Azər Həsrət: Heç kəs Türk xalqlarının daha sıx birləşməsinə şübhə etməsin

Türk dünyasının əbədi olması üçün güclü iradə bu masadakı bütün dostlarımda var. Biz təşkilatımızı daha da irəli aparacağıq. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündəki çıxışında deyib. Ərdoğan bildirib ki, Cənubi Qafqazda 30 illik münaqişədən sonra sülhün qapıları açılıb. Ümid edirik ki, Azərbaycan tarixi uğurlarını tezliklə sülh sazişi ilə masa üzərində möhkəmləndirəcək. 

Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a bildirib ki, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu sözləri gələcəyə yönəlik inamın növbəti ifadəsidir:

“Həqiqətən də Türk Dövlətləri Təşkilatının başçıları bundan sonrakı mərhələdə daha sıx birləşərək bundan da güclü Türk dünyası qurmaq əzmindədir. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğısıztan və Özbəkistanın prezidentləri həqiqətəndə sözügedən məsələdə çox əzmkardırlar. Heç kəs Türk xalqlarının daha sıx birləşməsinə şübhə etməsin. Çünki bizim gələcək və xilasımız Türk dövlətlərinin birliyindən keçir. Türk xalqları ayrı-ayrı olduqda zəif düşürlər və həmin zaman düşmənlərimiz bizi rahat şəkildə əzir. Amma Türk dövlətləri birlik olandan sonra dünya bizimlə hesablaşıb. Rəcəb Tayyib Ərdoğan Qarabağda savaş vəziyyətinin bitməsini, Azərbaycanın öz torpaqları üzərində nəzarəti bərpa etməsini vurğulamaqla dünyaya və Türk dünyasına çağırış edir ki, biz birlik olanda ən müşkül məsələləri belə həll edirik. Bişkekdə keçirilən görüş TDT-nın həyatında yeni mərhələdir, bundan sonra həmin birliyi daha fəal şəkildə daha da gücləndirməliyik”.