzvləri də dərhal hay-həşir salsın ki, "qoymayın, Azərbaycan əsgəri Aİ missiyasını hədəfə alıb". Azərbaycan üçün xoşagəlməz vəziyyət yaratsınlar. Ciddi-cəhdlə buna hazırlıq görürlər. "Missiya"nın sayı, silahları gündən-günə artır. Bu, Cənubi Qafqazda yeni münaqişə ocağının alovlanmasına gətirib çıxaracaq".
Parlament üzvü vurğulayıb ki, kənar dövlətlər Cənubi Qafqaz bölgəsinə müdaxilədən əl çəkməlidirlər: "Avropa İttifaqı adlı saxtakar, riyakar təşkilatın rəhbərliyindən, üzvlərindən soruşmaq lazımdır ki, siz müstəqil və suveren dövlətlərdən nə istəyirsiz? Niyə öz işləri məşğul olmurlar, bizim daxili işlərimizə burunlarını soxurlar? Artıq vəziyyət elədir ki, Azərbaycan və Ermənistan rəhbərliyi heç bir kənar vasitəçi olmadan, ikitərəfli danışıqlar aparır, istənilən məsələni müzakirə edirlər. Əgər iki dövlət özü sərbəst əlaqə qurursa, sülh danışıqlarını aparırsa, kənar dairələrin burada nə iti azıb? İmkan versinlər, region ölkələri qonşuluq şəraitində əməkdaşlıq etsinlər. Bədbəxt Ermənistanın başına bir dəfə oyun açmısınız. Birinci Dünya müharibəsi zamanı Osmanlını parçalamaqla ermənilərə "dövlət" qurmaq vədi verdiniz. Nəticəsi hamıya bəllidir. İndi yenə də revanşist, başı boş, uydurma vədlərə inanan, qonşulara qarşı namərdliklə, xainliklə məşğul olan erməni toplumunu təhrik etməklə məşğuldurlar. Kanadanın Cənubi Qafqazda nə işi var? Azərbaycanın tərəqqisini, artan nüfuzunu, gücünü niyə həzm edə bilmirsiniz. Qarnınıza nə azar dolub? Onların bütün yaramaz, murdar cəhdlərinə, beynəlxalq hüquqa zidd hərəkətlərinə baxmayaraq, Azərbaycanı heç bir güzəştə məcbur edə bilməzlər. Azərbaycan öz tədbirlərini vaxtında görür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq